Qəlbi dağlanmış ananın fəryadı...

post-img

Xalqımın ürəyinə çəkilən dünyanın ən ağır dağı – Xocalı dağı illərdir ki yandırır, yaxır... O qədər də uzaq olmayan tarixdə – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən qətliam insanlığın ən eybəcər nümunəsini – erməniliyin simasını bütün çılpaqlığı ilə açıb göstərdi. 

Xocalının al-qana bələndiyi həmin müdhiş gecədə bir ana da balaları ilə Vətəndən baş götürüb qaçırdı. Kürəyinə ermənilərin qanını axıtdığı 11 yaşlı oğlu­nun meyitini bərk-bərk sarımışdı... yanın­da 10 yaşlı oğlu, 8 yaşlı çəlimsiz, ayaqya­lın qızı da qaçırdı. 

Nuridə Ələkbərovanın o vaxtdan baxışları soyuqdur, xəyalı şaxtalı meşə­də, dağda, dərədə gəzir. “İllər elə bil qo­caltmır bizi – ürəyi dağlı Xocalının yaralı qəlbli analarını...”, – deyir. 

Elə o vaxtdan, qandonduran gecədən indiyədək hər səhəri özü ilə danışa-danı­şa açır. Axşamçağılar həyəcan keçirir. Şaxtalı gecələrdə özünə yer tapa bilmir. 11 yaşlı oğlu durur gözünün qabağında...

Onunla evində görüşdük, dünyanın yükünü çəkən gözləri yenə dolmuşdu. Həmin gecəni xatırladı, çalışdı ki, xa­tirələri nizamlasın, ipə-sapa düzsün. N.Ələkbərova o gecənin dəhşətli anla­rının yaddaşına əbədi köçdüyünü de­yir: “Elə bil hər şey bugünkü kimidir. Yoldaşım postda növbədə idi. Təlaşla təxminən gecə saat 11-də evə gələrək, tez uşaqları oyatmağımı və qonşumuz Ələsgər (Ələsgər Novruzov, Azərbay­canın Milli Qəhrəmanı) müəllimin evinin zirzəmisinə getməyimizi tapşırdı. Dedi ki, ermənilər rusların 366-cı alayı ilə birləşib tanklar, “BTR”-lərlə hücum çəkiblər. Bir neçə saat zirzəmidə qaldıq. Birdən kənd­çimiz Murad – onun da bacı və qardaşını həmin gecə öldürdülər – yanımıza gəlib dedi ki, tez çıxın, meşəyə qaçın. 

Başa düşdük ki, artıq evə dönüb isti paltar götürə bilməyəcəyik. Hamı qışqırıb meşəyə tərəf üz tutdu. Ermənilər artıq kəndi yandırmağa başlamışdılar. Bö­yük oğlum 5-də, ikincisi 4-də, qızım isə 2-ci sinifdə oxuyurdu. Qızım ayağındakı çəkələkləri yolda itirmişdi. Meşənin qa­lınlığı, qaranlıq, şaxta, palçıq irəliləməyə imkan vermirdi. Ermənilər kimi tuturdu­larsa, olmazın amansızlıqla öldürürdülər. Kimin barmağında üzük var idi, barma­ğını kəsirdilər. Hamilə qadınların qarnını cırıq-cırıq edirdilər. 

Bəzi yerlərini buz bağlamış Qarqar çayını keçərkən, əsl fəlakətlə üzləşdik. Yarıbuzlu su bəzən dizə, bəzən isə qur­şağa qədər çıxırdı. Yaralanan, ölən, ya­rıyolda qalan... insanların yalvarış dolu ah-nalələri göyə qalxırdı. Səhər tezdən meşədən çıxanda hava yavaş-yavaş işıq­laşırdı. Müsibət isə qabaqda imiş. Əsgə­ranla Naxçıvanikin arasında qalmışdıq. Çox təhlükəli yer idi. Birdən düşmən ağır silahlar ilə hücuma keçdi. İrəlidə düzənlik idi, daldalanmağa, gizlənməyə yer olma­dığından kimi geri – meşəyə sarı qaçdı, azdı. Traktor arx kimi bir yer qazmışdı. Biz isə onun içərisi ilə sürünə-sürünə ge­dirdik. Güllə ilə vurulan insanlar ayaqları­mızın altında çabalayırdılar. Uşağını be­linə şələləyən, qucağına götürənlərdən neçəsinə güllə dəyib həm özünü, həm uşağını öldürdü. Birdən yaxın qonşumuz Məlahətin ətürpədən qışqırığını eşitdim. Dönüb baxanda əri və ikinci sinifdə oxu­yan qızının al qanın içində olduğunu gör­düm. Bacımın qaynı Talehi vurmuşdular. Qollarının üstündə uşaq çox körpə idi. Qışqıraraq ətrafdakılara yalvarırdı ki, ölürəm, körpəmi də aparın”. 

