Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası – Azərbaycan Dövlət Kinostudiyası 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunaraq tarixi təşəkkül və inkişaf mərhələləri keçib. Yubiley ərəfəsində təqdim etdiyimiz növbəti yazı milli kinomuzda qadın sənətkarların rolu barədədir. Onların kino naminə şərəfli olduğu qədər də çətin əməyinin tarixi gənc nəslə nümunədir.
Teatr və kino tarixindən bizə yaxşı məlumdur ki, nəinki qadınlar, hətta kişilər – xalqımızın mütərəqqi fikirli insanları adamların maariflənməsi üçün çalışdıqlarına görə təhdidlərə məruz qalırdılar. “Dəli Kür” filmindəki rus Əhmədlə Çernyayevskinin uşaqları Qori seminariyasına oxumağa göndərmək barədə kəndlilərlə söhbətlərinin az qala onların ölümü ilə nəticələnəcəyini tamaşaçılar, yəqin ki, xatırlayırlar.
Çar məmurları, qoçular və fırıldaqçı mollalar belə ziyalıları, sənət adamlarını təqib edir, onları normal maarifləndirici fəaliyyət göstərməyə qoymurdular. “Üzeyir ömrü” bədii televiziya filmindəki gənc çayçını xatırlayaq. Həmin çayçı oğlan “Leyli və Məcnun” operasında Leyli rolunda çıxış etməyə razılıq verir. Lakin ilk çxışdan sonra səhnəyə çıxmaqdan imtina edir. Bu dəfə onun əvəzinə Əhməd Ağdamski səhnəyə çıxır. O, nəinki bütün tamaşalarda, hətta “Arşın mal alan” (1916) səssiz filmində qadın rollarının ifaçısı kimi tanınır.
Faciə burasındadır ki, ötən əsrin əvvəllərində müsəlman qadınların teatr və kinoda oynaması namussuzluq hesab olunurdu. Yenə də “Üzeyir ömrü” filmindən bir epizodu xatırlayaq. Azərbaycanın opera və vokal sənətinin görkəmli xadimi Şövkət Məmmədova ilk dəfə səhnəyə çıxarkən qoçular onu az qala öldürəcəkdilər. Buna görə XX əsrin əvvəllərində ölkəmizdə bədii kino yarananda qadın rollarını kişilər və qeyri-millətlərdən olan qadınlar ifa edirdilər.
Misal üçün, 1915-ci ildə Bakıda istehsal olunmuş “Neft və milyonlar səltənətində” bədii filmində Şəfiqə rolunu Piontkovskaya, Cəlilin anasını Orlibskaya oynamışlar. “Arşın mal alan” kinokomediyasında Asya və Telli rollarını Olenskaya bacıları, digər qadın rollarını kişilər– Əhməd Ağdamski (Gülçöhrə), Yunis Nərimanov (Cahan xala) ifa etmişlər.
Azərbaycan sovetləşəndən sonra qadınlara kişilərlə bərabər işləmək, ictimai həyatda fəaliyyət göstərmək imkanı verilsə də, onların əksəriyyəti çadrasız gəzsələr də, filmlərdə yenə də qeyri millətlərdən olan qadınlar oynayırdılar. Məsələn, 1924-cü ildə çəkilmiş “Qız qalası” kinodramında xanın arvadı və qızı rollarında sirk artisti Sofya Jozeffi çıxış etmişdir. “Bismillah” sosial dramında (1925) isə K.Vyaznova Zeynəb, T.Vişnevskaya Hökumə rollarına çəkilmişlər.
Yalnız 20-ci illərin sonundan ilk milli teatr aktrisaları ekranda görünməyə başlayır. Beləliklə, 1928-ci ildə istehsal olunmuş “Hacı Qara” kinokomediyasında Heydərin anası rolunda Mərziyə Davudova, Gülsüm rolunda isə Əzizə Məmmədova çəkilmişlər. Bu aktrisalar sonralar da Azərbaycan kino tarixində özlərinə layiq iz qoymuşlar.
Görkəmli sənətkarımız C.Cabbarlının kino üçün kəşf etdiyi İzzət Orucova onun iki filmində “Sevil” melodramında (1929) Sevil, “Almaz” kinopovestində (1936) Almaz rollarında oynamış, adı milli kino tarixinə ilk kinoaktrisa kimi daxil olmuşdur. Sonralar o, Neft Akademiyasını bitirib kimya üzrə məşhur alim olur, onu bütün dünya tanıyır.
Azərbaycan kinosunun ilk kinoaktrisalarından biri Opera və Balet Teatrının solisti, görkəmli müğənni Həqiqət Rzayevadır. O, “Lətif” filmində (1930) ögey ana, “İsmət” filmində (1934) Həqiqət, “Ögey ana” məişət dramında (1958) Qəmər nənə rollarında oynamışdır.
Xalqımızın sevimli sənətkarlarından biri də SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Hökumə Qurbanovadır. O, aktyorluq fəaliyyətinə 1935-ci ildə, 22 yaşında “Azərfilm” kinostudiyasında başlamış və “Almaz” filmində (1936) Yaxşı rolunda çəkilmişdir. Bu filmdəki uğurundan sonra Akademik Dram Teatrına dəvət olunmuşdur. Hökumə xanım sonralar da filmlərə çəkilmiş, “Bir ailə”də Leyla, “Onu bağışlamaq olarmı?”da Kəmalə, “Həyat öyrədir”də həkim, “Əmək və qızılgül”də Bukətu, “İnsan məskən salır”da Şamama obrazlarını yaşatmışdır.
Sonrakı illərdə kinomuzda çalışan qadınların sayı xeyli çoxalmışdır. Azərbaycan kinosunun inkişafında xidmətləri olan onlarca qadın sənətkarlarımızın adlarını çəkə bilərik: rejissorlardan Qəmər Salamzadə (ilk milli qadın rejissor), Zeynəb Kazımova, Gülbəniz Əzimzadə, Firəngiz Qurbanova, aktrisalardan Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Həmidə Ömərova, Ayan Mir-Qasım və bir çox başqaları. Hamısı da istedadlı və məşhur.
Lakin məqalənin əvvəlində haqlarında söhbət açdığımız qadın sənətkarlarımızdan hər birinin kinoda gördüyü işlər sevindirici olsa da, çətinliklə başa gəlirdi. Çünki o zamanlar ekrana, səhnəyə çıxmaq heç də adi məsələ deyildi. Onlar qoçular, millət darğaları tərəfindən təqib olunur, təhqir edilir, hətta ölümlə hədələnirdilər. Bütün bunlara baxmayaraq, qadın sənətkarlarımız birincilər idi, milli kino sənətimizin ilk qaranquşları idi.
Aydın KAZIMZADƏ,
kino tədqiqatçısı