Bu, həm ekoloji, həm də iqtisadi səmərədir
İşğal dövründə Qarabağda meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub.
Bundan başqa, bina və tikililərin kütləvi dağıntıya məruz qalması xeyli miqdarda tikinti və söküntü tullantılarının yaranmasına səbəb olub. Hazırda bu tullantılar bölgədə aparılan tikinti–bərpa işlərinə müəyyən çətinliklər yaradır.
Tikintilərin dağıdılması, sənaye və kənd təsərrüfatı tullantıları, eləcə də məişət tullantıları və təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarır. Problemin həlli isə həmin tullantıların müasir təcrübəyə uyğun idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi zərurəti yaradır. Bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib: “Azərbaycanda gələcək iqtisadi inkişaf ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində aparılan fəaliyyətlə sıx bağlı olacaq”.
Bu fəaliyyətə uyğun olaraq tullantıların çeşidlənməsi üçün Xocalı, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Tərtər rayonlarında məişət tullantıları poliqonları inşa olunacaq. Ümumilikdə, 7 tullantı poliqonunun və 2 ötürücü məntəqənin inşası nəzərdə tutulur. Ağdam tullantı poliqonu 15 hektar, Şuşa (Xocalı), Laçın və Kəlbəcər poliqonları hər biri 10 hektar, Qubadlı, Cəbrayıl, Tərtər və Füzuli poliqonları isə hər biri 5 hektar ərazidə inşa ediləcək. Zəngilanda isə 10 hektar ərazidə ötürücü məntəqənin inşası nəzərdə tutulur. Burada tullantılar təkrar emala, xammal kimi istifadəyə hazırlanacaq. Azad olunmuş rayonlarda təkrar emal müəssisələri yaradılacaq. Bundan əlavə, layihə regionda yerli iqtisadiyyata da təkan verəcək.
Artıq Qarabağ ərazisində tullantıların idarə olunması sisteminin quraşdırılması üçün ilkin təcrübə də var. Qarşıya qoyulan hədəflərə uyğun olaraq, Ağdam rayonunun Kəngərli və Cəbrayıl rayonunun Horovlu kəndlərinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantıları təkrar emala cəlb edilir. Bu, ilk növbədə, tikinti və söküntü tullantılarının ətraf mühitə təsirini əhəmiyyətli dərəcədə azaldır, çirklənməni minimuma endirməklə təkrar emal edilir. Nəticədə tikintidə istifadə oluna bilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə edilir.
Nazir bu barədə deyib: “Kəndlərin ərazisində utilizasiya poliqonu düzəltmişik. Dağıntılardan çıxan tullantılar təkrar material kimi istehsalata qaytarılır. Əldə edilən materiallardan yol yataqları, tametaltı özül kimi istifadə olunur. Nəticə etibarı ilə sıfır tullantıya nail olunacaq. Bütün Qarabağda və Şərqi Zəngəzurda bu üsuldan istifadə olunsa sıfır tullantı ilə ərazilər təmizlənəcək. Təkrar istehsalata qaytarılan tullantı nümunələrinin laborator təhlilləri aparılıb və müsbət nəticələr alınıb”.
Müəyyən olunmayan yerlərdə bu tullantıların atılması, saxlanılması və basdırılması isə qadağan ediləcək. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilməyəcək.
Eyni zamanda, azad olunmuş ərazilərdə tullantı sularının səmərəli idarə olunması da prioritetdir. Yağış, drenaj sularının toplanması şəbəkəsi qurulacaq. Təmizlənmiş tullantı suları təkrar istifadəyə yönəldiləcək, xüsusilə yaşıllıq ərazilərinin suvarılmasında istifadə ediləcək.
Atılmış bu addımlar isə gələcək üçün rahatlıq yaradacaq. 10 milyonlarla kub dağıntı tikinti materialına çevriləcək. Bu, həm ekologiyaya zərər vurmayacaq, həm iqtisadiyyata xeyir verəcək, həm də maliyyə vəsaitlərinə qənaət ediləcək.
Pünhan ƏFƏNDİYEV
XQ