“Daşnaksütyun” partiyasının rəsmi təmsilçisi, deputat İşxan Saqatelyan Vaşinqtona səfərində İrəvandakı mövcud hakimiyyətin antimilli siyasəti nəticəsində daşnakların ölkədən uzaqlaşdırıldığını bəyan edib.
Ölkə daxilində və xaricdə dayaqları laxlamış separatçı-terrorçu “Daşnaksütyun” partiyası emissarını ABŞ-a göndərib. Axı, dünyadakı erməni lobbiçilərinin koordinasiyası mərkəzi, qərargahı hesab olunan Amerika Erməniləri Milli Konqresi (ANCA) məhz orada yerləşir. Elə daşnak Saqatelyanın “zəngin səfər proqramı” barədə məlumatı ANCA yayıb. Məlumatda deyilir ki, irəvanlı qonaq onlarla ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi “Azadlığa dəstək Aktı”na “907-ci düzəliş”in saxlanması, ABŞ-n Azərbaycana hərbi yardımının dayandırılması, hətta onun hərbi rəhbərliyinə sanksiyaların tətbiqi məsələlərini müzakirə edib.
Əslində, İşxan Saqatelyan hazırda müxalifətin Paşinyana qarşı əsas alternativ kimi irəli sürməyə çalışdığı şəxsdir. Onun son zamanlar Qərbə artan səfərlərinə məhz bu prizmadan yanaşmaq daha doğru olardı. Vaşinqton səfərindən bir qədər əvvəl Avropa turnesinə çıxan Saqatelyanın buradakı erməni lobbisindən dəstək almağa çalışdığı bildirilir.
Yeri gəlmişkən, onu da diqqətə çatdıraq ki, yerli erməni ekspertlərinin etirafına görə, ABŞ-ın dəstəyi ilə Azərbaycan enerji təchizatı və təhlükəsizliyi layihələrində etibarlı tərəfdaş kimi Avropada öz mövqelərini daha da möhkəmləndirir. Bu, eləcə də digər müstəvilərdə Bakının Qərblə uğurlu əməkdaşlığı Ermənistanın Azərbaycana qarşı sanksiya kimi təzyiq rıçaqından istifadə cəhdlərinin qarşını alır. Fəqət, Vaşinqton İrəvanın sanksiya çağırışını rədd etsə də, o, Bakıya qarşı dezinformasiya siyasətindən, anti-təbliğatından əl çəkmək istəmir.
Daşnakların təşəbbüsü və ANCA-nın yaxından dəstəyi ilə cari ilin fevral ayında ABŞ Konqresinin Nümayəndələr Palatasına Laçın yolunun Azərbaycan tərəfindən “blokada”ya alınması ilə bağlı qətnamə layihəsi təqdim edilib. Həmin qətnamədə “Azərbaycanın məsuliyyətə cəlb edilməsinin zəruriliyi” yer alıb. Üstəlik, mətndə ABŞ-ın Azərbaycana bütün hərbi yardımını dərhal dayandırmaq və “Azadlığa dəstək Aktı”na “907-ci düzəlişi” tətbiq etmək çağırışı da var. İntəhası, Konqresdə bu layihəyə nə vaxt baxılacağı bəlli deyil.
Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan özünün “Facebook” səhifəsində “maraqlı” açıqlama yayıb. O, yazır ki, İrəvandakı mövcud hakimiyyətin antimilli siyasəti nəticəsində diaspora ölkədən uzaqlaşdırılır. “Birləşmiş Ştatlara 10 günlük işgüzar səfərimin nəticələrinə yekun vuraraq, onu da qeyd etməyi zəruri sayıram ki, müharibədən sonra Ermənistanda yaranmış vəziyyətə görə diaspora məyusluq və qeyri-müəyyənlik içindədir. İndi dünyadakı erməni diasporasının potensialından və imkanlarından nəinki tam istifadə edilmir, əksinə, mövcud hakimiyyətin antimilli siyasəti nəticəsində onlar ölkədən uzaqlaşdırılıb”.
Beynəlxalq təşkilatların qara siyahılarında terrorçu təşkilat kimi qeyd olunan ASALA-nın ideoloqu “Daşnaksütyun” partiyası bütün fəaliyyətini Azərbaycana qarşı yönəltsə də, bunun heç bir fayda verməyəcəyi indidən məlumdur. Bu həqiqəti daşnak-deputatın Amerikada “baqaja qoyduğu” rəsmi İrəvan kimi, hələ də “Miatsum” bağıran, revanş xülyasından əl çəkməyən erməni lobbiçiləri və diasporaçıları nə qədər tez anlasalar, xalqının əzablarını bir o qədər azaltmış olarlar.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”

