Ermənistan sülh istəmir. Ölkə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bütün bəndlərini yerinə yetirməkdən qaçır. Bu, birmənalıdır. 44 günlük müharibədə biabırçı məğlubiyyətindən sonra Ermənistan, sadəcə, linç olub və Azərbaycanın regionda yaratdığı yeni siyasi və hərbi reallıqları qəbul etmək gücündə deyil.
Amma bu ölkənin ən yuxarı eşelonlarında, yəni ən ağıllı başlarında yaxşı imitasiya qabiliyyəti var. Məsələn, Ermənistanın baş nazirində də, onun komandasındakı əksər şəxslərdə də, elə erməni parlamentindəki deputatların çoxunda da belə bir fikir var ki, ölkə nə müharibəni uduzub, nə öhdəlik götürüb, nə də kimsə ona qarşı tələb irəli sürə bilər. Yəni Ermənistan hələ özü-özünü inandırmağa çalışır ki, qalib ölkədir və istənilən tərəfə şərtlərini diktə edə bilər. Məsələn, Rusiyadan tələb edə bilər ki, gəlib Ermənistanın əvəzinə qonşularla müharibəyə girsin, yaxud ölkənin təhlükəsizliyini təmin etsin. Yox, əgər Rusiya bunu etmirsə, Qərb var, Fransa var. Yaxud İrəvanda hesab edirlər ki, Azərbaycana qarşı “Dağlıq Qarabağ”la bağlı istədikləri tələbi irəli sürə bilərlər.
İndi keçək detallara. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu günlərdə belə bir bəyanatla çıxış edib: “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnində Dağlıq Qarabağın adı çəkilir, lakin bu sənəd hələ yekun deyil”. Bu fikri Armen Qriqoryan “Azadlıq” radiosunun erməni bürosunun suallarını cavablandırarkən səsləndirib.
Sənədin tezliklə Bakıya təqdim olunacağını bildirən erməni rəsmisi deyib ki, İrəvan Xankəndi və Bakı arasında şəffaf beynəlxalq mexanizm çərçivəsində müzakirələrin aparılmasının tərəfdarıdır: “Ermənistan bu mexanizmin baş tutması üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edir. Bakı indiyədək bu ideyanı rədd edib və bu məsələ ilə bağlı tərəflər arasında hər hansı razılığın olub-olmadığı aydın deyil... Bu mexanizm həmin beynəlxalq sənəddə, ətrafında danışıqlar gedən sülh müqaviləsində qeyd oluna bilər. Bu, başqa beynəlxalq strukturların çərçivəsində və ya başqa formatda da ola bilər. Bu məsələdə dəqiqlik yoxdur və hələ müzakirə predmetidir. Biz buna aydınlıq gətirmək üçün müzakirəni davam etdirməliyik. Bu, bir daha göstərir ki, Ermənistan daha çox aydınlaşdırmanın tərəfdarıdır”.
Təbii ki, bu məsələdə Azərbaycanın mövqeyi qətidir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur, Qarabağ iqtisadi zonası var. Ona görə də Qriqoryanın və onun ölkəsinin Qarabağ erməniləri ifadəsini sülh sazişinin mətninə hansısa formada daxil etmək səyləri əbəsdir. Azərbaycan bununla razılaşmayacaq. Bundan əlavə, bu kimi siyasi oyunbazlıqla o, Ermənistanın əslində sülh müqaviləsi zəminində imitasiya etməyə çalışır. Əslində bu təxribatdır.
Armen Qriqoryanın fikirlərindəki bu “beynəlxalq tərəfdaşlar” kimdir. Əlbəttə, Fransa, eləcə də ATƏT-in Minsk qrupu! Amma onlar 30 il ərzində münaqişənin həllində birtərəfli, ermənipərəst mövqe tutduqları və sülh prosesini layiqincə başa çatdıra bilmədikləri üçün Azərbaycan tərəfinin etimadını itiriblər və birmənalı olaraq nizamlama prosesinə yaxın buraxılmırlar. Bundan sonra da buraxılmayacaqlar.
Yox, əgər Qriqoryan Qarabağda yaşayan ermənilərin hüquq və azadlıqları haqqında danışmaq istəyirsə, bu məsələ də Azərbaycanın daxili işi olaraq gündəlikdədir. Ermənistan rəhbərliyinin, o cümlədən, Armen Qriqoryanın necə düşünmələrindən asılı olmayaraq, Qarabağ erməniləri Azərbaycan vətəndaşıdırlar.
Ermənistan isə “böyük Ermənistan” və “miatsum” avantüraları ilə hazırda sayı 20-30 min olan Qarabağ ermənilərini 30 ildir ac saxlayır, hər cür hüquq və azadlıqdan məhrum edir.
