Həmsöhbətimiz Xankəndi Pedaqoji İnstitutunda müəllim işləmiş Zəfər Hüseynovdur
“İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı Ptrezident sərəncamının icrasına başlanmasına ürəkdən sevinən Zəfər Hüseynov hazırda Sumqayıt Dövlət Universitetində çalışır, fizika-riyaziyyat elmləri namizədi, dosentdir. İlk əmək fəaliyyətinə isə ADU-nun (indiki BDU) məzunu kimi 1975-ci ildə Xankəndi Pedaqoji İnstitutunda başlayıb.
– Hadisələr başlananda erməni millətçilərinin məkrli planlarında Xankəndi Pedoqoji İnstitutu ilk hədəf idi, – deyə o, həmin dövrü xatırladı. – Erməni müəllimlərinin institut daxilində və kənarda torpaq iddiasının və digər pozuculuq fəaliyyətlərinin açıq şəkildə şahidi olmuşam. İnstitutun azərbaycanlılardan ibarət kollektivi cinayətkar erməni millətçiləri ilə üz-üzə qalmışdı və hətta münasibətlər bəzən toqquşma səviyyəsinə qədər gedib çıxırdı. Yuxarı dövlət orqanlarına rəsmi və qeyri-rəsmi şəkildə məlumatlar verilsə də, heç bir nəticə əldə olunmurdu.
Kimsəsizlik və köməksizlik bu təhsil ocağının azərbaycanlı kollektivini cinayətkar, türk qanına susamış və amansız millətçi ermənilərlə üz-üzə qoymuşdu. Beləliklə, 1988-ci il may ayının 16-da institutun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlər altında Xankəndi şəhərini tərk edib, Şuşaya getdi. Bununla da taleyimizə köçkünlük həyatı yazıldı. Qısa müddətdən sonra isə ermənilər institutun bazasında “Artsax Dövlət Universiteti”nin yaranmasını elan etdilər.
Biz qısa müddətdə Şuşada dərslərə başladıq, heç bir statusumuz olmadan fəaliyyət göstərirdik. Yalnız 2 həftədən sonra qərara gəlindi ki, bura Pedoqoji İnstitutun fakültəsi olsun. Amma Şuşada da bizi dinc qoymadılar və məcburən Ağcabədiyə köçdük. O zaman Qarabağda universitet yaradılması barədə şifahi razılıq verilmişdi və mən hətta AzTV-nin “Aktual ekran” verilişində bu barədə hamının ürəyincə olan xəbəri səsləndirmişdim. Amma söz verilsə də, əməldə heç bir iş görülmədi...
İndiyədək 100-ə yaxın elmi, elmi-metodiki məqalə yazmış, ali məktəblər üçün nəzərdə tutulmuş 5 dərs vəsaitinin müəllifi olan Əməkdar müəllim Zəfər Hüseynov 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa fakültəsinin dekan müavini, ADPU-nun Şuşa filialı yarandıqdan sonra, əvvəlcə tədris və elmi işlər üzrə direktor müavini, 1991-ci ildən isə filialın direktoru vəzifələrində işləyib. Söhbətimiz zamanı işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində aparılan uğurlu siyasəti çox önəmli addımlardan biri kimi dəyərləndirdi. Erməni faşizminin 32 il bundan əvvəl oda qalayıb yer üzündən sildiyi, dinc əhaliyə divan tutduğu Xocalının lap yaxınlığında bu gün Qarabağ Universitetinin yaradılmasını soyqırımı qurbanlarının qisasının alındığının daha bir önəmli gösəricisi sayan Zəfər Hüseynov bildirdi:
– Regionun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın sürətlənməsində də əhəmiyyətli rol oynayacaq. Yarım əsr öncə Ulu öndər Heydər Əliyevin göstərişi ilə müstəqil Xankəndi Pedaqoji İnstitutu təsis edildi, indi isə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə azad Xankəndidə Qarabağ Dövlət Universiteti yaradılır. Bu, əsl vətənpərvərlik örnəyi və qeyrət işidir. Mən həmin sərəncamı oxuyanda çox böyük qürur hissi keçirdim.
Belə bir universitetin, özü də məhz Xankəndidə yaradılması tarixi zərurətdən irəli gələn sosial sifariş idi. Qarabağın işğala məruz qalması ilə Xankəndidə fəaliyyətini dayandırmış bir universitetin indi ata vəsiyyətinə əməl edən, onun ən layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən bərpası gənclik illərini burada keçirmiş bir müəllim kimi, mənin ürəyimdən xəbər verir.
Şuşadan çıxanda 38 yaşı olan Zəfər müəllim ora qayıdanda artıq 68 yaşında idi. Deyir ki, sağ olsun Ali Baş Komandanımız, var olsun Milli Ordumuz: “Onların sayəsində mümkünsüz mümkün oldu, biz sevincli günləri yaşadıq. İndi yurda qayıdışımızı səbirsizliklə gözləyirəm. 2024-cü ilin sentyabrında tələbələri, gənc alimləri, müəllimləri orada görmək istəyirik. Bu istiqamətdə bütün resurslarımız səfərbər ediləcək.
Qarabağ regionunun sosial-iqtisadi inkişafı, o cümlədən təhsil sisteminin yenidən qurulması, burada ali təhsil ocaqlarının yaradılması işi Böyük Qayıdış Proqramı çərçivəsində müəyyən plan əsasında dövlət strukturları tərəfindən mərhələli şəkildə həyata keçirilir. Bu baxımdan qeyd olunan məsələ ümumi konsepsiyaya bağlıdır”.
Müsahibimiz əlavə etdi ki, bu gün ADPU-nun Ağcabədi filialı adı altinda fəaliyyət göstərən ali təhsil müəssisəsi Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin hüquqi varisidir: “İndi bu kollektivdə əksəriyyəti gənclərdən ibarət olan təcrübəli professor-müəllim heyəti formalaşıb. Filialda bu gün 10 ixtisas üzrə 995 tələbə təhsil alır. Arzu edərdim ki, həmin tələbələr Qarabağ Universitetinin ilk məzunları kimi diplom alsınlar”.
Hazırladı:
Ə.DOSTƏLİ
XQ