Güneyin ədəbi “nəbzi”

post-img

Cənubi Azərbaycan və otaylı ədəbiyyat mövzusu hər zaman bizim üçün aktual olub. Ötən əsrin 40-cı illərində orada milli hökumət qurulması ilə ədəbi aləmdə intibah dövrü yaşanıb. Ünlü qələm sahiblərimiz Cənuba gedərək qəzet, jurnal buraxıblar. Mirzə İbrahimov, Mir Cəlal, Balaş Azəroğlu, Söhrab Tahir, Mədinə Gülgün, Hökümə Bülluri, Əli Tudə, Səhənd, Səməd Behrəngi və başqaları ədəbiyyat sahəsində öz fəallıqları ilə cənublu-şimallı ədəbiyyatımızın inkişafına misilsiz xidmət göstəriblər. Amma İranda "Şahnamə" təfəkkürü cövlan etdiyi üçün Pişəvəri hökuməti süquta uğrayıb və nəticədə, Cənubdakı ədəbi proses parçalanıb. Millətin tarixi tale yaddaşını qələmə alan Söhrab Tahir əbəs yerə deməyib:

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha.

Yaxşı ki, Məhəmmədhüseyn Şəh­riyarın, Süleyman Rüstəmin, Bəx­tiyar Vahabzadənin məlum şeir və poemaları genetik kodlarımızı yox olmağa qoymayıb. Şükürlər olsun ki, iki bölünmüş xalqın ruhu, mənə­viyyatı ayrılmaz qalıb. Süleyman Rüstəm bunu gözəl ifadə edib:

Bilirsən ki, suya xəncər, qılınc vursan da ayrılmaz,

Ürək birdir, bədən birdir o sahildə, bu sahildə.

Vahid Azərbaycan məsələsində ən çox məhz ədəbiyyat xadimlərimiz bir-birinin səsinə səs veriblər. Ötən dövrlərdə Cənubda nəşr olunan anadilli mətbu orqanlarda – "Dədə Qorqud", "Varlıq", "Koroğlu", "Çən­libel", "Araz", "Azərbaycan" və "Od­lar yurdu"nda güneyimizin “nəbzi” döyünüb. Yəni, İranın başı Tehran olsa da, ürəyi daim Təbriz olub.

Müstəqilliyimiz dövründə ədəbi əlaqələr bir qədər genişlənsə də, Cənub ədəbiyyatında dar ağacı, ağrı, zülm, ayrılıq, həsrət mövzu­su qalıb və bu gün qonşu dövlətdə yaranmış irtica vəziyyəti, şovinist siyasətin inadlı təzyiqi poeziya və nəsr sahələrini də sıxışdırmaqda­dır. Basqılar, qadağalar davam edir. Ancaq azadlıq duyğusunu, ümumiy­yətlə, məhv etmək mümkün deyil və çağdaş Cənub ədəbiyyatı heç nəyə baxmadan yaşayır, mübarizə aparır. Güneydə klassik, ənənəvi üslubla yanaşı, modern və avanqard bir ədə­biyyat da inkişaf edir, yeni özəlliklər diqqət çəkir. Oxucuların daha yaxşı tanıdığı Rüqəyya Kəbiri, Kiyan Xi­yav, Səid Muğanlı, Heydər Bayat, İs­mayıl Ülkər, Hadi Qaraçay, Nadir Əz­həri, Məhəmmədrza Ləvai, Sayman Aruz, Ülkər Ucqar, Ramin Cabbarlı, Məliha Əzizpur kimi yazarların, həm­çinin Toğrul Atabay, Məhəmməd Sübhdil, Murtuza Məcidfər, Nadir Paşazadə və digər ədiblərin də ana dilində olan əsərləri sevilə-sevilə oxunur.

