Dünən qardaş Tükiyənin alpinist qrupu ötən illərin ənənəsini davam etdirərək Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsini Haçadağ zirvəsinə yürüşlə anıblar.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Turizm Departamenti və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil təşkil etdiyi aksiyada İstanbul, Antalya, Qars, Ağrı, Elazığ və İğdır bölgələrindən gələn 40 nəfər peşəkar və həvəskar alpinist, eləcə də 10 nəfər yerli ekstrimsevər iştirak edib. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmiş yürüş səhər saatlarında Culfa rayonu Gal kəndindən start götürüb və iştirakçılar zirvəyə qədər olan 9 kilomet məsafəni qət ediblər.
2 min 415 metr yüksəklikdə – Haçadağın zirvəsində hər iki ölkənin dövlət himni səslənib. İştirakçılar Xocalı faciəsi qurbanlarını və Vətən müharibəsi şəhidlərini dərin ehtiramla yad ediblər. Aksiyada soyqrımı cəlladlarını lənətləyən, onların cəzalandırılmasına çağıran və Azərbaycan–Türkiyə qardaşlığının sarsılmazlığını ifadə edən şüarlar söylənib.
Yürüş başa çatdıqdan sonra alpinistlərə təşəkkürnamə təqdim olunub. Çətin relyefdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi və mövcud risklərin idarə olunması məqsədilə təhlükəsizlik qurumlarının əməkdaşları aksiyanı müşayiət ediblər.
Alpinist qrupu üçgünlük səfər zamanı Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin və Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidələrini ziyarət ediblər. Qonaqlar Heydər Əliyev Muzeyində, muxtar respublikanın tarixi və təbiət abidələrində də olublar.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri