Sovet dövründə Azərbaycan torpaqlarının Ermənistana bağışlanması tarixçəsi

post-img

“Sovet hakimiyyəti dünyanı Rusiya imperiyası ərazisinə azadlıq və bərabərlik gətirdiyinə inandırmaq üçün Azərbaycanın ərazisində yaşayan bütün xalqların da sosial və milli azadlığını elan etmişdi. Qədim türk məmləkəti olan bu əraziyə müxtəlif vaxtlarda köçürülmüş milli azlıqlar arasında ermənilər faiz etibarilə çoxluq təşkil edirdi. Onların böyük əksəriyyəti Qarabağın dağlıq hissəsində və Qərbi Azərbaycanda yığcam şəkildə, azərbaycanlılarla qonşuluqda yaşayırdı”. AMEA Tarix İnstitutunun şöbə müdiri, Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev qəzetimizə bu açıqlamasının davamında bildirdi:

– Ölkəmizin şımalının 1920-ci ildə Rusiya tərəfindən yenidən işğalı Er­mənistanın Azərbaycana qarşı ərazi iddialarını daha da qüvvətləndirdi. Qərbi Azərbaycanda qurulmuş ermə­ni dövlətində hakimiyyəti daşnaklar­dan qəbul etmiş “erməni kommunist­ləri”nin sovet Rusiyasının hərtərəfli yardımı ilə yeni türk torpaqlarına (Qarabağ, Zəngəzur, Naxçıvan və s. bölgələrə) yiyələnmək siyasəti xeyli fəallaşdı. Rusiya isə Ermənistanı da tutmaq və bu işi, habelə digər planla­rını asanlıqla başa gətirmək məqsə­dilə Azərbaycan torpaqlarını ona “ba­ğışlamağa” başladı. 

Zəngəzurun bir hissəsinin Er­mənistana verilməsində AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1920-ci il noyabrın 30-da keçirələn birgə iclasının qəbul etdiyi qərarın böyük “xidməti” oldu. Qərarda bütövlükdə bölgənin Ermənistana birləşdirilməsi nəzərdə tutulsa da, 1921-ci ilin yayın­da qəzanın ermənilər üstünlük təşi­kil etdiyi ancaq qərb hissəsi burada yuva salmış Njdenin quldur dəstələ­ri Qırmızı Ordu tərəfindən məğlub edildikdən sonra Ermənistana bir­ləşdirildi. Zəngəzurun bir hissəsinin Ermənistana keçməsində Sovet Ru­siyasının qüvvətli təzyiqi, Azərbay­can rəhbərliyində qeyri-milli qüvvələ­rin anti-Azərbarbaycan fəaliyyətləri başlıca rol oynadı. 

Bununla yanaşı, dünya inqila­bına, ifrat beynəlmiləlçilik ideyalara xidmət edən azərbaycanlı bolşevik rəhbərlərinin yanlış hərəkətləri Zən­gəzurun bir hissəsinin itirilməsinin səbəblərindən sayıla bilər. Tezliklə bu addımın acı nəticələrini Nəriman Nərimanov özü də dərk və etiraf et­mişdi. O, V.Leninə 1921-ci ildə gön­dərdiyi məktubunda yazırdı: “Əgər Azərbaycanın müsəlman kommu­nistlərinin əksəriyyəti…millətçilik əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru almazdı”. Nərimanovun Leninə digər bu məz­munlu məktubunda yenə də etiraf olunmuşdu: “Azərbaycan hətta siyasi mülahizələrə görə bunun mümkün olmadığı bir vaxtda belə Ermənista­nın xeyrinə öz torpaqlarından imtina etmişdi”. 

– Qarabağın dağlıq hissəsində erməni muxtariyyəti necə meyda­na gəlmişdi? 

