“Cəhənnəmi bu dünyada yaşadım”

post-img

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu hadisə təkcə xalqımıza deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bir vəhşilik aktıdır.

Qar qırmızı qana boyandı

Xocalılılar qanlı faciəni ürəkağrısı ilə xatırlayırlar. Azad Abbasov deyir ki, post-patrul xidmətinin polis nəfəri kimi xidmətdə olub. “Xocalı şəhəri müha­sirədə idi. Sonuncu helikopter 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulması və nəticədə 40 nəfərin həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Şəhərə elektrik verilmirdi. Bütün avtomobil yol­ları ermənilərin nəzarətinə keçmişdi. Şəhərdən çıxıb Ağdama, Şuşaya getmək mümkün deyildi. Bizi qarşıda çətinlikər gözləyirdi, hər gün vəziyyət ağırlaşır, ər­zaq çatışmırdı: nə un, nə çay vardı. Çay dəmləmək üçün dağlardan yığdığımız kəklikotundan istifadə edirdik.

Həmin vaxt şəhərdə 3 minə yaxın insan qalmışdı. Çünki Xocalı mühasirə­də qaldığı 4 aydan artıq zaman ərzində əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.

Ermənilər isə cəbhə xəttinə canlı qüvvə və zirehli texnika yığır, yaxınlıq­dakı erməni kəndlərində döyüş mövqeyi tuturdular. Biz bunları görürdük, amma inanmırdıq ki, hücuma keçərlər.

Texnikanın əsas hissəsi 366-cı alaya məxsus idi. Düşmən onlardan istifadə edərək tez-tez azərbaycanlıların yaşayış məntəqələrini atəşə tuturdu. Bu vəziy­yət fevralın 25-dək davam etdi. Fevralın 25-də isə Xocalı şəhəri ətrafında fərqli vəziyyət yarandı. Səhər saatlarında 366-cı alayın texnikasının səsi daha gur eşi­dildi. Axşama doğru isə şəhər artilleriya və ağır hərbi texnikadan atəşə tutuldu. Fikirləşdim ki, atəş uzun çəkməz, yenə sakitlik yaranar. Amma yanıldım. Axşam Xankəndi, Daşbulaq, Noraguh və Əsgə­ran istiqamətindən Xocalıya hücum oldu. Öndə 366-cı alayın hərbi texnikası, on­ların ardınca rus-erməni silahlı dəstələri Xocalını odlu məngənə arasına aldılar. Şəhər hər tərəfdən müxtəlif növ silahlar­dan güclü atəşə tutuldu.

Xocalının müdafiəsi əsasən atıcı si­lahlar ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüş­çülərindən təşkil olunmuşdu. Bacardığı­mız qədər müqavimət göstərdik.

Artıq gecə saat 11-ə işləmiş 366-cı alayın texnikası və ermənilər Xocalının mərkəzinə doğru irəliləyirdilər. Qaçıb ca­nını qurtarmağa macal tapmayan xocalı-lılar: qocalar, qadınlar, uşaqlar gülləba­ran edilir, zirehli texinakanın altında qalır­dılar. Evlər od tutub yanırdı. Şəhərdə ən çox “Fin evlər”də yaşayanlar vəhşiliyin qurbanı oldular. Onlar düşmənin hücu­mundan xəbərsiz idilər. Çünki güllə səs­ləri hər axşam eşidilirdi və inanmırdılar ki, ermənilər şəhərə girərlər. Bir də “Zaprav­ka” deyilən yerdə ölənlər çox idi. 

Aeroportun rəisi Əlif Hacıyev Şuşa­ya, Ağdama Xocalıdakı vəziyyət barə­də dalbadal məlumat verir, kömək üçün xahiş edirdi. Ümid edirdik ki, bizə kömək gələcək, amma gəlmədi. Vəziyyət isə hər an pisləşirdi. Belə bir durumda, Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhərdən çıxmağa məcbur olduq.

Əlif Hacıyevin dəstəsinə qoşulub meşə yolu ilə Ağdama üz tutduq. Şəhər­dən çıxanda dəstəmizdə, ən azı, 1200, bəlkə də 1500 adam vardı və Kətik meşəsi ilə Ağdam istiqamətinə gedirdik. Qabaqda döyüşçülər, arxada qoca, qa­dın və uşaqlar hərəkət edirdilər. O vaxt subay idim və yanımda anam, iki bacım və böyük bacımın iki oğlu vardı. “Xocalı” batalyonunun komandiri Tofiq Hüseyno­vun ata-anası, iki qardaşı və həyat yolda­şı da bizim dəstədə idi.

