Nikolun Qarabağda “ekoloji fəlakət” məntiqi

post-img

Ermənistan baş naziri Nikol Paşinyan yenə də Laçın-Xankəndi yolu ilə bağlı ölkə siyasətini başına almış isteriyanı təkrarlayıb. Görünən budur ki, İrəvan mövcud müstəvidəki humanitar fəlakət ritorikasından daşınmaq niyyətində deyil. Əksinə, baş nazirin mövzunu gündəmə gətirməsi onu deməyə əsas verir ki, onun komandası məsələni Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməməsi üçün bir növ, bəhanə kimi göstərməkdə israrlıdır. 


Beləliklə, N.Paşinyan hökumətin iclasındakı çıxışında bildirib ki, Laçın yolunun, guya, qanunsuz blokadası nəticəsində Qarabağdakı humanitar böhran dərinləşib. Buna səbəb isə enerji təminatındakı problemlərdir. Erməni baş nazirin fikrincə, vəziyyət ekoloji böhran yaradır: “Dünən, Laçın dəhlizinin qeyri-qanuni blokadasının 66-cı günündə Azərbaycan Qarabağa təbii qazın verilişini bərpa etsə də, iki saat sonra yenidən kəsib”.


Ümumən, Ermənistanda Laçın-Xankəndi yolu ilə əlaqədar duruma münasibət bundan ibarətdir ki, Azərbaycanın, guya, enerji təminatına törətdiyi maneələr nəticəsində insanlar öz mənzillərinin qızdırılması və digər təsərrüfat ehtiyacları üçün odundan istifadə etməyə məcburdur, bunun üçün  meşələr qırılır və beləliklə ekologiyaya ziyan dəyir. Əsas uydurma motiv isə budur ki, guya, Qarabağda erməni əhalinin sayının gündən-günə artması nəticəsində Azərbaycanın yaratdığı çətinliklər insanların həyatında daha çox hiss edilməkdədir. 
Bəli, Paşinyan da eyni tezisləri təkrarlamaqdadır. Görünür, azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin Laçın-Xankəndi yolunda aksiya keçirərək, qaldırdıqları ekoloji motivdən Ermənistan özünə sərf edən istiqamətdə “faydalanmaq” məqsədi güdür. Yəni, İrəvan da ekologiyaya ziyan kimi bəşəri məsələni gündəmə daşıyır. Hərçənd, soyqırımı və etnik təmizləmə iddiaları kimi saxta məsələlərlə manipulyasiya da erməni siyasətinin gündəmindən düşməyib. 


Qarabağda erməni əhalinin sayının artdığına gəlincə, Paşinyanın bunu necə müəyyənləşdirməsi absurddur. Baş nazirin elə bu fikrinə söykənərək, demək olar ki, Qarabağda heç bir böhran yoxdur. Böhran varsa, əhali necə artır? Əlbəttə, artım da yoxdur, əksinə, yerli əhali ərazini tərk etməkdədir. Niyə? Səbəb ondadır ki, Qarabağdakı separatçı rejim onlara “göz verib işıq vermir”. 


Üstəlik, yerli əhali rejimin, ümumən, destruktiv fəaliyyətini görür. Azərbaycan tərəfi ilə aparılan texniki xarakterli danışıqlarda fəal rol oynamış qondarma rejimin təhlükəsizlik katibi Vitali Balasanyanın vəzifədən uzaqlaşdırıldığını bilirdik. Bir neçə gün əvvəl isə ona cinayət işi açılıb. Belə olan halda əhali nə etməlidir? Bir sözçüləri var idi, o da azadlıqdan məhrum edilir. Əlbəttə, qeyri-müəyyənlik şəraitində ən yaxşı yol ərazini tərk etməkdir. 


Paşinyanın Qarabağda erməni həyatının dözülməzliyini qabartması Azərbaycana qarşı mənfi təbliğatdır, bu öz yerində. Ancaq məsələnin digər tərəfi də var – Rusiya sülhməramlıları və Rusiya faktoru. Erməni baş nazir həm sülhməramlıların fəaliyyətinin səmərəsizliyini göstərmək istəyir, həm də ümumən Qarabağdakı Rusiya hərbi mövcudluğuna son qoymağı düşünür. Bir halda ki, ekoloji durum pisdir, məlumdur ki, əhali oranı tərk etməlidir. Ermənilərsiz Qarabağda isə Rusiyaya yer yoxdur. Yəni, obyektiv sual yaranır: əhali yoxdursa, sülhməramlılar nə üçündür?


Bəli, görünən budur ki, Ermənistan hakimiyyəti Laçın-Xankəndi yolundakı aksiyanı siyasi manipulyasiya predmetinə çevirməkdə israrlıdır. Rəsmi İrəvan mövcud istiqamətdə ən müxtəlif istiqamətlərə indiyədək də baş vururdu, görünür, bundan sonra da öz “ampluasına” sadiq qalacaqdır. Bu kimi “gedişlərdə” ən başlıca məqsəd isə sülh danışıqlarından yayınmaq, bölgədə yeni reallıqların formalaşması üçün vaxt qazanmaqdır. 

 


Ə.RÜSTƏMOV, 
“Xalq qəzeti”

Siyasət