– Qarabağda qondarma erməni dövləti yaradılması ideyası rus işğa­lından əvvəlki dövrdən qaynaqlanır. Bu ərazini sovet Ermənistanına bir­ləşdirmək ideyası baş tutmadıqda ermənilər orada müxtariyyət yaradıl­ması avantürasını gerçəkləşdirmək uğrunda inadlı mübarizəyə başla­mışdılar. 1920-ci il noyabrın 29-da Ermənistanın sovetləşməsindən sonra Azərbaycanla dövlətlərara­sı ərazi münaqişəsi faktiki olaraq daxili məsələyə çevrilmiş, danışıqlar isə RK (b) P MK Qafqaz bürosunun göstərişi və nəzarəti ilə aparılmışdı. 

1920-ci il noyabrın 30-da Ermə­nistanda Sovet hakimiyyətinin qurul­ması münasibətilə AK (b)P MK Siya­si və Təşkilat Bürosunun çağrılmış xüsusi birgə iclasında, Qarabağın Dağlıq hissəsinə öz müqəddəratı­nı təyin etmək hüququnun verilməsi haqqında qərar qəbul olunmuşdu. Bu qərar N. Nərimanovun 1920-ci il de­kabrın 1-də Bakı Sovetinin iclasında söylədiyi nitqində də əksini tapmışdı. O, təsdiqləmişdi ki, Dağlıq Qaraba­ğın əməkçi kəndlilərinə öz müqəddə­ratını təyin etmək hüququ verilir. 

– 35 il əvvəl Xankəndidə start götürmüş separatçı”Miatsum” hərəkatı da Azərbaycana qarşı bu xəyanətkar qərarı hüquqi baza kimi əsas götürmüşdü.

– Əslində, Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə hüququnun verilməsi formulu əvvəldən çox qey­ri-müəyyən idi. İstər 1920-ci il noyab­rın 30-da AK(b)P MK-nın qərarından, istərsə də həmin il dekabrın 1-də Bakı Sovetinin iclasında Nərimano­vun bəyanatından aydın deyildi ki, muxtariyyət əraziyə və ya etnik az­lığa verilir. 

Sonraki hadisələr onu göstərmiş­di ki, N. Nərimanov Dağlıq Qarabağ haqqında verdiyi bəyanatla bu ərazi­nin Azərbaycandan ayırıb Ermənis­tana verilməsini nəzərdə tutmurdu. Heç şübhəsiz ki, həm 1920-ci il 30 noyabr tarixli qərar, həm də Nəri­manovun 1 dekabr tarixli bəyanatı Moskva emissarlarının təzyiqləri şəraitində Azərbaycan hökumətinin İrəvanda hakimiyyətə yenicə gəlmiş erməni kommunistlərini mənəvi və siyasi baxımdan dəstəkləməyə, onla­rın öz opponentlərinə “proletar həm­rəyliyi” şəraitində, mübahisəli ərazilər məsələlərini necə həll olunduğunu nümayiş etdirmək məqsədilə atılan məcburi addım idi. Amma, istənilən halda, Azərbaycan rəhbərliyinin bu addımları Bakının Dağlıq Qarabağa muxtariyyətin verilməsinə hazır ol­duğunu Ermənistana nümayiş etdir­mişdi. 

1921-ci il iyulun 5-də RK(b)P MK Qafqaz bürosu RK(b)P MK tam tərkibdə toplaşaraq, üç nəfər bitərəf qalmaqla qərara almışdı: “Müsəl­manlarla ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrini, onun Azərbaycanla daimi əlaqəsini əsas tutaraq, Dağlıq Qarabağ Azərbay­can SSR-in hüdudlarında saxlansın, onun tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəzi olmaqla geniş vilayət muxtariyyəti verilsin.

– Cənubi Qafqazın sovetləş­məsi və respublikaların Zaqafqa­ziya Federasiyasının çərçivəsində birləşməsi nəticəsində onların inzibati sərhədlərinin ilk növbədə bölgənin iqtisadi problemlərinin həllinə uyğunlaşdırılması Azərbay­canın yeni ərazilərinin itirilməsi ilə nəticələnmişdi.

