Yurd havası, Göyçə həsrəti

post-img

“Birdən ayağının altından xoş bir gizilti keçdi və bu ani titrəyiş bütün bədəninə yayıldı. Bu giziltinin nə ilə bağlı olduğu hansı möcüzə iləsə, ona o saat əyan oldu; ayaqlarının altı kənddə evlərindən bir xeyli aralı, çayqırağı uzanan, hələ şumlanmamış, yaz günəşinin altında yaxşıca qızmış, yupyumşaq tütün yerindəki torpağı xatırlamışdı; 20-30 il bundan əvvəl uşaq vaxtı, hey belədən-elə, elədən-belə ayaqyalın, yarıçılpaq qaçdığı torpağın varlığını...”

Bu sətirlər yazıçı Rüstəm Dastanoğlu­nun “Torpağın ruhu” adlı hekayəsindən­dir. Oğlunun çığır­tısına ayılan atanın ayağının altından keçən gizilti onun həm də yaddaşını oyadır. Dəyirmanın suyunu kəsdiyinə görə püştəyə – suya salınan anası, anasını su­dan çıxmağa qoymayan dəyirmançı, bu hadisədən qəzəblənən nənəsi, uşaq vaxtı arxasınca qaçdığı re­zin top, ayaqlarının altında xıncım-xıncım olan yup­yumşaq tütün şaxları gözləri önündə canlanır. 

Rüstəm Dastanoğlu qədim Göyçə mahalının Daşkənd kəndində dünyaya göz açıb. Orta təhsilini Bakıdakı 5 saylı kimya-biologiya təmayüllü məktəb­də alıb. Ukraynada Kiyev Politexnik İnstitutuna daxil olaraq ali məktəbi atom-fizikası ixtisası üzrə bitirib. 

Çox gənc yaşlarından bədii yaradıcılıqla məşğul olan Rüstəm Das­tanoğlunun “Tən­halıq həsrəti” he­kayəsi 1989-cu ildə “Ulduz” jurnalının 11-ci sayında dərc edilib, oxucular və ədəbi tənqid bu ilk nümunəni maraqla qarşılayıb. Publisis­tik yazıları, esseləri “525-ci qəzet”də, “Millət” qəzetində vaxtaşırı çap olu­nub. 

Əməkdar in­cəsənət xadimi, tanınmış yazıçı, ki­nossenarist Orxan Fikrətoğlu “Dü­şüncələrimin kölgəsi” kitabına yazdığı “Ön söz”də Rüstəm Dastanoğlunun yaradıcılığını təhlil və təqdim edərkən onun yurd havasına, torpaq ruhuna köklən­miş mənəvi aləminə xüsusi dəyər verir: “Mən Rüstəm Dastanoğlunu cismən 30 il, ruhən dastan dövründən bu yana tanıyıram. Özü də yaxşı tanıyıram. Bu 30 ildə zamanın özü belə dəyişsə də, onu dəyişə bilməyib. Rüstəm folklor dövrünün bayatı havası, Aşıq Ələs­gər irfanı, Kiyev intellektual taxçası, sərt Bakı reallığı ovqatının sintezində yaratdığı öz nəsr fəzasını hələ çox gənc yaşlarından ilmə-ilmə hörür. Onun ilk he­kayəsi 80-ci illərdə artıq püxtələşmiş nəsr nümunəsi kimi dövrün məşhur ədibləri tərəfindən qəbul edilir­di. Amma əsas olan bu deyil. Əsas olan Rüstəmin Göyçədən, ancaq onun Daşkəndindən qaynaqlanan və bu günə qədər yaşadığı ədəbi və əbədi hissi duy­ğular, nəsrinin kökündə dayanmış ənənə silsiləsidir”

Rüstəm Dastanoğlu müxtəlif illərdə dövri mətbu­atda, ədəbi dərgilərdə işıq üzü görən hekayələrini, esse və müsahibələrini niyə məhz indi “Düşüncələ­rimin kölgəsi” adlı kitabda toplamasını belə izah edir: “Bir dəfə Azərbaycanımızın, eləcə də dünyanın bö­yük şairi Ramiz Rövşən mənə dedi ki, yazılan yazılar da insanlar kimidir. Əgər yazılar jurnallarda, qəzetlər­də çap olunub qalırsa, kirayədə yaşayan insan kimi, onlar da elə bil kirayələrdə yaşayırlar, daimi ünvanı olan mənzilləri olmur. Elə ki, onları toplayıb kitab halına salırsan, çap elətdirirsən, deməli, onların da mənzilləri olur. Mən də o qərara gəldim ki, müxtəlif zamanlarda, ayrı-ayrı mətbu orqanlarında çap olu­nan, dağınıq halda yaşayan yazılarımın bir hissəsini bir dam altına – bir kitabın içində toplayım”. 

Qeyd edək ki, “Düşüncələrimin kölgəsi” kitabı İstanbul “Copyright Awards” müsabiqəsinin qalibi “Qanun” nəşriyyatında çap olunub. Araz Yaquboğlu­nun redaktorluğu ilə nəşr edilən bu kitabda müəllifin hekayələri, esse və publisistik yazıları, yol qeydlə­ri, eləcə də müsahibələri toplanıb. Toplanıb ki oxu­yaq: “Birdən ona elə gəldi ki, canındakı o torpağın xoş giziltisi – ruhu onu qucaqlayıb yatmış oğluna da keçdi... Və əminliklə inandı ki, günlərin birində belə­dən-elə, elədən-belə qaçdığı o torpağın üstündə oğlu da qaçacaq və onun varlığına da bu xoş gizilti hakim kəsiləcək və o nə qədər başını sındırsa da, canın­dakı hissin ona hardan tanış olduğunu heç cür tapa bilməyəcək”.

Biz də oxuduq və əmin olduq ki, gün gələcək, Rüstəm Dastanoğlunun Göyçə həsrətinə son qoyu­lacaq, istedadlı yazıçı doğma Daşkəndini qarış-qarış gəzək, Çınqılın dibindəki tütün şitillərini suvaracaq, Ağdaşın altı deyilən təpənin ətəyi ilə evlərinə qayı­dacaq, dünyadan izsiz köçən, sonsuz Xeyransa xa­lanın məzarı üstündə Quran oxutduracaq (“Tənhalıq həsrəti”), kölgəsi hər yanı basmış təpənin ətəyi ilə gəzəndə gözləri yenə yol çəkəcək (“Kölgə”), birinci sinifdən dördüncü sinfə kimi oxuduğu dar sinif otağı­nı görəcək, dərs zamanı dərin xəyallara dalan Həsən müəllimi yad edəcək (“Yol”). 

İnanırıq ki, o günlər uzaqda deyil!

 

Etibar CƏBRAYILOĞLU



Sosial həyat