Naxçıvanda enerjinin 32 faizi bərpaolunan mənbələrin payına düşür

post-img

2014-cü ildən başlayaraq bugünədək dünyada alternativ və bərpaolu­nan enerji istehsalı iki dəfədən çox artıb. “Yaşıl enerji”dən istifadənin ak­tuallığının sürətlə artdığı bir dövrdə ölkəmizdə də bu sahənin inkişafı ilə bağlı konkret hədəflər müəyyənləşdirilib. Belə ki, dövlət başçısının imzala­dığı “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də respublikamızda “yaşıl enerji” istehsalının genişləndirilməsi mühüm yer tu­tur. Ölkəmizin ümumi enerji istehsalında hədəfi bərpaolunan enerji payının 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.

Təbii ki, ümumölkə konteksində baxdıqda, respublikanın iqtisadi rayonla­rı içərisində Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanın da zəngin alternativ və bərpa olunan enerji mənbələri diqqət çəkir. Çünki muxtar respublikanın yer­ləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti imkan verir ki, ekoloji cəhətdən təmiz və bərpaolunan alternativ enerji mənbələrindən geniş istifadə edilsin. Bu sırada isə Günəş enerjisindən istifadə im­kanları daha çox ön plana çıxır. Aparılan hesablamalara görə, muxtar respublika ərazisində günəşli saatların orta illik miq­darının 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi 0,8-1,2 kilovatsaat təşkil edir. Bu isə soyuq fəsillərdə belə Günəş enerjisindən istifa­də etmək imkanlarını ortaya qoyur. 

Təsadüfi deyil ki, Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyev də çıxışlarında dəfələrlə Naxçıva­nın “yaşıl enerji” üçün zəngin potensiala malik olduğunu vurğulayıb. Hətta dövlət başçısı sonuncu dəfə Naxçıvanda Tür­kiyə Respublikasının Prezidenti ilə gö­rüşündə də bu məsələyə diqqət çəkərək bildirmişdir ki: “…Naxçıvanın qazı, nef­ti olmasa da, Günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki bura­da həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçı­vandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır”. 

Məlumdur ki, son illərdə muxtar respublikada haqqında bəhs olunan enerji mənbələrindən təmiz enerji is­tehsalı məqsədi ilə bir sıra addımlar atılıb. Xüsusilə yeni Günəş və külək elektrik stansiyalarının tikilib istifadəyə verilməsi muxtar respublikada isteh­sal edilən ümumi enerjidə bərpaolunan enerjinin payını artırıb. 

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən verilən məlumata görə, 2023-cü il ərzində mux­tar respublikanın elektrik stansiyala­rında 474 milyon 569 min kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Həmin enerjinin 94 milyon 390 min kilovat-saatı və ya 19,89 faizi su elektrik stansiyalarında, 319 milyon 662 min-kilovat saatı və ya 67,36 faizi istilik elektrik stansiyalarında, 60 mil­yon 516 min kilovat-saatı və ya 12,75 faizi günəş elektrik stansiyalarında is­tehsal olunub. 

H.SƏBUHİ
XQ

İqtisadiyyat