Politoloq Qabil Hüseynli də hesab edir ki, əslində ermənilər Qarabağda yaşayan erməni əhali ilə bağlı məsələlərin Azərbaycan Konstitusiyasına uyğun olaraq tənzimlənməsini qəbul edirlər: “Amma iddia edirlər ki, guya sülh müqaviləsində orda yaşayan ermənilərin mədəni hüquqları, insan haqları barədə mütləq nələrsə öz əksini tapmalıdır. Biz bunu qəbul etmirik... Əsas məsələ yurisdiksiyadır. Azərbaycanın suverenliyinin həmin ərazilər üzərində yayılması məsələsidir ki, Ermənistanın indiki hökuməti bunu qəbul edir... Amma hər hansı statusdan söhbət gedə bilməz”...
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı
Erməni tərəfi təkid edir ki, Azərbaycan ilə imzalanacaq sülh müqaviləsinin mətnində Dağlıq Qarabağda yaşayan ermənilərin taleyinə dair hansısa bir şəkildə danışıqların davam etdirildiyi, yaxud da hansısa beynəlxalq formatda bu məsələ əks olunsun. Qalibiyyətlə başa çatmış Vətən müharibəsindən sonra aparılmış uzun danışıqlardan sonra onlar anladılar ki, bizdən status məsələsi ilə bağlı güzəşt əldə etmək mümkün deyil, ona görə də indi sülh müqaviləsi ətrafında davam edən müzakirələrdə əl yeri saxlamağa çalışırlar.
İndi buna necəsə bir don geyindirmək istəyirlər. Yəni elə bir ifadə tapmağa çalışırlar ki, Azərbaycan bununla bağlı məsələnin qapandığını bildirəndə onlar da Ermənistan ictimaiyyətinə hələ danışıqların davam etdirildiyini deyə bilsinlər. Beynəlxalq diplomatiyada belə bir ifadə var: konstruktiv qeyri-müəyyənlik. Ermənistanda indi, bax, bu şəkildə bir hoqqabazlığa əl atıblar.
Azərbaycan isə dəfələrlə bəyan edib ki, 2020-ci ilin noyabrında baş vermiş və şanlı qələbə ilə başa çatmış Vətən müharibəsinin nəticəsi olaraq, Qarabağ münaqişəsi öz həllini tapıb və Bakı bunu heç kəslə müzakirə etmək niyyətində deyil. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya lideri Vladimir Putinlə görüşündə ilk ifadəsi belə oldu ki, Qarabağ məsələsi qapanıb, Azərbaycan bu məsələni daha heç kəslə müzakirə etməyəcək.
Bundan sonra kim gəlib bu məsələni Azərbaycanla müzakirə edə bilər?! Amma bütün hallarda danışıqlar gedir, tərəflər öz istəklərini səsləndirirlər. Bununla yanaşı, mənim fikrimcə, bu məsələdə Azərbaycan heç kəsə güzəştə getməyəcək.
Tural İSMAYILOV,
politoloq
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da, digər məmurlar kimi, reallıq hissini itirən, erməni cəmiyyətini yalanlarla aldatmağa çalışan və bu yalanlar fonunda obyektiv gerçəkliyi ifadə etməyən siyasətçidir. Onun növbəti açıqlamalarına baxanda da görünür ki, bununla o, Azərbaycan və Ermənistan arasında formalaşması mümkün olan sülh və etimad mühitinə çox böyük zərbə vurur. Bu baxımdan, mən açıqlamanın kifayət qədər yersiz olduğunu hesab edirəm.
Azərbaycanın mövqeyi belədir ki, Qarabağ məsələsi, ümumiyyətlə, mövcud deyil. Armen Qriqoryanın bu ifadəni işlətməsi də, hesab edirəm ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti hörmətsizliyidir.
Digər tərəfdən, təkcə bu kontekstdə deyil, həm də başqa bir məsələ var ki, Qarabağ ümumiyyətlə, Azərbaycan–Ermənistan münasibətlərində prioritet ola bilməz. Qarabağın erməni əhalisi Azərbaycan Respublikası Konstitusiyasının müddəaları ilə, digər vətəndaşlarımız kimi, ərazilərimizdə yaşaya bilərlər. Azərbaycan–Ermənistan danışıqları isə iki ölkə arasında gələcək sülh, etimad və əməkdaşlığı ehtiva edə bilər.
Ona görə də Qriqoryan və Paşinyan komandasındakı digər şəxslərin yenidən “Qarabağ” ifadəsini dilə gətirməyə, Azərbaycan-Ermənistan arasındakı münasibətlərin gələcək ruhunda Qarabağ məsələsini bir bənd kimi dövriyyəyə buraxmağa çalışması növbəti dəfə Ermənistanın faşist, işğalçı və qəsbkar zehniyyətini ortaya qoyur. Bu mövqe iki ölkə arasında münasibətlərin inkişafına əngəl törədərək, əlaqələrimizin sonrakı taleyinə də neqativ tendensiyalar qazandırır.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”