– 1922-ci il avqustun 22-də Er­mənistan SSR, Gürcüstan SSR və Azərbaycan SSR fövqəladə komissi­yaları Zaqafqaziya fövqəladə komis­siyasının sədrinin imzası ilə aldıqları əmrə əsasən 24 saat ərzində sərhəd zastavalarını, mühafizə və nəzarət məntəqələrini ləğv etməli idilər. Hə­min əmrdə qeyd olunurdu ki, bundan sonra ancaq Türkiyə və İran ilə olan sərhədlər dövlət sərhədləri hesab olunur. Üç Cənubi Qafqaz respubli­kaları arasında sərhədlər isə inzibati sərhədlərə çevrilmişdi.

Sərhəd maneələrinin aradan qal­dırılmasından sonra Cənubi Qafqa­zın üç respublikasının qəzaları ara­sında yaranan sərhəd mübahisələri əsasən otlaq sahələrindən, su mən­bələrindən istifadə hüququ ətrafında gedirdi. 20-cı illərin sonuna qədər ən kəskin sərhəd mübahisələri bir tərəfdən Azərbaycan SSR-in Qa­zax, Kürdüstan, Cəbrayıl qəzaları, digər tərəfdən Ermənistan SSR-in Yeni Bəyazid, Dilican və Dərələyəz qəzaları arasında baş vermişdi. Azərbaycan SSR-in Qazax qəzası ilə Ermənistan SSR-in Dilican qəza­sı arasında ən kəskin mübahisə Şı­nıx-Ayrum meşələri ətrafında gedirdi. ZaqMİK-in 1929-ci il 18 fevral tarixli qərarı ilə Ermənistan SSR-in Dilican qəzasına sahəsi 4 min desyatin olan Azərbaycan SSR-in Qazax qəza­sının Şınıx-Ayrum rayonu verilirdi. Kompensasiya kimi Dilican qəzası­nın Başkənd kəndi (3 min 485 min desyatin ) bir şərtlə Qazax qəzasına verilirdi.

Azərbaycan SSR-in Qazax qə­zasının digər torpaq sahələri üzrə də ərazi mübahisələri əksər hal­larda Ermənistan SSR-in Dilican qəzasının xeyrinə həll olunurdu. Ümumiyyətlə, Azərbaycanla qonşu respublikalar arasında sərhəd mü­bahisələri haqqında Torpaq komissi­yasının 1928-ci il tarixli məruzəsin­dən görünür ki, Azərbaycan SSR-in təkcə Qazax qəzasından Ermənis­tan SSR-ə 75 min 904 min desyatin yararlı və 79 min 208 min desyatin yararsız torpaq sahəsi verilmişdi. Beləliklə, Qazax qəzasının əhalisi yaylaqlarının 50 faizini itirmişdi. 

1929-cu il fevralın 18-də Zaqafqa­ziya MİK Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuğ kəndləri Ermənis­tan SSR-ə verilmişdi. Naxçıvan ilə Er­mənistan arasında sərhədlər 1921-ci il Qars müqaviləsi ilə tənzimlənmişdi. Lakin ZaqMİK-ın 18 fevral 1929-ci il tarixli qərarı ilə Türkiyənin razılığı və heç bir əsas olmadan Naxçıvan Mux­tar Sovet Sosialist Respublikasının sərhədləri dəyişdirilmişdi. Naxçıvan MSSR yaradıldığı vaxt ərazisi Qars müqaviləsinin III əlavəsi əsasında 5 min 988 kvadrat kilometr müəyyən edilmişdi.

1929-cu il fevralın 18-də Zaqafqa­ziya Mərkəzi İcraiyyə Komitəsinin qə­rarı ilə Naxçıvana məxsus ərazilərin bir hissəsi, o cümlədən Şərur qə­zasının Qurdbulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyə­sinin Ağxaç, Aqbin, Almalı, Dağalma­lı, İqtıran, Sultanbəy kəndləri, Ordu­bad qəzasının Qərçivan sovetliyinə daxil olan Mehri, Buğaker yaşayış məntəqələri, habelə Kilit kəndinin bir hissəsi Ermənistana verilmişdi. 

 

Hazırladı:
Tahir AYDINOĞLU, “Xalq qəzeti”



Siyasət