Muğam heç zaman suyu qurumayan dəryaya bənzəyir. Beynəlxalq Muğam Mərkəzi kimi tanınan möhtəşəm sənət məbədi bir çox muğam müsabiqələrinə, yaradıcılıq gecələrinə şahidlik edib. Bizə ana laylası qədər əziz və doğma olan muğamlar buradan qanadlanıb, pərvaz edib. Bu dəfə mərkəz özünəməxsus ifa tərzi ilə muğamsevərlərin rəğbətini qazanmış Könül Xasıyevanın yaradıcılıq gecəsinə ünvan oldu.
Əlli beş yaşını qeyd edən Könül Xasıyeva 1981-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış – müsabiqəsi”ndə qalib gəlib. 1981–1986-cı illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Xalq artisti Şövkət Ələkbərovanın, daha sonra Konservatoriyada Xalq artisti Arif Babayevin tələbəsi olub. On ilə yaxındır ki, o, özü də Xalq artistidir. Həm də 2018-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Tədbiri giriş sözü ilə açan tarzən, Əməkdar artist Valeh Rəhimov Könül Xasıyevanın yaradıcılığı ilə bağlı fikirlərini bölüşdü. Əməkdar artist, muğam ifaçısı Nuriyyə Hüseynova Könül Xasıyevanı uşaqlıq və gənclik illərindən tanıdığını, o vaxtdan aralarında sıx dostluq əlaqələrinin olduğunu dedi.
Musiqiçi, heykəltəraş və rəssam Vədud Müəzzin ərsəyə gətirdiyi, Könül xanımın surətinin əks olunduğu portreti ona hədiyyə etdi.
Könül Xasıyeva yaradıcılıq gecəsinin təşkilinə görə təşəkkürünü bildirdi.
Tədbir “Gecələr” ansablının müşayiəti ilə səbəbkarın və musiqili qonaqların ifasında bir-birindən gözəl muğam nümunələri ilə davam etdi. Bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramov oxuduğu şeirlərlə tədbirə əlavə rəng qatdı.
Fidan HÜQUQQIZI,
Elşən AĞALAROV (foto),
“Xalq qəzeti”