Ötən il Azərbaycanda 2 mindən çox süd vəzi xərçəngi aşkar edilib

post-img

“Azərbaycanda keçən il qadınlar arasında 2 mindən çox süd vəzi xərçəngi aşkar edilib. Bunun da daha çoxu erkən süd vəzi xərçəngi diaqnozu qoyulanlar olub. Son 5-10 ilin göstəricilərinə baxıldığında süd vəzi xərçənginin yayılmasının gəncləşdiyi də müşahidə edirik”.

Bunu II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva deyib. O bildirib ki, süd vəzisi xərçəngi dünyada ən çox yayılmış xərçəng növlərindən biridir: "Süd vəzi xərçəngi diaqnozu qoyulan qadınların sayı ildən-ilə artır. Bu, bir tərəfdən diaqnostika sahəsində inkişafın, digər tərəfdən isə xəstəliyin daha da artdığının göstəricisidir".

Onun sözlərinə görə , diaqnozu təsdiq edilmiş xəstələr arasında gənc xanımların da sayı artmaqdadır. Bütün dünyada müşahidə olunan tendensiyaya uyğun olaraq Azərbaycanda bu tip xəstələrin sayı artım qeydə alınıb: ”Qadınlarımızın cəmiyyətin bütün sahələrində aktiv iştirak etmələri və yüksək stress faktoru ilə bağlı olaraq onlar arasında bu diaqnozla xəstələnmə halları artır".

Nigar Mehdiyeva bildirib ki, bunlarla bağlı bölgələrdə maarifləndirmə proqramları işlənib hazırlanır və tədris mərkəzilərinə göndərilir.

Səhiyyə