Ordubad – təbiət tamaşası, el yaraşığı...

post-img

Ordubad şəhəri haqqında indiyədək çox deyilib, çox yazılıb. Zəngəzur dağlarının ətəyində yerləşən bu qədim yurd təkcə Qafqazın deyil, bütövlükdə Şərqin və Avroasiyanın köksündə özünə əbədi yuva qurmuş müasir Azərbaycan şəhəridir. Ordubad elə bir məkandır ki, əsrlər boyu bura yolu düşən səyyahların, coğrafiyaşünasların marağına səbəb olub, haqqında xatirələr yazılıb, şəninə təriflər deyilib. Mənə görə, indiyədək Ordubad haqqında yazılmış hər bir xoş kəlimə sadəcə tərif deyil, bu yerin xüsusiyyətlərini özündə birləşdirən real təsvirdir. Məsələn, ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazır: “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir”. Və yaxud XX əsrin əvvəllərində buranı ziyarət etmiş Nefodov adlı səyyah yazıb: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”. 

XIX əsrdə polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı A.Düma, XVII əsrdə türk səyyahı Övliyə Çələbi və başqaları öz yazılarında bu gözəlliyi vəsf edib, Ordubad çinarlarının möhtəşəm vüqarına heyran qaldıqlarını bildiriblər. Ordubad həm də elə bir unikal yerdir ki, haqqında bəhs edərkən onun tarixi keçmişinə toxunmaya bilmirsən. Çünki bu keçmişə, özünəməxsusluğa sadiqlik Ordubadın müasir vizit kartının əsasını təşkil edir. Buna görə də müasir Ordubad şəhərinin inkişafına keçmişin səhifələri­ni vərəqləməklə nəzər salaq.

Arxeoloqlar qazıntılar zamanı əldə olunmuş abidələri tədqiq edərkən Or­dubadın tarixinin 7 min il əvvələ gedib çıxdığını öyrəniblər. Müxtəlif dövrlərdə burada aparılmış araşdırmalar şəhərin zəngin mədəniyyətə malik olduğunu üzə çıxarıb. Ordubadı dünyaya tanıtdıran isə məşhur ipəyi və dadlı meyvələri olub. Mənbələrdə göstəririlir ki, Ordubad ipəyi hələ XVI əsrin ikinci yarısından etibarən avropalıların məişətində əvəze­dilməz parça kimi tanınıb. Hələ 1875-ci ildə şəhərdə buxar mühərriki ilə işləyən ipəksarıma fabriki olub. 1886-cı ildə ipək istehsal edən 4 iri ipəksarıma müəs­sisəsi fəaliyyət göstərib. 

XIX əsrin ikinci yarısı, 1920-ci il­lərin əvvəllərində Rusiya bazarlarını da yüksəkkeyfiyyətli xam ipək, ipək parça, habelə quru meyvə ilə təchiz edən Ordu­bad şəhəri mühüm ticarət mərkəzlərdən olub. Burada istehsal edilən keyfiyyətli ipək beynəlxalq festivallarda mükafat­lara layiq görülüb. Ordubadda yetişən meyvələrin dadı isə tam ayrı bir aləmdir. Ordubad əriyi, şaftalısı, limonu Azər­baycan brendi kimi məşhurlaşıb. 

Ordubad şaftalısı 1861-ci ildə ABŞ-da təşkil edilmiş meyvəçilik sərgisində, eləcə də Almaniya və İtaliya kimi Avropa ölkələrində öz layiqli yerini alıb. Əbu­talibi əriyi isə 1898-ci ildə Kaliforniyada təşkil olunmuş ümumdünya meyvəçilik sərgisində birinci yerə layiq görülüb. Bundan əlavə, Ordubad meyvələri sovet dövründə Moskvada keçirilən ümum¬it­tifaq kənd təsərrüfatı sərgilərində yüksək dəyərləndirilib. Ordubadın kiçik yaşayış məntəqəsindən şəhərə çevrilməsində də meyvəçiliyin və ipəkçilyin inkişafı mü­hüm rol oynayıb. Buradan Rusiyaya, Av­ropaya daim ipək və quru meyvə aparılıb. 

Şəhərin mərkəzində yerləşən Buzxa­na binası Ordubadın orta əsrlərdən üzü bəri əsas meyvəçilik mərkəzlərindən biri olduğunu sübut edir. Eyni zamanda Ordubad şəhəri həm də sənətkarlığın in­kişaf etdirildiyi şəhərlərdən olub. Tarix boyu burada müxtəlif sənət sahələri for­malaşıb, əmtəə istehsalı genişlənib. Bu da şəhərin həm də mühüm sənətkarlıq mərkəzinə çevrilməsinə imkan verib. 

Müstəqilliyimizin bərpasından son­rakı dövrdə isə bu qədim Azərbaycan şəhərində müasir dövrün tarixini özündə əks etdirən obyektlər yaradılıb. Şəhərdə onlarla yeni obyekt inşa edilərək isti­fadəyə verilib, yollar, körpülər salınıb, enerji, rabitə, su infrastrukturu yeniləşdi­rilib. Həmçinin, şəhərdəki Tarix-Diyar­şünaslıq Muzeyinin fəaliyyət göstərdiyi Qeysəriyyə binası, Qədim Məbəd, iki yeraltı abidə, bir neçə tarixi kəhriz bərpa edilərək əvvəlki görünüşünə qaytarılıb. 

Bu gün qədim Ordubad şəhərinin hər addımlığında tarixlə bərabər müa­sirlik də nəfəs alır. Keçmişinə sadiq bu müasir şəhəri digərlərindən fərqləndirən həm də odur ki, Ümummilli liderimiz Heydər Əliyev Ordubadı canı qədər sevdiyi Azərbaycanın incisi adlandırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2024-cü il ta­rixli “Ordubad” Dövlət Tarix-Mədəniy­yət Qoruğunun yaradılması haqqında Sərəncamı isə bu incinin bu gününə və gələcəyinə göstərilən böyük qayğının ifadəsidir.

S.HƏSƏNOV
XQ

Sosial həyat