Baş Prokurorluğun Azərbaycanda “2023 – Heydər Əliyev İli” çərçivəsində Sabirabad şəhərində keçirdiyi növbəti tədbir “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfransı idi.
Baş Prokurorluğun qarşısına toplaşıb rayona yola düşdük. Regional konfransda media və QHT nümayəndələri ilə yanaşı, Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələri də iştirak edirdilər.
Sabirabad Rayon Prokurorluğunun binasında bizi Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov qarşıladı. Sabirabad rayon prokurorunun müavini Rövşən Əmrahov inzibati binanın infrastrukturu barədə məlumat verdi. Girişdə polislərin dayandığı növbətçi hissə, prokurorun köməkçilərinin, müstəntiqin kabinetləri, maddi sübut otağı, kriminalistik avtomobil və avadanlıqlarla tanış olduq. İstintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olundu.
Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransdan əvvəl rayonda aparılmış abadlıq-quruculuq işləri, Heydər Əliyev Muzeyində ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən fotostendlərlə tanış oluruq. Mərkəzin fondunun baş mühafizi Səlmi Mühtiyeva bildirdi ki, Heydər Əliyev Sabirabada 15 dəfə səfər edib, rayonun problemlərininin həllində birbaşa kömək edib.
Konfransda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı aparılan sistemli mübarizə, həyata keçirilən əsaslı islahatlar, görülən təşkilati və preventiv tədbirlər, prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə çıxış etdi. O bildirdi ki, korrupsiya sovetlər dönəmində olduğu kimi, indi də bəlalı problemdir. Rüşvətxorluq kölgə iqtisadiyyatına yol açır, rəqabəti sarsıdır. Korrupsiyaya qarşı mübarizə dövlətin prioritet istiqamətidir.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluğun bölgələrdə konfranslar təşkil etməsindən, təkliflərin dinlənilməsindən, Heydər Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində apardığı islahatlardan, tədbirlərdən söz açdı.
Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov mötəbər tədbirin Sabirabad şəhərində təşkilindən məmnunluğunu ifadə edərək bildirdi ki, illər keçdikcə ulu öndərin dahiliyi, xalqımıza xidmətlərinin qiyməti artacaq. Xoşbəxt millətik ki, Heydər Əliyev və onun ideyaları var.
Milli Məclisin deputatı, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov bildirdi ki, korrupsiyaya qarşı mübarizə istiqamətində Heydər Əliyevin qəti siyasi iradəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli lider üçün korrupsiyaya qarşı mübarizə önəmli məsələ idi. O, korrupsiyanın qarşısının alınmasını dövlətin, xalqın mənafeyinin qorunması kimi qiymətləndirirdi.
Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov qeyd etdi ki, ulu öndər hələ sovetlər dönəmində korrupsiyaya qarşı qətiyyətli mövqeyini ortaya qoymuşdu. Müstəqil Azərbaycana prezidentliyi dövründə isə bu mübarizə daha barışmaz oldu. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir metodlarla həyat keçirilir.
Rayon məhkəməsinin sədri Füzuli Pənahov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elnur Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sevil Rəsulzadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli ulu öndərin korrupsiyaya qarşı mübarizə təliminin müxtəlif yönlərindən söz açdılar.
Konfransda rayon sakinləri və qonaqların mülahizə və təklifləri də səsləndi.
Xatırladaq ki, Baş Prokurorluq ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə və Zaqatala şəhərlərində də regional konfranslar təşkil edib.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

