İtaliya-Azərbaycan Universitetlərinin təşkil etdiyi “Davamlı Bağçılıq Sistemləri” sertifikat proqramının Bakı modulunun başa çatmasına həsr olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) aparat rəhbəri Azad Cəfərli bildirib ki, ölkəmizdə fermerlərə göstərilən xidmətlərin modernləşdirilməsinə və dövlətin dəstəklədiyi qabaqcıl mexanizmlərin tətbiqinə xüsusi diqqət yetirilir.
A.Cəfərlinin sözlərinə görə, respublikamızda dövlət-özəl tərəfdaşlığının təşviqi, fermerlərin qərarların qəbulunda fəal iştirakı və digər innovativ səylər dövlətin dinamik öhdəliyini əks etdirir. Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün çoxsaylı layihələr həyata keçirilir və bu, müxtəlif bölgələrdə məşğulluğun artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Dövlət dəstəyi çərçivəsində ölkə Prezidentinin sərəncamına əsasən, əkinçiliyə də subsidiya verilir və bu, sahənin inkişafı stimullaşdırılır.
KTN-dən verilən məlumata əsasən, ilkin mərhələdə 2023-2024-cü təsərrüfat ili üzrə 536 min 702 əkin bəyanı əsasında 263 min 992 fermerə ümumilikdə 109 milyon 517 min manat əkin subsidiyası ödənilib. Ödənişlərdə payızlıq əkinlər və çoxillik əkmələrə görə, 543 min 298 hektar sahə əhatə olunub.
Xatırladaq ki, ötən il fevralın əvvəllərində 189 min 946 əkin bəyanı üzrə 93 min 904 fermerə 48 milyon 636 min manat ilkin əkin subsidiyası ödənilmişdi. Ödənişlər 258 min 349 hektar əkin sahəsini əhatə edirdi. Bu isə 2023-cü ildə subsidiya ödənişi alan fermerlərin sayının 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, subsidiya vəsaitinin miqdarının 2,3 dəfə, əkin sahəsinin həcminin 2,1 dəfə, ödəniş edilən bəyanların sayının isə 2,8 dəfə çox olması demək idi.
Subsidiya ödənişləri zamanı diqqət çəkən məqam o olub ki, köçürülmə sürətlə reallaşdırılıb. Bu prosesi şərtləndirən məqam isə fermerlərin çıxarış sənədlərinin əldə edilməsi zamanı heç bir ləngliyə yol verilməməsi olub. Belə ki, “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” ölkə Prezidentinin 7 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi əsasında verilməsi nəzərdə tutulub. Bununla əlaqədar KTN tərəfindən bu sahədə fermerlərin maarifləndirilməsi, vətəndaşların torpaqdan istifadə hüququna dair sənədlərində mövcud çatışmazlıqların aradan qaldırılması və pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin başa çatdırılması ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti qurumlarla birlikdə müvafiq addımlar atılıb. Bunun nəticəsində torpaq sənədlərinin əksəriyyəti hazırda çıxarış sənədləri ilə əvəzlənib və 2023-2024-cü təsərrüfat ilində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiya edilib. Ümumiyyətlə, son illərdə ölkəmizdə kənd təsərrüfatı istehsalçılarını dəstəkləmək üçün digər mexanizmlər də tətbiq olunub. Bunun nəticəsidir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın fevral sayının ilkin rəqəmlərinə görə, cari ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dollarına yüksəlib.
Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində də aqrar sahənin inkişafı diqqət mərkəzində saxlanılır, mövcud olan təqribən 350 min hektar örüş-otlaq sahələri, əlverişli təbii şərait nəzərə alınaraq heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradılır. İlkin hesablamalar göstərir ki, bu ərazilərdə iribuynuzlu heyvanların sayının təqribən 430 min başa, xırdabuynuzlu heyvanların sayının isə 1,6 milyon başa çatdırılması mümkündür. Bunun hesabına Qarabağ və Şərqi Zəngəzurda, təqribən, 45 min ton ət və 240 min ton süd istehsalı proqnozlaşdırılır ki, bu da idxalın əvəzedilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ətlik və südlük istiqamətli heyvandarlıqla yanaşı, bölgədə tarixən mövcud olan baramaçılıq və arıçılıq ənənələrinin, həmçinin atçılığın bərpası da diqqət mərkəzindədir.
Yeri gəlmişkən, ötən il Qarabağ iqtisadi rayonunda 409 min 486 ton dənli və dənli paxlalı bitkilər, ondan 22 min 584 ton dən üçün qarğıdalı, 74 min 474 ton pambıq, 23 min 842 ton şəkər çuğunduru, 6 min 825 ton dən üçün günəbaxan, 55 min 601 ton bostan məhsulları, 17 min 163 ton kartof, 284 min 899 ton tərəvəz, 58 min 444 ton meyvə və giləmeyvə, 8 min 146 ton üzüm istehsal edilib.
İl ərzində Şərqi Zəngəzur iqtisadi rayonunda isə 19 min 103 ton dənli və dənli paxlalı bitki, ondan 90 ton dən üçün qarğıdalı, 419 ton şəkər çuğunduru, 68,3 ton dən üçün günəbaxan, 67,9 ton bostan məhsulları, 120,5 ton kartof, 1463,2 ton tərəvəz, 1300 ton meyvə və giləmeyvə, 226 ton üzüm istehsalı olunub.
Hesabat dövründə düşməndən təmizlənən ərazilərdə heyvandarlıq sahəsində də artım müşahidə edilib. Belə ki, keçən il Qarabağ iqtisadi rayonunda iribuynuzlu mal-qaranın sayı 300 min 892, o cümlədən inək və camışların sayı 145 min 759 olub. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə müvafiq olaraq 0,2 faiz və 0,6 faiz azdır. Keçən il Şərqi Zəngəzur iqtisadi rayonunda isə 96 min 169 iribuynuzlu mal-qara, o cümlədən 44 min 38 inək və camış olub ki, bu da illik müqayisədə müvafiq olaraq 2,2 faiz və 1,6 faiz çoxdur.
Beləliklə, 2023-cü ildə Azərbaycanda 3 milyon 248 min 591ton dənli və dənli paxlalı bitki, ondan 293 min 114 ton dən üçün qarğıdalı, 276 min 311 ton pambıq, 219 min 785 ton şəkər çuğunduru, 29 min 310 ton dən üçün günəbaxan, 438 min 198 ton bostan məhsulları, 224 min 517 ton üzüm istehsal edilib.
Cari ilin yanvar ayında isə ölkədə 491,2 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çox) dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub. Son1 ildə bitkiçilik məhsullarının dəyəri 0,8 faiz artaraq 22,7 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 1,2 faiz artaraq 468,5 milyon manata yüksəlib.
XQ