30 ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi və tarixi öz xalqını və Vətənini canından artıq sevən dahi şəxsiyyət, böyük azərbaycanlı Heydər Əliyevin adı ilə bağlı olub. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdardır. Bu fikirlər ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Zaqatala şəhərində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda keçirilən toplantıda səsləndirilib.
Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri düzüblər. Sonra onlar Heydər Əliyev Mərkəzi ilə tanış olub, dahi şəxsiyyətə həsr olunan sərgiyə baxıblar.
Məclisdə ulu öndərin xatirəsinə həsr olunmuş film nümayiş olunub.
Toplantıda rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda məruzəsində vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb və milli dövlət quruculuğu, sabitliyin təmin edilməsi prosesi geniş vüsət alıb. Ulu öndər bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, onu inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, arzusunda olduğu yeni Azərbaycan yaratmaq naminə var gücü ilə çalışıb.
Toplantıda Milli Məclisin deputatı Kamilə Əliyeva, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, ehtiyatda olan general-leytenant Ehram Hacıyev, rayon ziyalısı Rəfael Məcidov çıxış edərək, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı bəhs ediblər. Qeyd edilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Son illərdə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, ümummilli liderin müəyyənləşdirdiyi və həyata keçirdiyi müdrik siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının atdığı qətiyyətli və düşünülmüş addımlar Azərbaycan dövlətini qüdrətli və nüfuzlu ölkəyə çevirib.
Toplantı konsert proqramı ilə başa çatıb.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

