Qərb Rusiya–Ukrayna münaqişəsinə münasibətdə Çinin Rusiyanın yanında duracağından narahatdır. Xüsusilə, Rusiyanın Çin tərəfindən ölümcül silahlarla təchiz olunması müharibənin uzanmasına səbəb ola bilər. Hadisələrin bundan sonrakı gedişatı Pekinin mövqeyindən çox şey asılıdır.
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpinə Moskvaya təsir göstərməyə çağırıb. Rəsmi Pekin tərəfindən bu məsələ ilə bağlı hələlik açıqlama verilməyib. Xatırladaq ki, Çin bir müddət əvvəl münaqişənin həlli üçün 12 bəndlik plan təklif edib.
Qərbdə çoxları hesab edir ki, Pekin artıq seçimini edib, nəyin bahasına olursa-olsun, Rusiyanın ağır məğlubiyyətə uğramasını arzulamır və bunun qarşısını almağa çalışır. Lakin Çinin Rusiyaya birbaşa dəstək verməsi Qərblə bütün körpülərin yandırılması olacaq. Pekin, böyük ehtimalla, hadisələrin bu istiqamətdə də inkişafını arzulamır.
Vəziyyət o qədər kritikdir ki, Avropanın iki yetkilisi –Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqının prezidenti Ursula fon der Lyayen Çin rəhbərliyi ilə danışıqlar aparmaq üçün Pekinə səfər ediblər. Onların hər ikisinin burada gərgin səfər qrafiki var.
Əvvəlcə Fransa Prezidenti Emmanuel Makron Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşərək onunla bir çox problemləri müzakirə edib. Fransa Qərbin mövqeyindən çıxış edərək bildirib ki, rəsmi Pekin Ukraynada sülhün əldə olunması üçün beynəlxalq hüququn tərəfində durmalı, “ümumi məsuliyyəti” bölüşməlidir.
Fransa rəsmiləri qeyd edirdilər ki, E.Makron çinli həmkarını Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya hücumu dayandırmaq üçün təsir göstərməyə çağıracaq. Lakin bu niyyətin baş tutacağına heç kim böyük ümidlər bəsləmir.
Qeyd edək ki, bir müddət əvvəl Moskvada rəsmi səfərdə olan Si Cinpin Kremldə bəyan etdi ki, iki ölkə arasında dostluq əlaqələrinin limiti yoxdur. Görünən budur ki, Çin rəhbərliyi Rusiya–Ukrayna müharibəsi başlanan vaxtdan bu günə qədər Kremli kəskin tənqid etməkdən çəkinib, yaxud bunu istəməyib.
Çin bu məsələdə zahirən bitərəf qaldığını bəyan etsə də, vəziyyət heç də göründüyütək deyil. Yuxarıda qeyd etdiyimiz kimi, Pekin Rusiyanın müharibəni uduzmasını istəmir və buna görə də ona gizli yolla silahla kömək edə bilər. Bu, Qərbi ən çox qorxudan məqamdır. “Köhnə qitə” rəsmiləri Çini hər vasitə ilə bundan çəkindirməyə çalışırlar.
Çin hazırda Rusiya təbii qazı və neftinin ən böyük idxalçısıdır. Rusiya Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, Çinə satdığı enerji ehtiyatları sayəsində xeyli gəlir əldə edir. Bu amil Moskva üçün Çinin “çəki”sini artırır. Çin lideri, təbii ki, rusiyalı həmkarına təsir və təzyiq göstərmək barədə düşünmür, bu halda Pekin həm Rusiyanı itirə, həm də oyundankənar vəziyyətə düşə bilər.
Makron, eləcə də xanım Lyayen Pekindən Rusiyanın Belarusun qərbində taktiki nüvə raketləri yerləşdirmək planlarını tənqid edirlər. Bu məsələdə Çin Qərbi dəstəkləyir. Qərb düşünür ki, Çinlə münasibətləri qurarkən bu və digər ortaq maraqlardan çıxış etmək mümkündür.
Bundan başqa, Fransa və Aİ rəhbərliyi Çinlə ticari və iqtisadi əlaqələri genişləndirməklə, onunla tərəfdaşlıq münasibətlərini gücləndirə biləcəklərini düşünürlər. Bu təklif, bütövlükdə, Çinin maraqlarına cavab verir. Amma Qərb əvəzində Çinə Rusiyanın yanında durmamağı tövsiyə edir. Burada isə Qərblə Çinin maraqları uyğun gəlmir.
