Soyqırımına şahidlik edən vebsayt

post-img

Dünyaca məşhur fotojurnalist Reza Deqati 1992-ci ildə Xocalı soyqırımının, Azərbaycan xalqının başına gətirilən dəhşətlərin nadir şahidlərindən biri olub. Hələ o vaxtdan lentə köçürdüyü həqiqətləri dünyaya çatdırmaq üçün bir çox ölkələrdə sərgilər təşkil edib, reportajlar verib. 

Bu missiyanın davamı olaraq, “Xo­calıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tərəfdaşlığı və Reza Deqa­tinin təşəbbüsü ilə Paris və Bakıdakı əməkdaşlar tərəfindən “Khojalywitness.org” saytı hazırlanaraq dünyaya nümayiş olunur. “Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyini gördüm, nalələ­rini eşitdim, çəkdiyi əzabları fotolentimin yaddaşına köçürdüm.

O anları ki mən gördüm, o səsləri ki mən eşitdim, bütün bunlar mənə dərin­dən təsir etdi. Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömür­lük vəzifəm, çiynimdə olan bir yükdür”, – deyə tanınmış fotojurnalist bildirib.

Qeyd edək ki, dünyanın müxtəlif yer­lərindəki problemləri, insanların üzləşdiyi bəlaları dünyaya çatdıran Reza 34 il əv­vəl Bakıda törədilmiş 20 Yanvar qırğını qurbanlarının, həmçinin 32 ildən bəridir ki, Xocalı sakinlərinin də səsi olmağı mis­siya olaraq öz üzərinə götürüb. Saytda, 1992-ci ildə Xocalı və Ağdamda çəkilən şəkillər hekayələri ilə birlikdə təqdim olu­nur. Həmçinin, “Time”, “The New York Times”, “The Washington Times”, “The Washington Post”, “ВВС1News”, “The Independent”, "Le Monde", "Newswe­ek", “The Sunday Тimes”, “Human rights watch”, “The Age”, “The Boston globe” “Kommersant”, “Svoboda” kimi nüfuzlu beynəlxalq media qurumlarının soyqırımı ilə bağlı yazdığı faktlar da əlavə olunub.

Bundan başqa, Amerika Birləşmiş Ştatlarından jurnalist, yazıçı və müəllif Tomas Qoltz, jurnalist və operator Çingiz Mustafayev, Fransadan fo­toqraf və sənədli kinorejissor Frederique Lengaigne və Lit­vadan fotojurnalist Rikardas Lapaitisin qeyd etdikləri fakt­lar da saytda göstərilib.

Vebsayt daha çox kütləyə çatması üçün azərbaycan, fransız, ingilis və rus dilləri olmaqla 4 dildə hazırlanıb. Gələcəkdə saytın azı 10 dilə tərcümə olunması da nəzər­də tutulub. Saytın yaradılma­sında əsas məqsədlərindən biri Xocalı qurbanlarının, şa­hidlərinin hekayələrini göstər­məklə, digər insanların bu şəkillərə baxa­raq öz əzizlərini tapmasına, yaxınlarını tanımasına yardımçı olmaqdır.

Əli ƏLİYEV
XQ





Qan yaddaşı