Donuq baxışlar ilə sanki xatırlayırmış kimi bir müddət dinmədi. Amma yox... elə xəyalındakıları dilə gətirə bilmirdi. Oğlu­nun ürəyinə güllə dəydiyini axı necə da­nışsın? 

Doluxsunub “Səxavət yıxılanda elə bildim ki, güllədən qorunmaq üçün uza­nıb. Qaldıranda dedi ki, mama, məni tərpətmə, güllə dəyib, ağrıyıram. Paltonu açanda onu qan apardığını gördüm. Ba­lamı bir az qolumun üstündə sürüdüm. Qışqırırdı ki, ağrıyıram. Heç 20 dəqiqə aparmamışdım ki, birdən əlləri üzümə sarı uzandı. Qucağımdaca keçindi. Bir­dən elə bil qəlbim daşa döndü. Sakitcə ona baxırdım. Yanımdan keçənlər “Onu yerə qoy. İki uşaqla qaç”, – deyirdilər. 

“Bir müddət hərəkətsiz qaldım. Elə bi­lirdim ki, getsəm, arxamca qışqıracaq ki, məni niyə qoyub getdin. Soyuqdan donan qızım da, oğlum da ağlayırdılar. Qarda­şım ağır yaralanmışdı. Sürünürdü, bizə çatıb uşaqlarımı da arxası ilə sürüməyə başladı. Kəndimizdə Elxan adında oğlan var idi. Rəhmətlik Aslan kişinin oğlu. Onun da bacısını yaralamışdılar. Baş yaylığımı verib uşağın meyitini kürəyimə bərk-bərk bağlamasını istədim”, – deyə davam edir. 

Kürəyində meyit bir neçə saat sürü­nüb. Ağrıya dözə bilməyib, ayağa qalxa­raq güllələrin yağdığı düzənliklə irəliləyib.

Nuridə Ələkbərova yüz dəfə ölüb-di­rildiyini deyir: “Hər dəfə güllə atılanda ölüb dirilirdim. Deyəsən, daha qızım da ağrı hiss etmirdi. Qar coraba yapışıb, buza çevriləndə əlimlə onu təmizləyib, yenə davam edirdik. 

Ağdamın Şelli kəndinə çatanda kürə­yimdən uşağı açan bir oğlan elə bildi ki, onun öldüyünü bilmirəm: “Anam, uşaq yatıb, qoy dincəlsin”, – dedi. Mən isə sa­kitcə “Bilirəm, yatmayıb, ay oğul, ölüb. Meyit gətirirəm”, – dedim. Kollar, ağaclar saçımı, paltarlarımı didik-didik etmişdi. Ətrafdakıların mənim haqqımda “Başına hava gəlib”, – pıçıltılarını eşidirdim. 

Həmin gün uşağı dəfn etmək istəyib­lər. Nuridə ana isə qoymayıb: “Onu bir gecə bağrıma basdım. Amma soyuq əllə­rini, ayaqlarını qızdıra bilmədim”. 

N.Ələkbərovanın yoldaşı Təvəkkül həmin gecə kəndin özünümüdafiə batal­yonunda düşmənə qarşı ölüm-dirim sa­vaşına girmişdi. Uşaqlarını isə Xocalıya əmanət etmişdi. O, doğma torpağını, yur­du isə balalarını qoruyurdu. Əhd-peyman bağlamışdılar. 

O müdhiş gündə Təvəkkül Ələkbərov qeyri-bərabər döyüşdə düşmənə qarşı qəhrəmancasına döyüşüb, canını Vətən yolunda qurban verib. Başı müsibətlər çəkən Xocalı da əhdinə xilaf çıxmayıb. Bu gün yaşayır, mübarizə aparır, sakinlə­rinə qovuşacağı günü gözləyir. 

 

Leyla QURBANOVA

Qan yaddaşı