Çinə münasibətdə Makron və Lyayendən fərqli olaraq, NATO rəhbərliyi kəskin mövqedən çıxış edərək daha sərt ritorikadan istifadə edir. Finlandiyanı da öz sıralarına qatmaqla artıq 31 üzvü olan Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq deyib ki, Çin Rusiyaya silah və avadanlıq göndərərsə, bunun ağır nəticələri ola bilər.
Jurnalistlər NATO rəhbərindən “ağır nəticələr”in nədən ibarət olduğunu izah etməsini xahiş etsələr də, Stoltenberq susmağa üstünlük verib. Alyansın belə davranışı Çinin özündə Qərbə qarşı nifrəti körükləyir. Ölkə ictimaiyyəti Qərblə hərbi qarşıdurmanın qaçılmaz olduğunu düşünür.
Fikrət SADIQOV,
siyasi icmalçı, professor:
– Fransa Avropa İttifaqı (Aİ) çərçivəsində həmişə özünəxas xarici siyasət, fərqli bir mövqe nümayiş etdirən dövlət kimi fərqlənib. Bu, həm geosiyasi məqamlarla bağlı olub, həm də digər dövlətlərlə münasibətlərin qurulması ilə əlaqədardır.
Düşünürəm ki, bu dəfə isə Fransa müəyyən mənada Aİ-nin mövqeyini icra edir. Fransa ilə Ai-nin mövqeləri üst-üstə düşür və heç bir ziddiyyət yaranmır.
Fikrimcə, Fransanı, eləcə də rəsmi Brüsseli indi narahat edən əsas məqam Rusiya ilə Çinin bir-birinə yaxınlaşmasıdır. Yada salaq ki, Çinin rəhbəri bir müddət əvvəl rəsmi dövlət səfəri ilə Moskvada olub. Kremldə keçən geniş müzakirələrdən sonra Moskva və Pekin əksər məsələlərlə bağlı razılığa gəldilər, mühüm sənədlər imzaladılar.
Bu da hazırkı gərgin durumda Fransanı narahat etməyə bilməz. Görünür, Çinə səfər zamanı E.Makron burada bir sıra taleyüklü məsələləri aydınlaşdıracaq, Çinin bir çox münaqişələr, xüsusilə Rusiya–Ukrayna münaqişəsi ilə bağlı mövqeyi Fransa üçün maraqlıdır.
Ola bilər ki, Fransa ilə Çin arasında ticari, iqtisadi sahələrdə ikitərəfli sazişlər imzalansın. Çünki Fransa–Çin əlaqələri əvvəlki dönəmlərdə də normal idi. Belə ki, Çin və Fransa həmişə ümumi bir dil tapırdılar.
O ki qaldı Çinin Cənubi Qafqaz regionuna, xüsusilə, Ermənistanın bizə qarşı düşmən münasibətinə, qeyd etmək lazımdır ki, Çin həmişə bizim ərazi bütövlüyümüzü tanıyıb və dəstəkləyib. Rəsmi Pekin Ermənistan–Azərbaycan münaqişəsinin həllində vasitəçilik etməsə də, hər iki tərəflə müəyyən bir məsafə saxlayıb.
Çinin Ermənistanla heç vaxt yaxın münasibətləri olmayıb. Çünki Çini Böyük Asiya dövləti kimi ilk növbədə öz regionunun problemi maraqlandırıb. Böyük güclərlə – ABŞ, Rusiya, Avropa İttifaqı ilə münasibətləri Pekin üçün daha çox əhəmiyyət kəsb edib. Ona görə də biz Çindən hansısa təhlükə gözləməməliyik.
Amma Fransa açıq şəkildə ermənipərəsət mövqe nümayiş etdirir. Paşinyanın təşəbbüsü ilə Fransa Ermənistan–Azərbaycan sərhədində 200 nəfər müşahidəçi yerləşdirib, eyni zamanda Fransa Senatında Azərbaycan əleyhinə qətnamələr qəbul olunur. Rəsmi Paris, faktiki olaraq ölkəmizə qarşı açıq şəkildə qərəzli, subyektiv mövqedən çıxış edir.
Əminəm ki, Fransa–Çin danışıqları zamanı Azərbaycana qarşı yönələn hansısa bir təhlükə müzakirə predmeti ola bilməz. Biz Çin tərəfindən bunu gözləmirik. E.Makron bunu istəsə belə, Si Cinpin heç vaxt belə bir mövqedən çıxış etməyəcək və Fransanı dəstəkləməyəcək.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”