Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində tarixçi-alim Quram Marxulianın Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – XX əsrın faciəsi” adlı məqaləsi dərc olunub. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq məqaləni gürcü dili üzrə mütəxəssis Nəriman Əliyevin tərcüməsində təqdim edirik.
“Xocalı faciəsi bəşər tarixində insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımı aktı, bütün zamanların qanlı səhifəsi olaraq yaddaşlarda əbədi yaşayacaq. Söhbət həlak olmuş dinc azərbaycanlıların sayı ilə yanaşı, günahsız insanlara verilmiş işgəncələrin təsəvvürə sığmayan qorxunc mənzərələrindən, amansızlığı ilə Xatın, Lidisa, Oradur soyqırımları ilə müqayisəyə gələn İnsanlıq Faciəsindən gedir.
Bir daha xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətinə üz tutsa da, ermənilər dinc sakinləri gülləbaran ediblər. Bununla da erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədiblər. Bu kütləvi qırğın nəticəsində ümumilikdə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qəddarcasına məhv edilib. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Bu soyqırımına görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Amma Ermənistanın azərbaycanlılara qarşı təcavüz və terror əməlləri bununla bitmir. Erməni quldur dəstələri Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel adlı yaşayış məntəqələrində də dinc azərbaycanlılara qarşı qətliamlar həyata keçiriblər. Nəticədə Azərbaycan torpaqlarının 20 faizə qədəri işğal edilib, amansız işğala qarşı mübarizədə təxminən 20 min insan həlak olub. Eyni zamanda Azərbaycan uzun illər ərzində böyük humanitar fəlakətlə üzləşib.
1994-cü ildə o zamankı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral – Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb.
Onu da bildirək ki, Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımı ilə bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir. Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də başlamış və noyabrın 10-dək davam etmiş Vətən müharibəsində əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda mübarizəyə qalxıb və Ermənistan silahlı qüvvələrini darmadağın edərək tarixi Zəfər qazanıb. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarını işğaldan azad edib. Bununla da, Xocalı soyqırımının qisası döyüş meydanında alınıb.
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncə, Bərdə, digər şəhər və kəndlərimizi ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daimi dövlət siyasətidir.
Bu gün Azərbaycan Xocalı soyqırımının 32-ci ildönümünü başını dik tutaraq yad edir. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin il oktyabrın 15-də Xocalıda Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Bu, Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
Azərbaycan xalqı soyqırımının 32-ci ildönümünü məşhur “Ana harayı” abidəsini ziyarət etməklə anır. Amma dünya bu amansız qətliama hələ susmaqdadır. Azərbaycan xalqı haqq səsinin dünyaya çatdırılması istiqamətində inadla mübarizə aparır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən soyqırımı aktı kimi tanınıb. Bunlar faciəyə beynəlxalq siyasi qiymət verilməsi istiqamətində atılan ilk addımlardır. Amma Xocalı soyqırımı əsl beynəlxalq hüquqi qiymətini almalı və bu dəhşətli faciəni törədənlər layiqli cəzalarını almalıdırlar”.
P.ƏMİRCANOV
XQ