Səsvermə gününə 4 həftə qalmış siyasi peyzaj...

post-img

Türkiyədə bu il mayın 14-də keçiriləcək seçki kampaniyası özünün “qaynar” fazasına daxil olub. Namizədlərin seçicilərlə görüşləri artıq sıx, intensiv xarakter alıb. Siyasi ehtiraslar güclənir və tərəflərin mübarizə əzmi ortadadır. 

Bu həftənin əvvəlində siyasi par­tiyaların parlamentə namizədlərinin adları açıqlanıb. Diqqətçəkən məqam budur ki, “Cümhur İttifaqı”ndakı yekdil mövqe və viziondan fərqli olaraq, “Mil­lət İttifaqı”nda birləşən partiyalar siya­si baxımdan yekcins deyil. Onların bir çoxu hətta siyasi spektrin əks qütbllə­rini təmsil edir. 

“Cümhur İttifaqı” Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dörd par­tiyadan təşkil olunub. Bunlar 2018-ci il prezident seçkilərində 43 faiz səs toplayan Ədalət və İnkişaf Partiyası (AKP), 11 faiz səs qazanan Milli Hərə­kat Patiyası (MHP) və seçicilərin cəmi iki faizinin dəstəyinin əldə edən daha iki partiyalardır. 

“Cümhur İttifaqı” o dönəmdə səs­vermənin nəticələrinə görə əsas rəqi­bini birdən-birə iyirmi iki faiz qabaqlaya bilmişdi. Hazırkı dövlət başçısı isə pre­zident seçkilərində ümumi səslərin 52 faizini toplamağa nail olmuşdu. 

Kamal Kılıçdaroğlunun rəhbərlik et­diyi “Millət İttifaqı”nda altı partiya təmsil olunur. Bu seçki blokundakı iki aparıcı partiya – CHP beş il əvvəlki seçkilər­də 23 faiz, “İyi Paryiya” (İP) isə 10 faiz səs toplaya bilmişdi. K.Kılıçdaroğlu­nu dəstəkləyən digər dörd partiya o dönəmdə ümumi səslərin yalnız 2 fai­zini əldə edə bilmişdi. 

“Millət ittifaqı”nı “Altılı masa” da adlandırırlar. Yuxarıda qeyd etdiyimiz kimi, bu blokda siyasi spektrin müxtəlif qütblərində yerləşən partiyalar təmsil olunur. Məsələ burasındadır ki, CHP özünü solçu və dünyəvi partiya hesab edir. İP isə, əksinə, qatı millətçi partiya kimi tanınır. Partiyanın lideri vətəndaş­lığı olmayanları dərhal ölkədən qovma­ğı tələb edir. 

Bu siyasi blokdakı kiçik partiyalar da mühafizəkar mövqe sərgiləyirlər. Faktiki olaraq, bu partiyalardan birinin başçısını bir neçə il əvvəl “Şəriət qay­daları”nı dəstəkləməkdə suçlamışdılar. Günahlandıranların da çoxu CHP funk­sionerləri idi. İndi isə bir vahid siyasi blokdan çıxış edirlər?! Təəccüblüdür, deyilmi? 

“Millət İttifaqı”nda təmsil olunan partiyaların parlament üzvlüyünə təqdim etdikləri namizədlərin siya­si baxışları və seçkiqabağı ritorikası cəmiyyətdə müəyyən anlaşılmazlıq, hətta böhran anları yaradır. Belə ki, “Ərdoğan getməlidir!” şüarı altında CHP-çilərlə olan radikal dinçi namizəd­lərə də səs verməlidirlər. 

“Millət İttifaqı”nı nüfuzdan salan başqa bir cəhət isə budur ki, eyni siyasi çətir altında ölkədə son 40 ildə 50 min dinc insanın ölümündə günahlandırılan terrorçu kürd yaraqlılarını faktiki olaraq dəstəkləyən Xalq Demokratik Partiya (HDP) da yer alıb. Xatırladaq ki, HDP 2018-ci il seçkilərində ümumi səslərin 18 faizini toplayıb. Partiya prezidentliyə öz namizədini irəli sürməsə də R.T.Ər­doğanın əsas rəqibi olan K.Kılıçdaroğ­lunu dəstəkləyir. 

Cəmiyyətin böyük bir qismində, istər solçular, istərsə də sağçılar ara­sında kürd terror təşkilatını pisləmək əvəzinə, onu “qürurla” dəstəkləyən HDP-yə qarşı kəskin qəzəb və hiddət var. Əhalini çaşdıran başqa bir məqam isə budur ki, “Altılı masa”nın 10 nəfər­dən ibarət komissiya üzvləri iqtidara gəldikləri təqdirdə ölkəni eyni komanda idarə etmək niyyətindədir. Bu amil hət­ta müxalifətdən olan seçiciləri də dərin­dən düşünməyə vadar edir. 

Bilkənd Universitetinin professoru Əmirullah Məmmədov hesab edir ki, regional və qlobal təhlükələrin yarat­dığı təhdidlər, ağırlaşan iqtisadi və so­sial durum seçim zamanı vətəndaşları daha qətiyyətli və daha çevik siyasi xətt yürüdən R.T.Ərdoğanın lideri ol­duğu “Cümhur İttifaqı”na üstünlük ver­məyə sövq edə bilər. 

