Balaca ixtiraçıların yaradıcılıq dünyası

post-img

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “STEAM Azerbaijan” layihəsi 2019-2020-ci tədris ilindən start götürüb və dörd ildir ki, bir sıra məktəblərdə pilot layihə kimi tətbiq olunur. Bu, texnologiyanın yeni imkanlarıdır. Müəyyən uğurlar da qazanılıb. 

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyə getməkdən məqsədimiz orada STEAM dərslərinin tədrisi ilə ta­nış olmaqdır. Bizi təhsil ocağının direk­toru Esmira Ağayeva qarşılayır. Orada yaradılmış şərait, təcrübəli müəllim heyəti, yaradıcı şagirdlər ilk andan xoş təəssürat yaradır.

Direktor bildirir ki, 2019-cu ildən tətbiqinə başlanan STEAM layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi XXI əsrin bacarıqlarını for­malaşdırmaq, yaradıcı proses vasitə­silə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. STEAM təhsil metodu şagirdlərimizə elm, texnologiya, mühəndislik, riyaziy­yat olmaqla, beş sahənin birgə və inteq­rasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Elmin və texnologiya­ların öyrədilməsində ənənəvi yanaşma­dan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. 

Layihə müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən yeniliklərin ölkəmizdə tətbiqi im­kanlarının öyrənilməsi və tədrisinə xid­mət edir və 6-cı siniflərdən başlayaraq tədris olunur. 

STEAM dərsləri “3D çap”, “Micro­bitlə proqramlaşdırma”, “Elektrik mü­həndisliyi”, “Biotexnologiya”, “Nano­texnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dron­ları)” üçün hazırlanmış kurikulum üzrə təşkil olunur. Məktəb-liseyin Azərbay­can və rus bölmələrindən 1589 şagird STEAM təhsili alır.

Məktəb-liseydə müasir avadanlıqla təchiz edilmiş siniflərlə tanış oluruq, şa­girdlərin əl işlərinə baxırıq. Çinarə Ka­zımova STEAM, rəqəmsal bacarıqlar, ARTİ layihələri üzrə təlimçi, müəllimdir. Elm və Təhsil Nazirliyinin VI qrant mü­sabiqəsinin qalibi olub. O bildirir ki, süni intellekt şagirdlərin təhsilləri ilə qarşı­lıqlı əlaqədə inqilab etmək potensialına malikdir. Bu layihə ilə işləyən sistem­lər qiymətləndirmə və planlama kimi inzibati tapşırıqları sadələşdirməyə, müəllimlərin tədrisə və tələbə dəstə­yinə diqqət ayırmaq üçün vaxtını azad etməyə kömək edə bilər. Ümumilikdə, süni intellekt öyrənmə nəticələrini yax­şılaşdırmaq və ümumi təhsil təcrübəsini artırmaqla təhsili dəyişdirir. 

Məktəb-liseydə STEAM dərslərini keçən müəllimlər bu bacarıqlara “STE­AM Azərbaycan Mərkəzi”ndə kurs keç­məklə yiyələniblər. Təlimlərə texnologi­ya, riyaziyyat, informatika, fizika, kimya kimi fənləri tədris edən müəllimlər qatı­lıblar. Mərkəzin monitorinq bölməsinin əməkdaşları dərslərin gedişatını izləyib rəy verirlər. 

Son 1-2 il ərzində məktəbin yetərin­cə uğurları da olub. Elm və Təhsil Na­zirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkə­zində keçirilən Beynəlxalq “STEAM Azərbaycan Festivalı 2022”də “Vex V5” kateqoriya üzrə iştirak edən X-RAY ko­mandası “Create Award kuboku”nu alıb. “Robotiks” kateqoriya üzrə iştirak edən 3 və 4-cü sinif şagirdləri isə 3-cü yerə çıxaraq “Attractive Team-2022” nomi­nasıyasına layiq görülüblər. Nazirliyin bu il yanvarın 27-də “Gələcəyin mü­həndisi” IV Respublika müsabiqəsində də liseydən qaliblər olub. Belə ki, 15-17 yaş kateqoriyası üzrə 2-ci yerə kollek­tiv şəklində “BioSpace” komandasının üzvləri Nihad Qənbərov, Həsən Hüsey­nov, Fatimə Əbilova, Elturan Cəbrayılov layiq görülüblər. Bunlardan başqa, Ni­had Qənbərov, Həsən Hüseynov “Vex V 5” yarışmasında fərqləniblər. Komanda yarışmada “Robot Skills “ üzrə də çem­pion olub”. 

10-cu sinif şagirdləri Nihad Qən­bərov və Həsən Hüseynovla həmsöh­bət oluruq. Onların deyirlər ki, hər ya­rışa sevgi ilə hazırlaşırlar. Daha çox komanda şəklində çıxış edirlər. Çünki qiymətləndirən mütəxəssislər koman­danın birliyinə, dostluq-əməkdaşlığa da nəzər yetirirlər. 

Məktəb-liseyin təmsilçiləri “TEKO­NOFEST-Azərbaycan” yarışmasına ağıllı zibil qutuları layihəsi ilə qatılmışdı­lar. Layihə əlil, görmə zəifliyi olan insan­lar üçün nəzərdə tutulub. Zibil qutuları­nın üzərinə sensor quraşdırılıb, onlara yaxınlaşan zaman sensor gələnin insan olduğunu müəyyən edərək, qutularının qapaqlarını açır. Zibil atıb uzaqlaşanda isə qapaqlar avtomatik bağlanır. Bu la­yihə də çox bəyənilmişdi. 

Nihad Qənbərov onu da bildirdi ki, ABŞ-ın Texas ştatının Dallas şəhərin­də keçirilən yarış sayəsində ölkəmizə “Energy Team” kubokunu gətiriblər. Hə­min “Vex V5” yarışması iştirakçı sayına görə rekordlar kitabına düşüb. Qaliblər qayıdanda məktəbdə möhtəşəm şəkil­də qarşılanıblar…

Dərs əsnasında məktəbin rəqəmsal bacarıqlar üzrə müəllimi Aysel Fətəliye­va, STEAM müəllimləri Üzülfət Umaye­va, Mehriban Əliyeva və psixoloq Aqil Mübarizlə də görüşüb tanış olur, dərs prosesini izləyərək zəngin təəssürat əldə edirik. Görürük ki, biliyin tətbiqi, dərsə münasibətdə yeni yanaşma ta­mam fərqli bacarıqlar ortaya qoyur. Bu, həm də şagirdlərin özünə inamını artırır, müstəqil fikir yürütmələrinə imkan yara­dır. 

STEAM texnologiyanın daha mükəmməl formasıdır. Bu metodla şa­girdlərin özlərinin də bilmədiyi bacarıq­ları üzə çıxır. Onların məntiqi, tənqidi, yaradıcı təfəkkürü və düşünmə qabiliy­yəti inkişaf edir. 

 

Əli NƏCƏFXANLI,
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Sosial həyat