Dünən Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 32-cü ildönümünə həsr olunmuş “İfşa edən Xocalı” mövzusunda elmi sessiya keçirilib.
“Xocalı dərdi, Xocalı dərsi” mövzusunda məruzəsində muzeyin direktoru akademik Rafael Hüseynov XX əsrdə insanlığa qarşı törədilmiş ən böyük faciələrdən biri olan Xocalı qətliamının siyasi və hüquqi mahiyyətindən danışıb. Alim bildirib ki, bu soyqırımı, bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində misilsiz vəhşilik aktıdır. Soyqırımı zamanı ağılagəlməz vəhşiliklər törədilib. Bununla ermənilər və onların havadarları xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq, xalqımızı tarixi torpaqlarımızın bir hissəsini itirməklə barışmağa məcbur etmək istəyirdilər.
Məruzəçi daha sonra qeyd edib ki, düşmənlər xalqımıza misilsiz faciə yaşatsalar da, məqsədlərinə çatmadılar. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı qırğını soyqırımı elan edilib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində erməni faşizmi darmadağın edilib Qarabağdan rüsvaylıqla qovuldu, şəhidlərin intiqamı alındı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası uğurla davam etdirilir. Görülən işlər nəticəsində dünyanın bir çox ölkəsində Xocalı soyqırımı rəsmən tanınıb.
Muzeyin şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Tomiris Babanlı “Çağdaş ədəbiyyatda Xocalı faciəsi”, elmi işçi Zarema İbrahimova “Xocalı həqiqətlərini əks etdirən Memorial Soyqırımı Muzeyi” mövzularında məruzələrlə çıxış ediblər.
Elmi məclis belə bir inamla bitdi: Xocalı faciəsini törədənlərin haqq-ədalət məhkəməsinə çıxarılması üçün Azərbaycan dövləti bütün imkanlardan istifadə edəcək.
Qabil YUSİFOĞLU
XQ