“Yaşıl enerji” əməkdaşlığında güvənilən tərəfdaş

post-img

Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin plenar iclasındakı çıxışında  ölkəmizin elektrik enerjisi ixracatçısı kimi öz mövqeyini getdikcə möhkəmləndirdiyini və bu istiqamətdə mühüm uğurlar əldə etmək üçün zəngin “yaşıl enerji” potensialına malik olduğunu diqqətə çatdırıb. Baş nazir daha sonra deyib: “Bu gün biz xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrə başlamışıq. Bunlardan biri – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə həyata keçirilir. “Masdar” şirkəti bu sahədə bizim üçün əsas və güvənilən tərəfdaşlardan biridir”.


Ə.Əsədov, eyni zamanda, Azərbaycanın bir sıra vacib enerji layihələrinin təşəbbüskarı və iştirakçısı qismində çıxış etdiyini bildirib, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin gerçəkləşməsi üçün mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Baş nazirinin bu fikirləri ilə bağlı əvvəlcə onu qeyd edək ki, respublikamızla BƏƏ arasında münasibətlər hazırda ən yüksək səviyyədədir və getdikcə inkişaf edir. Ötən ilin dekabrında Fransa və Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı yönəldilən kampaniyanın davamı kimi antiAzərbaycan qətnaməsinə BƏƏ-nin sərt şəkildə etiraz etməsi bunun bariz ifadəsidir. Adıçəkilən dost ölkənin belə haqlı, obyektiv münasibəti Azərbaycan üçün mühüm önəm daşıyır.


Yeri gəlmişkən, respublikamızla BƏƏ arasındakı münasibətlərin inkişafında iqtisadi əməkdaşlıq hər zaman əhəmiyyətli rol oynayıb. Bu, ilk növbədə, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində artımın davamlı şəkildə olmasında özünü qabarıq büruzə verib. Belə ki, 2021-ci ildə Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsinin həcmi 50,42 milyon ABŞ dolları təşkil edib. Keçən ilin yanvar-noyabr aylarında isə həmin göstərici 94,62 milyon ABŞ dollarına çatıb, xarici ticarət saldosu isə müsbət 36,60 milyon ABŞ dolları olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə, hesabat ilinin yanvar-noyabr aylarında BƏƏ ilə ticarət dövriyyəsi 2,34 dəfə, o cümlədən ixrac 5,17 dəfə, idxal isə 4,49 faiz artıb.


Eyni zamanda, iki ölkə arasında turizm əlaqələri də genişlənib. 2021-ci ildə Azərbaycan Respublikasına 17 minə yaxın BƏƏ vətəndaşı gəlib. 2022-ci ildə isə  Azərbaycana gələn BƏƏ vətəndaşlarının sayı 2 dəfədən çox artıb.


Burada onu da xatırladaq ki, hər iki ölkə hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. Bu komissiyanın indiyədək keçirilən iclaslarında imzalanan yekun protokollarda ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, “yaşıl enerji”, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi kimi məsələlər önə çəkilib.  


Qeyd edək ki, 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz dövlətlərində  satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin bu ölkə bazarında daha çox tanıdılması üçün “Azərbaycan ticarət evi” fəaliyyət göstərir. Hazırda respublikamızda 360 BƏƏ investisiyalı kommersiya qurumunun işi uğurlu göstəricilərlə diqqət çəkir.  
Azərbaycanın Baş naziri Əli Əsədovun Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin plenar iclasındakı çıxışında dost ölkə ilə birgə elektrik enerjisi layihəsinin reallaşdırılmasına gəlincə isə, onu qeyd edək ki, 2021-ci ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə BƏƏ-nin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacağı nəzərdə tutulub. 


Yeri gəlmişkən, ötən il martın 15-də Bakıda “Masdar” şirkəti tərəfindən ölkəmizdə inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. 


Sonda qeyd edək ki, Azərbaycanın Energetika Nazirliyi ilə BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” imzalanıb.

 

Hüseynqulu QULİYEV,
Azərbaycan Texniki Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru

 

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlər yaranan vaxtdan indiyədək uğurlu bir yol keçilib. Ötən dövr ərzində hər  iki ölkə arasında iqtisadiyyat, ticarət, sərmayələrin qoyulması və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədə inkişaf edib, ticarət dövriyyəsi yüksələn xətlə gerçəkləşdirilib.     


Qeyd edim ki, Azərbaycanın əzəli-əbədi ərazisi olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları işğaldan azad edildikdən sonra bu torpaqlardakı yaşayış sahələrində genişmiqyaslı bərpa və quruculuq işləri aparılmasında dost BƏƏ şirkətlərinin də iştirakı dəstəklənib. Ələt Azad İqtisadi Zonasında həyata keçiriliəcək layihələrin icrası da bu ölkənin biznes dairələrinin diqqətini çəkib.   


Yeri gəlmişkən, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında BƏƏ-nin “SENSEMI DMCC” şirkəti qeydiyyata alınıb. BƏƏ kapitallı bu şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən adıçəkilən parkın 1 hektar ərazisində elektrik avtomat və sayğac istehsalını həyata keçirəcək müəssisənin inşası nəzərdə tutulub. İnvestisiya dəyəri 26 milyon manatdan çox olan zavodda 83 nəfərin daimi işlə təmin ediləcəyi,   burada buraxılan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılıb.


İki ölkə arasında energetika sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. SOCAR ilə BƏƏ-nin “Masdar” şirkəti arasında Azərbaycanda ümumilikdə 4 QVt gücündə dənizdə külək və hidrogen layihələrinin, Günəş fotovoltaik və quruda külək layihələrinin işlənməsinə dair birgə işlənmə sazişlərinin imzalanması da bunun bariz ifadəsidir.  


Həmin sazişlər Azərbaycan Respublikası ilə BƏƏ arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə respublikamızda istixana qazı emissiyalarının azaldılmasına, bərpaolunan enerji mənbələrinin və ölkəmizin davamlı iqtisadi inkişafına töhfə verəcək.
Bərpaolunan enerji sahəsində dost ölkənin ən böyük şirkəti olan “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradacağı  gözlənilir. 


Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”



İqtisadiyyat