Dünən səhər tezdən Şuşadan keçən Laçın–Xankəndi yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin, eləcə də humanitar yüklü maşınların hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Laçın–Xankəndi yolundakı etiraz aksiyası 129 gündür davam edir. 2020-ci ilin payızında Azərbaycan xalqının igid əsgər və zabitləri əzəli və əbədi torpaqlarımız olan Qarabağı düşməndən azad ediblər. Lakin Xankəndi və onun ətrafındakı ərazilərdə Azərbaycan Respublikasına məxsus faydalı qazıntı yataqlarının hələ də qanunsuz istismarı davam etdirilir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Bu günlərdə könüllü olaraq etiraz aksiyasına qoşulan “Optimist” Sosial Problemlərin Həllinə Yardım” ictimai birliyinin sədri Habil Niftalı bizimlə telefon söhbəti zamanı bildirdi ki, tədbir iştirakçıları öz haqlı tələblərinin yerinə yetirilməsini sonadək tələb etmək əzmindədirlər. QHT fəalı sonra bunları dedi:
– Müstəqil Azərbaycan sivil, demokratik dövlətdir. Biz qanuni haqqımızı tələb edirik. Ölkəmizin ərazisində yerləşən faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı təcili surətdə dayandırılmalıdır. Azərbaycan dövləti və xalqı haqlı olaraq beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsini qətiyyətlə tələb edir.
H.Niftalı həmçinin vurğuladı ki, Qərbdəki bəzi ermənipərəst qüvvələr Şuşadan keçən Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyalarının mahiyyətini təhrif edir, ölkəmizə qarşı böhtan və iftira kampaniyası aparırlar. Bu, yolverilməzdir. Azərbaycana qarşı təzyiq göstərmək mənasızdır.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
P.S. Dünən saat 15:00 radələrinə qədər Laçın–Xankəndi yolundan humanitar yüklü 66 avtomobil sərbəst hərəkət etmişdir.
M.HACIXANLI, “Xalq qəzeti”