“Güney Azərbaycan” səhifəsini bu dəfə güneyli şairlərin yaradıcı­lığına həsr etmişik. Ümidvarıq ki, təqdim olunan müasir poetik nü­munələr güneydə söz sənətinin bu­günkü “nəbzini” tutmaqla bərabər, həm gənc müəlliflərin tanınması, həm də ədəbi əlaqələrin daha da genişlənməsi məramına xidmət edə­cək.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

 

 

Həbib SAHİR

Cənubun məğrur və mübariz şairi kimi tanınan Həbib Sahir Təbrizin parlaq ulduzlarındandır. Mənası “yatmayan” olan Sahir təxəllüsünə tam uyğun bir həyat və yaradıcılıq yolu keçib. “21 Azər” hərəkatının yaratdığı imkandan istifadə edərək ana dilində gözəl əsərlər yazıb-yaradıb. Coşğun təbli şair hər zaman farsca yazan həmsoylarını kəskin tənqid edib. Onlara üz tutaraq qəzəblə: “Yada qul ol,dərdə alış, farsca danış. Əsirliyi, dərvişliyi təlqin elə uşaqlara...” –deyib. Bütün şüurlu həyatını istibdadın tənqidinə, Azərbaycan türklərinin haqlarının qorunmasına həsr etmiş azadlıq nəğməkarı 1988-ci ildə dünyasını dəyişib.

BİZİM DİLİMİZ


Bizim türki şirin dildir,
Xoş sədalı zəngin dildir.
Dil günəşdir, işıq saçar,
Səadətə qapı açar.
Yadın dili: “boyunduruq”!
Bir keçiddir: buruq-buruq.
Gəl atəşə, qızım, yanma,
Tərihama çox inanma.
Zənci danmaz öz dilini,
Hindi sevər öz elini.
Kimsə yolun çaşıb azmaz,
Türki deyib, farsi yazmaz.

Ruqəyyə KƏBİRİ


Tibb işçisi olan Rüqəyya Kəbiri çağdaş Cənubi Azərbaycan ədəbiyyatında mifik qaynaqlardan bəhrələnən, psixoloji detallara önəm verən yazar kimi tanınır. O, Cənubi Azərbaycan ədəbiyyatında roman və səfərnamə janrını qələmə alan ilk qadın yazıçıdır. 1963-cü ildə Xoy şəhərində dünyaya gəlib. Təbriz Universitetinin tibb fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləyib. Yaradıcılığa erkən başlasa da, uzun müddət əsərlərini nəşr etdirməyib. “Təbrizin al təbim” şeir toplusu, “İçimdəki qız”, “Bu qapı heç çalınmayacaq” hekayələr toplusu, “Evim”, “Yerdən uca torpaq” romanları nəşr olunub.


GÖZƏLİM BAKI!


Gözəlim Bakı!
Səndən aldığım ödülə deyil,
kirpiklərimin arxasında
gözlərimə toxunmadan
bəbəklərimə baxdın deyə,
duyğulanıram.
Yanaqlarıma,
dodaqlarıma bir toxunsaydın,
kokum sarmaş-dolaş
yüksələrdi Oğuz qalasına -
Qız qalasına.
Dənizə bağışladığın nəfəsin
Toxunsaydı nəfəsimə,
Xəzər dalğalanardı tənimdə...
Gözəlim Bakı!
İndisə səninlə üz-üzə, göz-gözə
və ağlımızda ilmək-ilmək toxunan ipək buludlar
gözlərimin quraqlığına yağır...

Elşən BÖYÜKVƏND


1988-ci ildə Muğan şəhərində anadan olub. Hazırda İstanbul Yedditepe Universitetində siyasət elmləri üzrə təhsil alır. Bir sıra şeiri ingilis, rus və fars dillərinə çevrilib. Bakıda da məqalə, esse və şeirləri dərc olunub. Çağdaş Güney Azərbaycan ədəbiyyatının ünlü simalarından biri sayılır.

YAĞAN GÜNƏŞ


Küləyin dili ilə yağan günəşdən soruş
Qızların ruh usandıran qızmarlığını.
İlmələri sökülüb dodaqdan qopunca
Uçuşan kəpənəklərdən soruş
Şeirin azğınlığını.
Sıxınca qızıl üzüklü misralarını
Beytə çevrilir əllər
və əriyir qafiyələr.
Sürməli sözün pəncərəsidir gözlərin,
Göyqurşaqlı dalğalar
Dodağından süzər, süzülər.
Səssizliyə oraqlanan səsin sünbüllərinə
Küləyin dili ilə yağan günəşdən soruş
Göylə dənizin öpüşməsini
və buludların doğulmasını.