Bu il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdə on minlər­lə insan həlak oldu, milyonlarla sakin ev-eşiyini itirdi. Zəlzələdən qısa vaxt keçməsinə baxmayaraq, ölkədə çox sayda daimi yaşayış evləri ucaldılıb. İnsanlara mümkün olan bütün yardım­lar göstərilir. Nəticədə, müxalifətin göz­ləntilərinin əleyhinə olaraq, insanların R.T.Ərdoğana və onun komandasına inamı daha da artdı. 

R.T.Ərdoğan özünün seçki kampa­niyasını bir çox böyük layihələrin açılışı və yenilərinin təməllərinin qoyulması, ölkə iqtisadiyaytına yeni, iri sərmayələ­rin cəlb edilməsi ilə davam etdirirsə, müxalifət liderləri heç də yüksək seç­ki fəallığı ilə seçilmirlər. Onlar əvvəlki kimi, yenə də öz aralarında vaxt itki­sinə səbəb olan mənasız görüşlər ke­çirməkdə davam edir və insanları ruh­landıra bilmirlər. 

Bütün hallarda hər iki tərəfi təmsil edən partiyalar və onların yetkililəri ötən seçkilərdə olduğu kimi, bu dəfə də öz namizədlərinin təbliği üçün əl­lərindən gələni etməyə çalışacaqlar. Kimin bu seçkiləri udacağını söyləmək isə çox çətindir. 

Əlbəttə, ehtimallar, fərziyyələr söy­ləmək asandır. Türkiyənin sabiq pre­zidenti Süleyman Dəmirəl bir vaxtlar demişdi ki, siyasətdə 24 saat böyük vaxtdır, yəni, hər dəqiqənin öz hökmü var. Bu fikir Türkiyənin çağdaş siyasi həyatı üçün çox aktual səslənir. 

Fikrət SADIQOV, 

siyasi icmalçı

Türkiyədə prezident və par­lament seçkiləri kampaniyası bir çox başqa böyük dövlətlərdə olduğu kimi, siyasi ehtiraslar və emosiyalarla müşayiət olunur. Bu, təbii bir prosesdir. Bəzi si­yasi qüvvələr hazırda çox gu­rultulu bəyanatlarla çıxış edirlər, bir-birlərini, xüsusilə indiki iqtidarı tənqid edirlər.

Amma reallıq odur ki, qardaş ölkədə hazırkı iqtidar səviyyəsin­də siyasi qüvvə, demək olar ki, yoxdur. Mən Ərdoğana rəqib ola biləcək güclü, xarizmatik siyasət­çi görmürəm. 

Müxalifət liderlərinin arasında yekdil, vahid mövqe də yoxdur. Bəzi hallarda bir-birlərindən kü­sürlər, bir-birlərinə qarşı ittihamlar irəli sürürlər. 

Düzdür, ana müxalifət partiya­sı – CHP lideri Kamal Kılıçdaroğ­lu müxalifətçi siyasətçilər arasın­da nisbətən seçilir. Amma digər liderlərin bu seçkilərdə ciddi uğur əldə edəcəyini düşünmürəm.

Eyni zamanda biz görürük ki, son illər Türkiyə beynəlxalq mü­nasibətlər sistemində çox güclü bir oyunçuya çevrilib. Bir çox aparıcı dövlətlər, istər ABŞ, istər­sə də Rusiya olsun, eləcə də ək­sər nüfuzlu beynəlxalq təşkilatlar Türkiyə ilə hesablaşırlar. 

Bu da indiki dövlət başçı­sı R.T.Ərdoğanın uğurlu daxili və xarici siyasətinin nəticəsi­dir. Onun liderliyi ilə Türkiyə, həqiqətən, güclü dövlətə çevrilib. Bu, bir reallıqdır ki, Türkiyə xari­ci siyasətdə ədalətli, humanist mövqedən çıxış edən güclü döv­lət kimi qəbul olunur. 

Bir çox obyektiv səbəblərdən ölkədə iqtisadi çətinliklər möv­cuddur, maliyyə problemləri də tam həllini tapmayıb. Ola bilsin ki, indiki mərhələdən sonra Türkiyə­də müəyyən bir problemlər ya­ransın. Bir daha qeyd edirəm ki, bunlar obyektiv amillərlə bağlıdır. Ölkədə on minlərlə insan dəhşətli zəlzələnin qurbanı olub. Türkiyə bu çətinliklərin öhdəsindən gələ­cək. 

Qeyd etmək lazımdır ki, R.T.Ərdoğanın hakimiyyəti dönə­mində Azərbaycan–Türkiyə mü­nasibətləri çox yüksək səviyyəyə yüksəlib. Biz, demək olar ki, va­hid, sarsılmaz bir alyans yarat­mışıq. İkinci Qarabağ müharibəsi bunu tamamilə təsdiq edir. Tür­kiyə 44 günlük şanlı savaşın ilk anından son günə qədər bizim yanımızda idi. Biz bütün sahələr­də bir-birimizzi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcə­yik. 

Mayın 14-də Türkiyə xalqı öz müdrik seçimini edəcək. Şübhə etmirəm ki, Azərbaycan–Türkiyə münasibətləri bütün hallarda yaxın olaraq qalacaq. Bizim mü­nasibətlər strateji xarakter daşı­yan münasibətlərdir. Bu əlaqələr bundan da sonra da inkişaf edə­cək. 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət