Ekoaksiyanın gündəliyi
Laçın–Xankəndi yolunda ekoaksiya keçirən könüllülərimiz ərazilərimizdə erməni barbarlarının törətdikləri ekoloji terrorla bağlı dünya ictimaiyyətinə çağırışlarını davam etdirirlər. İşğal olunmuş ərazilərimizdə müdhiş təhlükəyə çevrilən ekoloji problemlərə etiraz edənlər humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə həmişəki kimi, yenə də maneə törətməyiblər. Belə ki, Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillər aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçirlər. Nəqliyyat vasitələrinin arasında evakuasiya, mətbuat, tibbi yardım maşınlarının, eləcə də təminat-təchizat və minik avtomobillərinin olması yolun humanitar məqsədlər üçün açıqlığını göstərir.
Artıq 118 gündür yüksək ruhla davam edən aksiya bir daha göstərir ki, doğma Qarabağımızın milyon illərin tarixindən süzülüb gələn sirli təbiətinə qənim kəsilən düşmənin məkrli planlarına qarşı xalqımızın mübarizəsi getdikcə dönməz xarakter alır. Ermənistanın törətdiyi ekoloji cinayətlərə dözməyən, onun dayandırılmasını tələb edən ölkəmizin QHT təşkilatlarının nümayəndələrinin, ayrı-ayrı qruplar şəklində tələbə gənclərimizin, könüllülərimizin 3 aydan çoxdur davam edən aksiyasının məramı aydındır. Bunu yüksək səslə beynəlxalq auditoriyalarda, nüfuzlu tədbirlərdə alnıaçıq, üzüağ səsləndirməyimiz erməni tərəfində böyük təlaş yaradır. Erməni lobbisinin böyük canfəşanlıqla Ermənistan mətbuatında yayılan və etirazçıların guya, Xankəndi–Laçın yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı dünyada dezinformasiyalar yayması da tədbirin geniş xarakter aldığını sübut edir. Elə bu günlərdə erməni mətbuatının “Kipr parlamenti qəbul etdiyi qətnamədə Bakını dərhal Laçın dəhlizini açmağa çağırıb” sərlöhvəli xəbəri bəh-bəhlə tirajlamaları aksiyanı dayandırmaq üçün beynəlxalq səviyyədə müntəzəm iş apardıqlarını göstərir. Amma davam edən haqlı etirazlar, eləcə də aksiyanın getdikcə mütəşəkkil hal alması onu deməyə əsas verir ki, heç bir kənar təzyiq ümumbəşəri təhlükə olan ekoloji böhrana haqq qazandıra bilməz. Ekofəallarımız terrora məruz qalan ana təbiətin harayına tələsirlər.
Xarici media, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin yaxından maraqlandıqları ekoaksiyada iştirak etmək və onu işıqlandırmaq üçün Qarabağa gəlmələri tədbirin qlobal əhəmiyyət daşıması ilə yanaşı, haqq səsimizin eşidildiyini göstərir. Aksiyanın dayandırılmasını tələb edən düşmən, həm də istəmir ki, xarici təşkilat nümayəndələri ötən on illər ərzində qədim şəhər və kəndlərimizin, meşələrimizin necə vəhşilklə yerlə-yeksan edilməsini, ərazilərimizdə boş səhra yarandığını görsünlər.
Ümumbəşəri təhlükə olan ekoloji böhranın səbəblərinin aradan qaldırılması üçün xalqımızın gücü, potensialı ilə yanaşı, nüfuzu da kifayət qədərdir. Azərbaycan kimi demokratik ənənələrin bərqərar olduğu və dünyaya açıq ölkələr öz ərazilərində ekoloji tarazlığın pozulması ilə heç vəchlə barışa bilməzlər.
Leyla QURBANOVA,
“Xalq qəzeti”