Azərbaycanın xarici ticarət əlaqələrində əsas yeri neft-qaz və neft məhsulları tutur. Əvvəlki dövrlərdə olduğu kimi, 2023-cü ilin yanvar ayında da ixracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsulları üstünlük təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin ilk ayında Azərbaycandan dünyanın 12 ölkəsinə ümumi dəyəri 1 milyard 397 milyon 747,32 min ABŞ dolları təşkil edən 2 milyon 246 min 118,56 ton neft ixrac olunub.
Neft ixrac etdiyimiz ölkələr sırasında ilk yerdə, həmişə olduğu kimi, İtaliya qərar tutub. Ötən ay bu ölkəyə 538 milyon 333,86 min dollar dəyərində 848 min 983,07 ton neft ixrac edilib. Hesabat dövründə Azərbaycanın ümumi neft ixracında ikinci yer İsrailə məxsus olub. Bu ölkəyə 237 milyon 65,03 min dollar dəyərində 381 min 940,3 ton neft göndərilib. Neft ixrac etdiyimiz ölkələrin sırasında ilk üçlüyü Almaniya tamamlayıb. Yanvar ayında bu ölkəyə 91 milyon 719,7 min dollar dəyərində 145 min 940,95 ton neft ixrac edilib. Neftimizin digər alıcıları isə Hindistan, Vyetnam, Çexiya, İrlandiya, Rumıniya, Avstriya, Yunanıstan, Türkiyə və İspaniya olub.
Yanvar ayında Azərbaycan neft məhsullarının ixracını da kəskin artırıb. Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabata əsasən, ötən ay ölkəmizdən xaricə 68 min 643,99 ton neft məhsulları ixrac olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 89,2 faiz çoxdur. İxraca yönəldilmiş neft məhsullarının dəyəri 45 milyon 932,39 min ABŞ dolları təşkil edib. Bu isə 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,7 dəfəyə yaxın artım deməkdir.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan 527 milyon 355,16 min ABŞ dolları dəyərində 770 min 815,85 ton neft məhsulları ixrac etmişdi.
“Xalq qəzeti”