“Dünya dollardan qurtulur”

post-img

“Bretton Woods“ müqaviləsi imzalanandan sonra ABŞ öz valyutası sayəsində ticarətdə hökmranlıq etməyə başladı. Lakin onların “dolları silaha çevirmək” üzərində nəzarəti Ukrayna münaqişəsi başlayandan zəifləməkdədir.

Hələ 1965-ci ildə uzaqgörən gene­ral Şarl de Qoll keçirdiyi mətbuat kon­fransında “dolların əndazəsiz imtiyazı­nı” kəskin tənqid etmişdi. 1946-1971-ci illər arasında ABŞ öz pul vahidini, bir unsiya üçün 35 dollar sabit məzənnə ilə qızıla dəyişməyə razılıq verəndən sonra dollar dünyanın əsas ehtiyat və mübadilə valyutasına çevrildi.

Mərkəzi banklar öz ehtiyatlarını ya­ratmaq üçün dollar almağa tələsdilər. Çünki bu valyutada olan əmanətlər qızıl kimi sabit, lakin daha asan idarə olunurdu. Amerikalılar çap maşınını işə salanda sanki qızıl istehsal edirdilər. De Qoll başa düşürdü ki, amerikalılar Vyetnamdakı müharibəni və kosmosun fəthini avropalıların hesabına maliy­yələşdirirlər. Məhz buna görə də Fran­sa Bankı 1965-ci ildən sistemli şəkildə dollar ehtiyatlarını qızıla dəyişməyə başladı. Lakin 1971-ci il avqustun 15-də ABŞ heç bir müttəfiqini xəbərdar etmədən dolların qızıla mübadiləsini dayandırmaq haqqında qərar verdi.

1973-cü ildən başlayaraq “qara qızıl”ın qiyməti kəskin qalxdıqda (qa­imə-fakturalar həmişə dollarla olurdu) neft dollarları problemi yarandı. Enerji bazarlarında sərbəst buraxılan böyük məbləğlər prioritet qaydada yenidən ABŞ bazarlarına sərmayə kimi yatırılır­dı. Bu da, avropalı tərəfdaşların məyus olmalarına baxmayaraq, ABŞ iqtisa­diyyatına böyük üstünlük qazandırırdı. „Dollar bizim pul vahidimizdir, amma sizin probleminizdir” – deyə, ABŞ-ın o vaxtkı maliyyə naziri Con Konnalli qızılla mübadilənin birtərəfli qaydada dayandırılmasından qısa müddət sonra belə bir xəbərdarlıq etmişdi. 

Dollar kralının devrilməsi

1999-cu ildə dövriyyəyə buraxılan avro dünya valyutası kimi uğur qaza­nırdı. Lakin Aİ-də vahid xəzinə olmadı­ğı üçün avro nə Nyu-York bazarları ilə rəqabət apara, nə də dünyanın əsas ehtiyat və valyuta vahidi olan dolları devirə bildi. İstisnasız olaraq bilavasitə ABŞ-ın günahı ucbatından yaranmış 2008-ci il dünya maliyyə böhranı para­doks da olsa, dolları gücləndirdi. Barak Obama 2009-cu ilin martında keçirdiyi mətbuat konfransında ABŞ valyutası­nın dünya ticarətində və beynəlxalq ehtiyatlarda hökmranlığını qoruyub saxlayacağını proqnozlaşdırdı. Ancaq onun arqumenti iqtisadi yox, siyasi idi: “Çünki ABŞ dünyanın ən sabit və şəffaf ölkəsidir!”

Hamıya bəllidir ki, ABŞ büdcəsi, Federal Ehtiyatlar Sistemi və maliyyə sistemi necə işləyir. Amma onların çinli analoqları qeyri-şəffafdır. Ona görə dol­lar ən yaxşı sığınacaq-valyutası olaraq qalır. Belə ki, hətta qlobal maliyyə böh­ranı dövründə iqtisadi təhlükə ABŞ-ın öz günahı ucbatından yaransa belə, investorlar dolların köməyinə müraciət etməyə üstünlük verirlər. Bu, 2008-2009-cu illərdə dolların avro və yienə nisbətdə möhkəmlənməsi zamanı da baş vermişdi. Bu gün hələ də dollar dünya valyuta ehtiyatlarının 59 faizini (1999-cu ildə 72 faiz) təşkil edir. Lakin öz valyutalarını siyasi təzyiq alətinə çe­virən amerikalılar, özləri də bilmədən, dollar kralını devirmək üçün ümumdün­ya hərəkatına başlayıblar.

Dollardan silah kimi istifadə edilir

2014-cü ildə BNP bankı Avropa və Fransa qanunlarına söykənərək Kuba, Sudan və İrandan ixracı (dollarla) ma­liyyələşdirdiyinə görə ABŞ-a 9 milyard dollar cərimə ödəməli oldu, baxmaya­raq ki, bu üç ölkə Avropa və Fransanın yox, ABŞ-ın embarqosu altında idi. Təzminat Nyu Yorkda BNP-nin (saniyə­nin milyonda birində e-poçt) hesabına həyata keçirildiyi üçün ABŞ-ın ədalət məhkəməsi öz ərazi yurisdiksiyasını elan etdi.

Amerikalılar öz qanunlarını başqa dövlətlərə bax, belə tətbiq edirlər. 2018-ci ildə Tramp 2015-ci il Vyana nüvə sazişini birtərəfli qaydada ləğv et­dikdən sonra Avropa şirkətləri də İranı tərk edərkən görünür, elə buna boyun əyməli oldular.

“Dolların silaha çevrilməsində” növ­bəti addım Putinin Ukraynada xüsusi əməliyyata başlamasından sonra - 2022-ci ildə Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarının dondurulması oldu. Qərbdən fərqli olaraq digər ölkələ­rin liderləri bundan sonra özlərinə sual etdilər: “Əgər mən qonşu ilə döyüşsəm və bu münaqişə Vaşinqtonun xoşuna gəlməsə, mən birdən-birə valyuta ehti­yatlarımın böyük hissəsini itirə bilərəm. Ona görə də dollar ticarətinin həcmini azaltmalıyam”. Moskva da indi məhz bunu edir, həmçinin Ər-Riyad da. Onun Çinə son neftə görə hesabı yuanla olub (Çinin də offşor bazarı artıq 200 milyard dollar ekvivalentindədir). 

Bundan əlavə, BRICS ölkələri (Bra­ziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) özlərinin ticarət mübadilələrini maliyyələşdirmək üçün valyutalarını yaratmağı planlaşdırırlar. Çində artıq daxili banklararası elektron hesablaş­ma sistemi hazırlanıb. Bu da Qərb tərə­findən idarə olunan SWIFT sisteminə alternativdir.

Doğrudur, dünyanın dollardan xilası bir gecədə baş tutmayacaq. Lakin bu, prosesin artıq geriyə dönüşünün olma­dığını göstərir. 

 

Hazırladı:
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət