Fransada Prezident Emmanuel Makronun pensiya islahatlarına qarşı etiraz aksiyalarının 11-ci seriyası davam edib. Aprelin 6-da bütün ölkə boyu keçirilmiş aksiyada yarım milyondan artıq insan iştirak edib. Məlumatı “Euronews” verib.
Ancaq Fransa həmkarlar təşkilatının çağırışı ilə baş tutmuş kütləvi aksiyada etirazçıların sayı ölkə polisinə istinadən yuxarıda göstərilmiş rəqəmdən dörd dəfə artıq olub. Təşkilatın liderləri bildiriblər ki, bir həftədən sonra – aprelin 14-də Konstitusiya Şurası hökumətin pensiya ilə bağlı irəli sürdüyü qanun layihəsinin taleyinə aydınlıq gətirəcək. Hələ ki, həmkarlar və hökumət arasında bununla bağlı danışıqlar dalana dirənib. Odur ki, həmkarlar aprelin 13-də, Konstitusiya Şurasının iclasından bir gün əvvəl növbəti ümummilli aksiya keçirməyə çağırıb.
Budəfəki nümayiş də polislə toqquşmasız ötüşməyib. Fransa DİN-in bildirdiyinə görə, 111 nəfər saxlanılıb, onların yarısı Paris sakinidir. Ümumilikdə, 150 nəfər toqquşmalar nəticəsində xəsarət alıb. Aksiyaçılar Makronun Parisdəki “La Rotonde” adlı kafesini yandırıblar. Polisə butulka və boya atılıb. İki bank binasının şüşələri sındırılıb.
Fransızlar artıq 3 aydır ki, pensiya islahatlarına qarşı etiraz aksiyaları keçirirlər. İslahatlar pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və bəzi xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur.
Dünən “Sarı jiletlilər” hərəkatının başçısı Terri-Pol Valet bildirib ki, pensiya islahatlarının qəbulu yaxın həftələrdə ölkədə sosial partlayışa səbəb olacaq.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”