İrəvan Müəllimlər Seminariyası – iki əsrin milli-mənəvi abidəsi

post-img

Rusiya imperiyası Azərbaycanın şimalını işğal etdikdən sonra xalqımızı tarixi kökündən uzaqlaşdırmaq – xristianlaşdırmaq və ruslaşdırmaq kimi assimiliyasiya üsulları arasında müxtəlif səviyyəli rusdilli məktəblər yaradılmasına da üstünlük vermişdi. XIX əsrin birinci yarısında qəza məktəblərindən sonra Zaqafqaziyada müəllimlər seminariyalarının da açılması bu məqsədə xidmət edirdi. 

Lakin bu məktəblərin fəaliyyə­tinə cəlb edilmiş yerli ziyalıların və onların yetirmələrinin milli-mənəvi varlığımızdan qoparmaq mümkün olmamışdı. Onların yurd sevgisi və sivil dəyərləri mənimsəməsi ölkəmiz­də milli maarifçilik hərəkatını doğur­muşdu. Gürcüstanın Qori şəhərindən sonra İrəvanda da müəllimlər semi­nariyasının açılması bu qədim türk şəhərində yeni tipli ictimai-pedaqoji mühitin formalaşmasına müsbət tə­sir göstərmişdi. Burada təhsil almış soydaşlarımız müstəmləkə şərai­tində Azərbaycan mədəni həyatının dirçəldilməsində, xesusən, İrəvanın, Bakının, Tiflisin milli mərkəzlərində ictimai-humanitar düşüncənin inkişa­fında önəmli rol oynamışlar.

Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illi­yinin qeyd edilməsi haqqında” sərən­camında seminariyanın təhsil tarixi­mizdə və ictimai tərəqqidə xidməti layiqincə əksini tapıb:“ İrəvan şəhəri tarixən azərbaycanlıların köklü ya­şadığı böyük elm, maarif və mədə­niyyət mərkəzlərindən biri kimi şöh­rət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərki­binə qatıldıqdan sonra burada dün­yəvi təhsilə xüsusi diqqət yetirilmə­sində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır”.

Bütün bunlar barədə kommunist rejiminin imkan verdiyi səviyyədə tədqiqat aparılsa da, İrəvan semi­nariyasının Qərbi Azərbaycanda milli-mənəvi mövcudluğun qorunub saxlanmasında xidmətləri arxa plan­da qalmışdır. Tanınmış pedaqoq alim, professor Fərrux Rüstəmovun “İrəvan Müəllimlər Seminariyası və onun azərbaycanlı məzunları” mo­noqrafiyası Prezident İlham Əliyevin himayəsi ilə yeni mərhələyə daxil olmuş Qərbi Azərbaycana qayıdış hərəkatının mənəvi əsaslarının ha­zırlanması işinə layiqli töhfədir. Xa­tırladaq ki, Azərbaycan pedaqoji mühitinin böyük şəxsiyyətləri, ölkənin təhsil quruculuğu sahəsində əhə­miyyətli yeri və mövqeyi olan təhsil müəssisələrinin öyrənilməsi alimin çoxşaxəli yaradıcılığının tərkib his­səsidir. 

Müəllifin qədim, doğma yurd yeri kimi İrəvan şəhəri, Rusiyanın işğalın­dan sonra burada yaradılmış dünyəvi məktəblər, şəhərin maarifçilik mühiti, bu mühitin görkəmli simaları, məşhur ana dili məktəbləri ilə bağlı fikirləri də İrəvan ictimai-mədəni mühit mərkəzi­nin ümumi mənzərəsini tamamlayır. Bu zəngin təhsil mühitində, qabaqcıl pedaqoji ideyalarla süslənmiş şəra­itdə İrəvan Müəllimlər Seminariya­sının yeri və mövqeyini müəyyən­ləşdirmək baxımından bu araşdırma mühüm əhəmiyyət kəsb edir. 

Əsərdə İrəvan ictimai-mədəni və pedaqoji mühitində Müəllimlər Semi­nariyasının yaranma və inkişaf mər­hələləri, onun tədris-tərbiyə işində uğurları, təhsil sahəsində verdiyi bəh­rənin azərbaycançılıq məzmununun əsasları, müəllimlərin və tələbələrin şəhərin ictimai-mədəni həyatında iş­tirakı, müxtəlif illərdə seminariyaya rəhbərlik etmiş pedaqoqlar, semina­riyanın azərbaycanlı müəllimləri və məzunları haqqında ilk mənbələrə əsaslanan materiallar daxil edilmiş­dir. Təbii ki, onların hər biri ayrılıqda əsər boyu izlənilmiş məqsədin his­sələridir. 

Müxtəlif illərdə seminariyaya rəh­bərlik etmiş şəxslər, şəriət və Azər­baycan dili müəllimləri, azərbaycanlı məzunlar haqqında məlumatlar mo­noqrafiyanındəyərini artırır. Burada seminariyanın azərbaycanlı müəllim­ləri Axund Məmmədbağır Hacı Meh­di oğlu Qazızadə, Axund Əbülhəsən Qazızadə, Rəhim Musarza oğlu Xə­lilov, Həmid bəyXəlil ağa oğlu Şah­taxtinski, Mirzə Cabbar Abbas oğlu Məhəmmədzadə, Həbib bəy Yusif bəy oğlu Səlimov haqqında təfsilatlı məlumatlar maraqla oxunur. Bir çox tədqiqatlarda Mirzə Məmmədvəli Qəmərlinskinin Seminariyanın ana dili müəllimi olduğuna aid yer almış fikir həqiqəti əks etdirmir. Tədqiqat­da “Məmmədvəli Qəmərlinski İrəvan Müəllimlər Seminariyasının ana dili müəllimi olubmu?” sualına etibarlı sənədlər əsasında aydınlıq gətirməsi də problemin elmi dəyərinə müəllifin necə əhəmiyyət verdiyini təsdiq edir. 

Monoqrafiyada seminaristlərin rus dilli nəşrlərdə iştirakı, sonralar ali təhsil almış seminariya məzunla­rı, onların ana dilinin təbliği və təd­risində rolu, 1918-ci ildən 1948-ci ilədək məkirli erməni siyasətinə mə­ruz qalmış seminariyanın (pedaqoji texnikumun) Azərbaycana deporta­siya edilməsi də müəyyən səviyyədə işıqlandırılmışdır. Əsər “...140 ildən sonra” mətni ilə başa çatır ki, burada 2022-ci ildə ali və orta təhsil müəs­sisələrində və elmi-kütləvi kitabxana­larda seminariyanın 140 illiyi ilə bağlı tədbirlərdən söhbət açılır. 

Yekun qənaətimiz belədir ki, uzun illər təhsil tariximizin öyrənilməmiş sosial-pedaqoji problemi haqqında yazılmış monoqrafiya bu təhsil oca­ğına qayıdışa bir ərməğan, müəyyən zaman, vaxt çərçivəsində elmi mühit üçün, oxucu üçün etibarlı mənbə ola­caqdır.

 

Vahid RZAYEV,
Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

Siyasət