Uzun fasilədən sonra bugünlərdə yenidən doğma “Xalq qəzeti” redaksiyasında olarkən söhbət əsnasında həmkarlarım məni Azərbaycan futbolunun tarixinə dair xeyli sorğu-suala tutdular, o cümlədən bir vaxtlar Bakının mərkəzində yerləşmiş “Dinamo” stadionu haqqında məlumat almaq istədilər.
Etiraf edim ki, bəzi məqamları unutduğumdan onda verdiyim cavab özümü də tam qane etməmişdi. Evə qayıtdıqdan sonra futbola dair əlimdə olan kitab və jurnalları bir daha vərəqlədikdə çox şey xatırladım. İndi mövzu ətrafında bir qədər geniş danışmaq imkanım var.
Əvvəlcə onu deyim ki, 2011-ci ildə 100 illiyini qeyd etdiyimiz Azərbaycan futbolunun tarixi rəsmən 1911-ci ildən hesablansa da, milyonların bu sevimli oyunu respublikamızda hələ ondan xeyli əvvəl meydana çıxmışdı. Onu Azərbaycana neft Bakısının mədən və zavodlarında işləyən xarici ölkə mütəxəssisləri, eləcə də çörəkpulu qazanmaq üçün Moskva və Peterburqdan, Rusiya və Ukraynanın müxtəlif quberniyalarından gələn fəhlələr gətirmişdilər.
Bakıda ilk futbol komandaları 1911-ci ildə yaradılmışdı. Bunlar “Britaniya klubu”, “Balaxanı futbolçular dərnəyi”, “İdmanın dostları”, “Stella”, “İdmançı”, “Askold” komandaları olmuşdur. Növbəti ildə isə Azərbaycan futbolu tarixində ilk beynəlxalq şəhərlərarası görüş keçirilmişdir. Bu oyunda Bakının “Britaniya klubu” və Tbilisinin “Sokol” komandaları qarşılaşmışlar. Bakılılar 4:2 hesabı ilə qalib gəlmişlər. Bir il sonra “Sokol” futbolçuları paytaxtımıza cavab səfərinə gəlmiş və “Britaniya klubu”ndan məğlubiyyətin əvəzini çıxmışlar – 2:0.
İndi isə 1949-cu ili xatırlayaq. Həmin il SSRİ çempionatının birinci qrupuna 5 yeni komanda, o cümlədən onda hələ “Neftyanik” adlanan, 1968-ci ildən isə “Neftçi” adı daşıyan Bakı kollektivi də əlavə olunmuşdu. Təkrar edək, təmsilçimiz məhz 1949-cu ildə SSRİ çempionatının güclülər dəstəsinə daxil edilmişdi. Komandamızın əsasını hələ çox gənc – 19 yaşlı Ələkbər Məmmədov, Arif Qasımov, Viktor Anoşkin, Valentin Xlıstov, Naum Naumtsev, İsay Abramaşvili kimi futbolçular təşkil edirdilər. Finişə 34 oyunda 24 xalla çatan Bakı komandası 18 kollektiv arasında 14-cü yeri tutub, güclülər dəstəsində yerini qorumuşdur.
Komandamızın SSRİ çempionatının güclülər dəstəsində ilk dəfə çıxış etdiyi ildə onun baş məşqçisi Q. Putilin olmuşdur. Çempionatda kollektivin hücum xəttində Y. Şaqarov fərqlənmiş, 9 qolun müəllifi olmuşdur. Üç futbolçu – Ə.Məmmədov, N.Naumtsev və İ. Abramaşvili bütün 34 oyunda iştirak etmişlər.
Həmin illərdə “Neftyanik” SSRİ çempionatında ev oyunlarını şəhərin mərkəzində – indiki “Azərbaycan” otelinin yerində yerləşən “Dinamo” stadionunda keçirirdi. Yazımızı müşayiət edən foto da 1949-cu il sentyabrın 29-da bu stadionda Stalinqradın (indi Volqoqrad) “Torpedo” komandası ilə görüşdə lentə alınmışdır.
Hakim protokoluna əsasən, bakılılar bu görüşdə pərəstişkarlarını böyük hesablı qələbə ilə sevindirmişlər – 4:1. Topların ikisini Ə. Məmmədov və Y.Şaqarov, daha ikisini isə İ. Abramaşvili vurmuşlar. Oyunu kuybışevli (hazırda Samara) hakim A. Tavelski idarə etmişdir.
“Neftyanik”in iştirakı ilə keçirilmiş güclülər dəstəsində ilk SSRİ çempionatı qalibinin Moskvanın “Dinamo” komandası olduğunu da qeyd edək. Sonralar Ələkbər Məmmədov bu adlı-sanlı paytaxt klubuna dəvət olunmuş və onun heyətində Sovet İttifaqı çempionatlarında 4 qızıl medal qazanmışdır. Unudulası nailiyyət deyil! Necə fəxr etməyəsən?!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist