Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, eləcə də müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqının aparılması, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Baş prokurorun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı öz təşəbbüsü əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilib.
Bu barədə açıqlamasında Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.
O bildirib ki, bundan sonra cinayət işinin ibtidai araşdırılması əvvəlki illərdən fərqli olaraq, vahid istintaq-əməliyyat planına əsasən, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb. Cinayət işi üzrə sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətləri törətmiş şəxslərin - Xocalı, Qaradağlı, Bağanıs-Ayrım, Meşəli, Kərkicahan soyqırımları, əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə, terrorçuluq cinayətləri və digər epizodlar üzrə qərarlar qəbul olunub. Onların barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.
Aparılmış istintaqla müəyyənləşdirilib ki, erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın 14-dən başlayaraq 17-si də daxil olan müddətdə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 67 nəfəri qəsdən öldürməklə həyatdan məhrum edib, 2 nəfərə müxtəlif bədən xəsarətləri yetirib, 49 nəfəri isə girov götürüblər.
Cinayət işinin istintaqı zamanı konkret olaraq Qaradağlı epizodu üzrə 12 şəxs həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.
“Xalq qəzeti”