Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan parlamentin spikeri Alen Simonyanın yaxasından möhkəmcə yapışıb. Görünən odur ki, sabiq prezident Simonyandan asanlıqla əl çəkən deyil. Ter-Petrosyanın qurucusu və lideri olduğu Erməni Milli Konqresinin bu günlərdə yaydığı bəyanatdan da bu qənaətə gəlmək mümkündür.
Bəyanatda konkret olaraq qeyd olunub ki, bizim bundan sonra MMP-ni (Mülki Müqavilə Partiyası) TMMP (yəni, Tüpürənlərin Mülki Müqavilə Partiyası) adlandırmağa haqqımız var. Sənədin mətnində deyilir: “Erməni Milli Konqresi Ermənistan Respublikasının bütün hüquq-müdafiə təşkilatlarına, siyasi partiyalarına və KİV-nə parlamentin sədri Alen Simonyanın vəzifədən kənarlaşdırılması üçün ictimai platforma yaradılması təşəbbüsü ilə müraciət edir. Sözügedən şəxs Ermənistanın və bütün erməni xalqının reputasiyasına elə alçaldıcı zərbə vurub ki, onun əfv ediləcəyi təqdirdə biz özümüzə dünyanın ən geridəqalmış xalqı kimi ləyaqətsiz damğası vurmuş olacağıq. Tarixdə siyasi rəqiblərini güllələyən, asan, kəsən, hətta yeyən tiranlar çox olub, amma şəhərin mərkəzində yüzlərlə şəxsin gözü qarşısında bir insanın üzünə tüpürmək halı olmayıb. Bu mənada, Alen Simonyanın adı Ginnesin Rekordlar Kitabına düşməyə layiqdir.
Hüquq-müdafiə təşkilatlarına, siyasi partiyalara və KIV-lərə müraciət edərək, biz, şübhəsiz ki, Simonyanın vaxtından əvvəl işdən çıxarılmasının onların yox, ilk növbədə, Mülki Müqavilə Partiyasının problemi olduğunu başa düşürük. Digər tərəfdən, sözügedən tərəf iki həftədən çoxdur ki, bu biabırçı hadisə ilə bağlı susur. Üstəlik, bəzi tanınmış partiya üzvləri, hətta, Simonyanın hərəkətinə haqq qazandırmağa çalışırlar. Bu isə o deməkdir ki, Mülki Müqavilə Partiyasının üzvləri onun alçaq davranışına görə məsuliyyəti lütfkarlıqla öz üzərlərinə götürürlər. Odur ki, bundan sonra hakimiyyətdə olan Mülki Müqavilə Partiyasını TMMP, yəni Tüpürənlərin Mülki Müqavilə Partiyası adlandırmağa haqqımız var. Seçim onlarındır. Əgər onlar bu rolu qəbul edirlərsə, tüpürənlərin “şərəfindən” həzz almağa davam edə bilərlər”.
Bəyanatın sonunda deyilir: “Heç şübhəsiz, indiki çətin şəraitdə xalqımız bir çox ontoloji (varlıq) problemlərlə, təhlükəsizliyimizi təhdid edən ciddi xarici çağırışlarla üzləşib ki, buna bizim hakimiyyətin reaksiyası tamamilə qeyri-qənaətbəxşdir. Üstəlik, onların qeyri-adekvat reaksiyası hakimiyyətin səriştəsizliyi ilə yanaşı, təkəbbürlə və xalqımıza qarşı alçaldıcı münasibətlə izah olunur. Alen Simonyanla bağlı baş verən insident bunun ən biabırçı təzahürüdür”.
***
Qeyd edək ki, Levon Ter-Petrosyan Ermənistan siyasətçiləri arasında az-çox rasional düşüncəyə malik şəxs hesab olunur. Ölkənin ilk prezidenti (1991-1998) olan Ter-Petrosyan filologiya elmləri doktorudur. Onun erməni dili ilə yanaşı rus, ingilis, fransız, alman, latın, ərəb, assur, qədim yunan və qədim erməni dillərini bildiyi yazılıb.
1997-ci ilin sentyabrında Ter-Petrosyan mətbuat konfranslarından birində Ermənistan üçün mövcud problemləri diqqətə çatdırıb. Status-kvonun saxlanılması, Azərbaycanın bir hissəsinin Ermənistan tərəfindən işğalı, çadır şəhərciklərində yaşayan yüz minlərlə azərbaycanlı qaçqının olması, Ermənistanın Azərbaycan tərəfindən blokadaya alınması (?) və beynəlxalq ictimaiyyətin davamlı təzyiqləri bunlardandır. O deyib: “Bu, Bosniyada baş verib. Serblər hər şeyi itirdilər. Mən status-kvonun saxlanmasının məqsədəuyğun variant olduğunu düşünmürəm. Biz bir-iki il israr edə bilərik, lakin beynəlxalq ictimaiyyət qıcıqlanacaq və səbri tükənəcək”.
O, həmçinin Qarabağın “tam müstəqil dövlət kimi” tanınması və ya Ermənistana birləşdirilməsi variantını da rədd edib: “Bu cür addımlar mahiyyət etibarilə həm Azərbaycan, həm də bütün dünya üçün ultimatum olacaq”. Ter-Petrosyan Qarabağın Azərbaycanı birtəhər ondan əl çəkməyə məcbur etməsi üçün müharibənin bərpası variantını da doğru saymadığını vurğulayıb: “Əgər Qarabağ hakimiyyəti, heç olmasa, daha bir rayonu ələ keçirməyə cəhd etsə, o zaman Bakını demirəm, dünya buna dözməz”.
