Azərbaycan Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə “Xalq qəzeti”nə məlumat Mətbuat Şurasından daxil olub.
Məlumatda bildirilib ki, imzalanmış sənədlə bağlı keçirilmiş toplantını giriş sözü ilə MŞ sədri Rəşad Məcid açıb. Deyib ki, rəhbərlik etdiyi qurumla Mediasiya Şurasını birləşdirən, müəyyən mənada, ortaq fəaliyyəti təsdiqləyən bir neçə məqam var. Bunlardan birincisi odur ki, hər iki qurum cəmiyyətyönümlüdür, barışdırıcı missiya daşıyır. Mətbuat Şurası media ilə ictimaiyyətin müxtəlif təbəqələrinə məxsus şəxslər arasında kompromis variantların axtarışını, Mediasiya Şurası isə ümumən, vətəndaşlar arasında mübahisəli məsələlərin aradan qaldırılmasını hədəf seçib. İkinci məqam hər iki qurumun məhkəmələrin yükünün azaldılmasına xidmət edən fəaliyyəti ilə bağlıdır.
Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu mətninin hazırlanmasında iştirak etmiş MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, ümumən, mediasiya anlayışının cəmiyyətdə təbliğinə ehtiyac var. O, sənədin bu baxımdan faydalı olacağına inandığını deyib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb. Bildirib ki, qısa müddətdə əldə edilmiş bütün uğurlarda media orqanlarının apardıqları təbliğatın payı böyükdür. Bu təbliğat Mediasiya Şurasına inam və etimad formalaşdırmaq zəminində idi və xeyli müsbət nəticələr əldə etməyə imkan verdi.
N.Adilov vurğulayıb ki, Mediasiya Şurasının ötən il müxtəlif vətəndaşlar arasında barışıq yaratma göstəricisi 39 faiz olub. Bu isə əvvəlki hesabat ili ilə müqayisədə dəfələrlə çoxdur. Şuranın əsasən əmək, kommersiya, ailə-məişət məsələləri ilə əlaqədar mübahisələrin aradan qaldırılması istiqamətində çalışdığını diqqətə çatdıran Nadir Adilov çıxışında, həmçinin media təmsilçilərinin mediator fəaliyyəti göstərməsinin daha uğurlu nəticələr verdiyini diqqətə çatdırıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, cəmiyyətdə mediasiya ilə əlaqədar maarifləndirmə işlərinin aparılması üçün media orqanlarının mövcud istiqamətdəki fəaliyyətinin müəyyən qədər stimullaşdırılmasına ehtiyac duyulur ki, bu baxımdan hər iki qurumun atacağı ilk birgə addım jurnalistlər arasında yazı müsabiqələrinin təşkili ola bilər.
R.AMİN