Bu il aprelin 22-də Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin birinci partiyası Türkiyənin Ceyhan limanından tankerə yüklənərək dünya bazarına göndərilib. Qazaxıstan neftinin ilk partiyasının Ceyhan limanından yola salınması SOCAR və “KazMunayQaz” arasında tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli nailiyyətdir. Bu hadisə Xəzər neftinin dünya bazarlarına nəqli üçün əsas marşrut kimi BTC boru kəmərinin strateji rolunu göstərərək regional enerji əməkdaşlığının əhəmiyyətini bir daha sübut edir.
SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-nin bununla bağlı yaydığı məlumatda bildirilib ki, “Tengiz” yatağından hasil edilən 83,2 min ton (665 min barel) neft Ceyhan limanında “Alatau” tankerinə yüklənib. Yükləmə mərasimində SOCAR, “KazMunayQaz”, “Tengizşevroil”, “Kazmortransflot” və onların törəmə şirkətlərinin nümayəndə heyətləri iştirak ediblər.
Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və Qazaxıstanın “KazMunayQaz” şirkəti arasında hər il 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. SOCAR Qazaxıstan neftini BTC boru kəmərinə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisi və ətrafında toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini xeyli artırıb.
Qazaxıstan neftinin BTC ilə nəqlinə isə 2023-cü ilin mart ayında başlanılıb. Belə ki, “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası “Prezident Heydər Əliyev” tankeri ilə ötən ayın 23-də Aktau limanından Səngəçal terminalına çatdırılıb. Həmin vaxtdan etibarən Aktau limanından Səngəçal terminalına neft tədarükü davamlı şəkildə həyata keçirilib. Yeri gəlmişkən, Ceyhan limanında Qazaxıstan neftinin növbəti partiyasının tankerə yüklənməsi 2023-cü ilin may ayının sonuna planlaşdırılır.
Ötən həftə, həmçinin Qazaxıstan neftinin Ceyhandan Rumıniyaya nəqlinə başlanılıb. Bu barədə Qazaxıstanın “Kazinform” informasiya agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, “KazMunayQaz” ASC-nin rəhbəri Maqzum Mirzəqaliyev Qazaxıstan neftinin Rumıniya istiqamətində daşınmasına başlanması ilə əlaqədar Ceyhan limanında olub. Şirkət rəhbəri Rumıniyada yerləşən və “KazMunayQaz”a məxsus “Petomidia” neft emalı zavodu üçün Qazaxıstan neftinin daşınması prosesini izləyib. “Bu gün biz yerli neft-qaz sənayesi üçün əlamətdar tədbirdə iştirak edirik. Axı, təsadüfi deyil ki, dövlət başçısı Qazaxıstan neftinin tədarükü üçün yeni marşrutların yaradılmasına bu qədər diqqət yetirir. Bu mənada sevindirici haldır ki, Azərbaycanın SOCAR şirkəti ilə müqavilələrimiz praktiki icra müstəvisinə keçib. Bu, əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərdən xəbər verir”, – deyə Maqzum Mirzəqaliyev bildirib.
Məlumatda, həmçinin qeyd olunur ki, “KazMunayQaz”ın rəhbəri tədbirdə iştirak edən “Tengizchevroil” şirkətinin rəhbərliyinə Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə nəqlin şərtləri ilə bağlı uğurlu danışıqlar üçün təşəkkür edib.
Qeyd edək ki, Ceyhan terminalından həcmi 80 min ton olan ilk neft partiyası “NMSK Kazmortransflot” MMC-yə (KMQ-nin törəmə müəssisəsi) məxsus “Alatau” yerli tankeri ilə daşınır. Aprelin 20-dək Aktau limanından BTC ilə Azərbaycan ərazisindən daşınması üçün 86 min ton neft Qazaxıstan nefti yola salınıb. Bütövlükdə isə, 2023-cü ilin sonunadək Xəzər dənizi ilə ayda 12–14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.
Bununla belə, Qazaxıstan yaxın gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəmərinin potensialından daha geniş şəkildə yararlanmağı hədəfləyir. Xatırladaq ki, bu il aprelin 10-da Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin mühüm tərkib hissəsi sayılan energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı ətraflı müzakirə olunmuşdu. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hazırda enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsinin ölkəsi üçün prioritet vəzifə olduğunu diqqətə çatdıraraq qazax neftinin ilk partiyasının Azərbaycandan keçməklə göndərildiyini bildirmiş, növbəti addımın tədarük həcminin artırılması və bu işlərə uzunmüddətli sabit xarakter verilməsi ilə bağlı olduğunu vurğulamışdı.
Ondan bir qədər əvvəl, aprelin 7-də Bakıda keçirilən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclasının nəticələri ilə bağlı imzalanmış protokolda da Azərbaycanın öz ərazisi vasitəsilə Qazaxıstan neftinin dünya bazarlarına daşınmasının həcmini artırmağa hazır olduğu qeyd olunmuşdu.
Qazaxıstan Baş nazirinin müavini–ticarət və inteqrasiya naziri Serik Jumanqarin isə Bakıda jurnalistlərlə söhbət zamanı Bakı–Tbilisi–Ceyhan boru kəmərinin 40 faiz yükləndiyini diqqətə çatdıraraq demişdi ki, orada hələ də təxminən 20 milyon ton mümkün ötürmə gücü qalmaqdadır. Baş nazirin müavini ölkəsinin bunu birgə əməkdaşlıq çərçivəsində hədəflədiyi həcm kimi dəyərləndirmişdi.
Yeri gəlmişkən, bu ilin yanvar-mart aylarında Bakı–Tbilisi–Ceyhan kəməri vasitəsilə Türkiyə ərazisindən 54 milyon 810 min barel neft nəql edilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,94 faiz çoxdur. Bu barədə məlumatı Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkəti yayıb. Məlumata görə, ötən ilin müvafiq dövründə BTC kəmərilə Türkiyə üzərindən 50 milyon 778 min barel neft nəql edilib.
Qeyd edək ki, ildə təqribən 60 milyon ton neft nəql etmə imkanına malik olan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ilə Türkmənistan nefti də nəql olunur. Ekspertlər isə hesab edirlər ki, Xəzəryanı ölkələrin neftnin BTC vasitəsilə nəqli tranzit ölkə kimi Azərbaycana yüksək gəlirlər vəd edir. Göründüyü kimi, ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində həyata vəsiqə alaraq real fəaliyyət sahəsinə çevrilmiş Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin regional və beynəlxalq əhəmiyyəti ildən ilə artır. Elə ölkəmizlə enerji sahəsində əməkdaşlığa xüsusi önəm verən Qazaxıstan da yaxın illərdə öz neftini dünya bazarına çıxarmaq üçün BTC-yə daha çox ümid bəsləyir.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”