Ter-Petrosyan bu qənaətə gəlib ki, yeganə variant addım-addım sülhə doğru irəliləməkdir. Onun kompromisə doğru hərəkəti Azərbaycan üçün də məqbul idi. Bu mövqe Qarabağdakı separatçı rejimlə Ter-Petrosyan arasında münasibətlərdə soyuqluq yaranmasına səbəb olub. Separatçı rejim ATƏT-in Minsk qrupunun razılaşmasının əsas prinsiplərini rədd edib. Ermənistanda 1997-ci ilin sonları və 1998-ci ilin əvvəllərində hakimiyyətdaxili gərgin mübarizə başlayıb. Ter-Petrosyanın belə açıq danışması və Qarabağın bunu rədd etdiyi halda Ermənistanın addım-addım həll yoluna meyl edə biləcəyinə dair eyhamı 1998-ci ilin fevral ayının əvvəlində onun istefası ilə yekunlaşan siyasi böhrana gətirib çıxarıb. Beləliklə, Ter-Petrosyan 1998-ci il fevralın 3-də ölkə prezidentliyindən istefa verməyə məcbur olub. Qarabağdakı rejimin keçmiş “qlavar”ı, həmin dövrdə Ermənistanın baş naziri olan Robert Koçaryan, müdafiə naziri Vazgen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri Serj Sarkisyan Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif etdiyi, münaqişə zonasının demilitarizasiyasını və 1992-94-cü illərdə hərbi əməliyyatlar zamanı işğal edilmiş bir sıra yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını nəzərdə tutan planı rədd ediblər. Koçaryanın başçılığı ilə yeni hökumət qurulub, həmin ilin martında isə o, ölkənin yeni prezidenti seçilib. Ermənistan hökuməti, demək olar ki, Qarabağ məsələsində dərhal daha sərt mövqe tutub.
***
Maraqlıdır ki, Ter-Petrosyan Ermənistandakı bir sıra siyasi qüvvələrlə yanaşı, hazırkı baş nazir Nikol Paşinyanın da “xaç atası” sayılır. N.Paşinyan 2008-ci ildə prezidentliyə namizəd Levon Ter-Petrosyanın seçki qərargahının üzvü olub. O, Erməni Milli Konqresinin blokundan proporsional seçki sistemi ilə 2012-ci ildə Ermənistan parlamentinə deputat seçilib. 2013-cü ildə Erməni Milli Konqresi Ter-Petrosyanın rəhbərlik etdiyi eyniadlı partiyaya çevrilib. Paşinyan konqres rəhbərliyi ilə konfliktə görə (xüsusən də konqresin qarşıdan gələn prezident seçkilərində öz namizədini irəli sürməmək qərarına görə) yeni təşkilata qoşulmaqdan imtina edib. Eyni zamanda o, formal olaraq Erməni Milli Konqresinin parlament fraksiyasının üzvü olaraq qalıb. 2015-ci ildə isə Paşinyan Mülki Müqavilə Partiyasının qurucularından olub.
***
Ter-Petrosyan bir vaxtlar Cənubi Qafqazdakı siyasi və iqtisadi tendensiyalara ayıq, realist baxışlar sərgiləyib. Təbii sərvətləri olmayan Ermənistanın neft-qazla zəngin Azərbaycanla toqquşmasının İrəvan üçün fəlakətlə nəticələnəcəyini söyləyib. Ancaq Koçaryan və Sarkisyan Ter-Petrosyanı devirərək öz mənfəətləri üçün erməni xalqını bəlalara düçar ediblər. İndi isə eks-prezident hakim siyasi zümrənin erməni xalqının üzləşdiyi çətinliklərə reaksiyasının tamamilə qeyri-adekvat olduğunu, səriştəsizlik, təkəbbür nümayiş etdirdiyini və xalqı aşağıladığını bildirir. Ter-Petrosyanın birinci proqnozunun gerçəkləşməsi üçün təxminən 22 il lazım oldu. Ermənistanın indiki hakimiyyətinin getdiyi “sürəti” nəzərə aldıqda Ter-Petrosyanın budəfəki proqnozunun daha tez həyata keçəcəyini deyə bilərik.
Aydın QULİYEV,
politoloq
Ter-Petrosyan, təbii ki, təcrübəli və məntiqli siyasətçidir. O, xüsusilə hakimiyyətinin son illərində Ermənistanın problemlərinə nisbətən ağıllı və məntiqli yanaşa bilirdi. 1997-ci ildə Qarabağ probleminin gələcəyi ilə bağlı Ter-Petrosyan perspektivli mövqedə idi və ermənilərə sonu olmayan yoldan qayıtmağı, problemin həllində mümkün qədər real mövqe tutmağı və konkret şəkildə Azərbaycan torpaqları ilə bağlı iddiaları geri götürərək Bakı ilə əməkdaşlığa getməyi tövsiyə edirdi. Təbii ki, o vaxt onu bu tövsiyələrinə görə devirdilər. Amma tarix Ter-Petrosyanın haqlı olduğunu göstərdi.
Bununla belə, Ter-Petrosyanın Paşinyan iqtidarının sosial-iqtisadi problemlərinə dair ortaya qoyduğu proqnozların özünü doğrulda biləcəyini düşünmürəm. Çünki Ermənistan kasıb ölkədir, təcrid vəziyyətindədir. Bu ölkədə sosial-iqtisadi problemlərin həllində heç bir iqtidar böyük nəticələr əldə edə bilməz. Hətta, Ermənistanda hakimiyyət dəyişsə və yeni qüvvə gəlsə belə, onlar da ölkənin problemlərini uğurla həll edə bilməyəcəklər. Çünki ölkə özü qapalı şəraitdədir. Bunu Ermənistanın bütün düşüncəli adamları başa düşürlər.
Səxavət HƏMİD, “Xalq qəzeti”