Yolda bacımın 18 günlük uşağı ağla­dı, nə qədər çalışsaq da, sakitləşdirə bil­mədik. Düşmən uşağın səsindən yerimizi müəyyənləşdirə bilərdi. Ona görə bizdən xahiş etdilər ki, onu susduraq. Anam körpəni əlimdən alıb kolluğa atdı. Vicda­nım götürmədi, geri qayıdıb uşağı kolluq­dan çıxartdım, amma ağlamağı kəsmədi. Körpə ikinci dəfə kolluğa atıldı. Meşənin içi ilə xeyli yol getmişdik, dönüb bacıma baxanda ağladığını gördüm və yenə geri qayıdıb uşağı kolluqdan götürdüm, qalın ədyala bükdüm. Sakitləşdi, Şelliyə çata­nadək səsi çıxmadı.

Kətik dağının ətəyinə çıxanda ar­tıq səhər saat 6-ya qalmışdı. Meşədən çıxan kimi ermənilərin iki postu arasın­dakı sahəyə düşdük. Postlardan biri “Do­nuz ferması” deyilən yerin yaxınlığında, ikincisi isə boz təpəlikdə yerləşirdi. Hər iki postdan və yaxınlıqdakı Naxçıvanik kəndindən ermənilərin çarpaz atəşinə tuş gəldik. Camaat pərən-pərən düşdü. Nəticədə 200-dən çox adam öldürüldü, onların qanı qarı qırmızıya boyadı. Hə­lak olanların arasında Tofiq Hüseynovun ailə üzvləri (5 nəfər) də vardı. Cəhənnə­mi orada yaşadım. Xocalılıların ah-naləsi hər tərəfi bürümüşdü: qışqıran, ağlayan, inildəyən, üstəlik də güllə səsi. Sanki qi­yamət yaşanırdı. Nə irəli gedə, nə də geri meşəyə qayıda bilirdik. 

Döyüşçülər ratsiya ilə vəziyyətimizi bildirir, kömək istəyirdilər. Kömək isə gəl­mirdi. Silahı olanlar döyüşə girərək sağ qalanların qaçıb meşədə gizlənməsinə şərait yaratdılar. Orada çoxlu sayda əsir düşənlər də oldu.

Fevralın 27-si səhər tezdən ailəliklə Şelliyə gəldik və bizi Aqil adlı bir nəfər evinə dəvət etdi. Ədyala bükülü uşağın səsi çıxmırdı, sanki ölmüşdü, bu sə­bəbdən də yumağı həyətdə qoyub içəri girdim. Ev sahibinin balaca qızı bunu gördü və anasının yanına qaçıb yumağı göstərərək, “Dayı ora nəsə qoydu”– dedi. Anası da yumağı götürüb işəri gətirdi, xeyli açmalı oldu, sonra ona sakit-sakit baxan uşağı gördü. İki gün səsi çıxma­yan uşaq Allahın mərhəməti sayəsində sağ qalmışdı.

Məncə, o vaxt Şuşa və Ağdam tərə­findən erməni mövqeləri atəşə tutulsaydı, onların qüvvələri parçalana bilərdi, pə­rakəndəlik yaranardı, nəticədə bu qədər itki olmazdı. 

Ertəsi gün Ağdama gəldik. Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirildi, on­larla meyit təhqirə məruz qalmışdı. Şəfa kişinin başının dərisini soymuş, oğlu Muradın qızıl dişlərini çəkmiş, gözlərini çıxarmışdılar. Yaşarın isə burnunu və qu­lağını kəsmişdilər. Təvəkkülün qollarını məftillə bağlayıb təkərin üzərinə qoyub yandırmışdılar. Hafizin isə başını kəsmiş­dilər”. 

Ermənilər vəhşicəsinə onlarla Xocalı sakininin başının dərisini soymuş, başla­rını və bədəninin digər orqanlarını kəs­miş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Bəziləri isə diri-diri yandırılmışdı. Çox dəhşətli mənzərə idi, unudulması mümkün deyil, unuda da bilmərik.

Azad Abbasov deyir: “Baxmayaraq ki, 31 il keçib, o dəhşəti unutmaq çox çətin­dir. Xatırladıqca halım pisləşir, ürəyimə kədər çökür, kürəyimdən soyuq tər axır. 

Neçə illərdir bizim həsrətlə baxdığı­mız kimi, inanın, ondan da böyük həsrət­lə o torpaqlar bizi gözləyir.

Bundan sonra neçə il yaşayacağımı bilmirəm... Son günlərimi Xocalıda yaşa­maq istəyirəm”.

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Qan yaddaşı