Çalğın MƏHƏMMƏD


Tanınmış güneyli şair Məhəmməd Çalğın 1977-ci il martın 21-də Təbrizdə anadan olub. Şeirləri türkdilli ölkələrdə müntəzəm olaraq dərc olunur. Səkkiz il öncə Bakıda Şairlər günü tədbirlərində iştirak edib. Xalq yazıçısı Anarın təşəbbüsü ilə Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Şairlər günündə Müşfiq mükafatına layiq görülüb.


DƏRD - DÜŞÜNCƏ


Sətir sətir oxuduğun kitablar.
Dərd, yəni qürurun vitrinlərə əl açması,
Gözləri anamın şəvə muncuğuna bənzəyən qızın
Əzrayılla qoşulub qaçması,
Dərd, yəni mən -
qanadından yaralanmış göyərçinəm
elə keçmə böyrümdən.
Dərd, yəni sən
Göy məscidin həyətindəki
dərdlərin suyu çox şirindir, giləm!
Ooooy, Təbrizim,
Dərdlərini görəndə ölürəm...

Rəsul YUNAN


Şair, yazıçı, tərcüməçidir. 1969 ilində Urmiya gölünə yaxın bir kənddə doğulub. Rəsul Yunan əsərlərini Azərbaycan və fars dillərində yazır. İndilikdə Rəsul Yunan Tehranda yaşayır. “Camaka”, “Taksi”, “Sənin xoş iyin”, “Duel” kimi əsərləri nəşr olunub.


SƏNİ DÜŞÜNMƏK


Səni düşünmək,
Həyatı düşünməkdir.
Torpaq altında
Dar-düdük bir qəbirdə
Günəşi düşünməkdir.
Qarlı gecədə,
Qıfıllanmamış qapılara,
Qaçmağə düşünməkdir həbsxanada.
Səni düşünmək dəyərlidir,
Ən azı
Adamın qəlbindən
Bir bulaq coşar,
Bir at gələr orada su içər,
Bir quş gələr orada oxuyar...

Çağla NURVƏŞ


17 iyun, 2002-ci ildə Təbrizdə anadan olub. Humanitar elmlər fakültəsində təhsil alıb. O, 30 kitabın Güney Azərbaycanda əski əlifbada tərcüməçisi kimi tanınır. "Niyar karvanı", "Dəlilərin sevgisi" və yaxında nəşr ediləcək "Balıqsız dəniz" adlı romanların müəllifidir. Maraqlı şeirləri də var. Obrazlı ifadə tərzi, şablondan qaçmaq, bədii lövhələr yaratmaq bacarığı hiss edilir.


SEVGİLİM


Sevgilim,
Məni aramaq istəyirsənsə
Xiyabanlarda
Yetim uşağın əllərində
qırmızı gülün üstündə
yatan tozam.
Bilmirəm yaşamı
mən necə,
hara yozam?
Sevgilim,
Mən illərdir kitabxanalarda
Kitabların
Yuxuya keçmiş sətirləriyəm.
Gecə-gündüz
Çalışan fəhlələrin
alnındakı təriyəm.
Sevgilim,
Mən,
Mən çox yaxındayam,
Məni uzaqlarda axtarma!..

Susən Nəvadeye RƏZİ

1963-cü ildə Təbriz şəhərində ziyalı ailəsində anadan olub. 1990-cı ildən şeirləri, nağılları mətbuatda çap edilir. Eyni zamanda bu tayın qəzet və jurnallarından bədii mətnləri köçürüb (əlifbasını dəyişib) Güneydə çapa verir. İndiyə kimi 3 kitabı – "Şəlalələr şələsi” (şeirlər), "Arzuların yeni Gülşən bağı” (nəsr), "Ənnəmnən mən” (folklor) çap olunub.


BİZİM ÜRƏK


Bizim ürək
Alma ağacları gül açanda, açar,
Tənbəkigülü Şahgölüdə
ətir saçanda açar.
Bizim ürək ceyran kimidir, -
Dağda-daşda ovçu əlindən
ürkək-ürkək qaçanda açar.
Quş kimidir bizdə ürək
Göy məscidin təvafına gedər,
Ərkin başına
dolanıb uçanda açar.
Bizim ürək şairdi, şair!
Təbrizi şərbət kimi
Qurtum-qurtum içəndə açar...

Ədalət DUMAN


İLAHİ, NƏ OLDU, SÖNDÜ ÇIRAQLAR?


Uzaq olsaydı da o işıltılar,
Görəndə ürəkdə işıq doğardı.
Onların sozalmış şüalarından
Bizim kəndimizə sevinc yağardı.
Zülmət gecələrdə ulduz sayağı
Sayrışa-sayrışa görünərdilər.
Həyalı - istəkli bir qız sayağı
Duman yaylıqlarda bürünərdilər.
Araz aramızda yoxlamırdı gah,
Körpüsüz adlayıb gəlirdi işıq,
Qaranlıq təməldən laxlaşırdı gah
Bütün zülmətləri dəlirdi işıq.
Bir gecə ayı görməyəndə biz
Sabahı boranlı qarlı duyardıq,
Nə vaxt ki onlardan görünərdi iz.
Özümüzü dövlətli - varlı duyardıq.
İndi çıraqları sönük görəndə
Elə bil, ömrümün çırağı sönür.
Bir xalqın bəxtini dönük görəndə
Kədər parça-parça qəlbimi yonur.
İlahi, nə oldu, söndü çıraqlar?
İndiki dünyanın işıq vaxtıdı.
İzləri zülmətə döndü çıraqlar
Çün dünya şeytanın qızıl taxtıdı.
Qəlbi qaranlıqlar zülmət törətdi,
Zülmətdən törənən fəlakət olar.
Harda Ədaləti şər büdürətdi
Orda çiçəklər də açmamış solar.

Əfrasiyab NURƏLİ

EL-OBAMIZ BATIB AHA


Bir ürəyi iki yerə paralayıb bölən kimdir?
Güney-guzey Azərbaycan, bizi ayrı salan kimdir?
Qərib yerdə saldıq binə, biz də düşdüy yaman günə,
Alışmışıq sinə-sinə, qayğımıza qalan kimdir?
Yaltaq olub aramızda, çarasızdır, çaramızda,
Hey qan axır yaramızdan, köç təbili çalan kimdir?
Hələ qaçqın əsirlərin, şelləmişik qəm-kədərin,
Şuşa-Laçın-Kəlbəcərin, torpağını alan kimdir?
Baxan yox savab günaha, el-obamız batıb aha,
Nurəli tək, bir də daha, xalq halına qalan kimdir?

Vəli ŞAHMƏHƏMMƏD

DÜNYA


Birini elindən uzaq atırsan,
Birini qultək bağlı satırsan,
Birinin namına zəhər qatırsan,
Birinin namına bal-baha dünya.
Bir kəs tanımır ki, səni dannıya,
Rəhmin gəlmir sənin heç bir canlıya.
İstərsən, yurdunda bayquş banlaya,
Hər nə bacarsan çap-tala dünya,
Haqq sözü tapdanır, qadın ya ağa
Çünki ləçək fərman verir …
O çəkir arana, bu çəkir dağa,
Odur ki, düz gəlmir hal-hala dünya.
Əlindən yaxıldı oyaq sinələr,
Oldu sözlə dolu ocaq sinələr.
Nallanmış atlara yalaq sinələr,
Dəyir sinələrdə nal-nala dünya.
Nurdurlu Vəliyə demə lal olar,
Səni düşündükcə göz yaşı dolar.
Gec-tez etdiklərin bərməla olar,
Hələ eyiblərin dal-dala dünya.





Sosial həyat