Yeni dünya nizamı və Türkiyə

post-img

Bu gün planetimiz ziddiyyət və zorakılıqlarla çalxalanır. Dünya­nın bir çox qaynar nöqtələrində ağır silahlı münaqişələr və və­kalət müharibələri gedir. İri çaplı toplar, uzaqmənzilli raketlər, digər ölümsaçan silahlar susmaq bilmir. Şəhər və kəndlər dağıdılır, günah­sız insanlar həlak olurlar. Bəşəriy­yət biçarə uşaq kimi susur.

Belə çətin, taleyüklü məqamda Tür­kiyə dövlətinin lideri Rəcəb Tayyib Ərdo­ğan regionda sülhün və ədalətin bərqərar olunması naminə dəyərli təşəbbüslər irəli sürür. Ankaranın liderliyi ilə Böyük Turan real güc mərkəzinə çevrilir ki, bu, öz növ­bəsində imperialist ölkələri ciddi narahat edir. 

Makron Fransası ötən il Sahel Afrika­sından faktiki olaraq qovulub, indi qlobal müstəvidə öz miskin simasını saxlamaq üçün Cənubi Qafqazda özünə yer tutma­ğa can atır. Bunlar, əlbəttə, əbəs cəhd­lərdir. Regionda Rusiya və Türkiyə əsas təsir imkanlarına malikdir. İrəvanın səbat­sız siyasəti sadəcə bölgəni yeni təhdid­lərlə üz-üzə qoyur. 

Son vaxtlar Türkiyənin bir çox ərəb dövlətləri, eləcə də Misirlə isti münasi­bətlərinin yaranması regiondakı qüvvələr nisbətinə müəyyən müsbət təsir göstərir. Təəssüf ki, köhnə bəla, təriqətçilikdən yaranan çat müsəlman aləmini hələ də içəridən parçalayır. Türkiyə bu istiqamət­də də lider ölkə kimi, yükün ağırlığını öz üzərinə götürüb.

Yaxşı xəbər həm də odur ki, Anka­ra-Vaşinqton əlaqələrində yenidən iş­güzar əhvali-ruhiyyə hökmran olmağa başlayıb. Pentaqonun “F-16” qırıcılarının Türkiyəyə satışının bərpa olunmasına ra­zılıq verməsi müsbət jest kimi qəbul edilə bilər. Türkiyənin NATO-da da sözünün kəsəri artıb və Rusiya-Ukrayna mühari­bəsi fonunda daha da artacaq. 

II Dünya müharibəsindən sonra 3 qa­lib dövlətin (SSRİ, ABŞ, Böyük Britaniya və onların müttəfiqləri olan Fransa və Çi­nin) milli maraqlarına xidmət edən BMT və onun strukturları yaradılıb. Lakin son illər bu qurum dişsiz və səmərəsiz bir təş­kilata çevrilib. Dünən bu təşkilatın oyun qaydalarını yazanlar bu gün özləri onları ayaqlar altına atırlar. 

Hazırda dünyanın yeni, daha ədalətli siyasi arxitekturaya kəskin ehtiyacı yara­nıb. Yeni dünya düzəninin necə olacağı isə müəmma olaraq qalır. Böyük ehtimal­la dünya artıq birqütblü olmayacaq. BDU-nun professoru, siyasi şərhçi Atamoğlan Məmmədli hesab edir ki, əlahəzrət za­man türkün xeyrinə işləyir. Turanın səh­nəyə çıxaraq “mən də varam!” deməsi gözləniləndir. 

Professor qeyd etdi ki, dünya çoxqütblü olsa belə, bütün problemlərin tezliklə çözüləcəyənə inanmaq çətindir: “Əslində, dünya heç vaxt ədalətli olma­yıb, hər zaman güc üzərində qurulub. Dünən də belə olub, bu gün də belədir. Türk Dövlətləri Təşkilatı güc və qüvvə toplayıb monolit olmalıdır! Başqa yol yoxdur! 

Təsadüfi deyil ki, dünən 70 yaşını qeyd edən Prezident Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sakar­yada təşkil edilmiş mitinqində bildirib ki, Türkiyəni düşmənlərindən qoruyan ye­ganə amilölkənin gücü və öz imkanları­dır: “Yoxsa bu coğrafiyada nəfəs almağa belə imkan verməzlər. Bu həqiqəti yaxın ətrafımızdakı misallarla ağrılı şəkildə gö­rürük. Suriyada bir milyon insan vəhşicə­sinə qətlə yetirilib, 12 milyona yaxın in­san köç etmək məcburiyyətində qalıb və heç kim bu zülmün qarşısını almaq üçün addım atmayıb...Allah eləməsin, sabah başımıza bir bəla gəlsəydi, qarşılaşaca­ğımız vəziyyət bundan fərqli olmazdı”.

Mübariz MƏMMƏDLİ, 
Bakı Slavyan Universitetinin professoru, siyasi şərhçi

Tarixdə şəxsiyyətlərin rolu böyük­dür və bu amili heç kim inkar edə bil­məz. Görkəmli dövlət xadimi R.T.Ər­doğan taleyin türk dünyasına bəxş etdiyi liderlərdəndir. Türk xalqının böyüklüyü, türk dövlətçiliyinin gücü həm də ondadır ki, XX əsrdə Mustafa Kamal Atatürk, yüz il sonra isə R.T.Ər­doğan kimi görkəmli dövlət xadimləri və parlaq siyasətçilər yetirə bilmişdir. 

Bu il fevralın 26-da R.T.Ərdoğanın 70 yaşı tamam olmuşdur. Bu, Türkiyə dövləti və xalqı, türk dünyası, bütün müsəlmanlar, Yer üzünün haqqa və ədalətə tapınan bütün insanları üçün olduqca əlamətdar hadisədir. O, bir­mənalı olaraq çağdaş dünya siyasəti­nin ən uca zirvələrindəndir! 

Türkiyədə son illər dillər əzbə­ri olan bir mahnıda sayın Ərdoğanı “əzilənlərin gur səsi”, “millətlərin hürr səsi” adlandırırlar. Deyilənlərə görə, sadə ərəb ailələri onun portretini illər­dir evlərinin ən hörmətli yerindən asır­lar. Avropada, Asiyada, Afrikada, Latın Amerikasında, bir sözlə, hər yerdə on­dan məhəbbətlə söz açırlar. 

Siyasətdən az-çox başı çıxan hər kəs ona dərin rəğbət və ehtiram göstərir. Onun şəxsiyyətinə göstərilən bu məhəbbətin bir əsas səbəbi var: Bu görkəmli dövlət xadimi siyasətin yüksək mənəviyyat, həmçinin əxlaq üzərində bərqərar olunmalı zəruriliyini öz şəxsi həyatı, əməlləri ilə sübut və təsdiq etmişdir. 

Çağdaş dünya siyasətinin iki bö­yük lideri – Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin və Türkiyənin dövlət başçısı Ərdoğanın şəxsi dostluq və qardaşlıq əlaqələ­ri bütün dünya üçün parlaq örnəkdir. Planetimizdə bir-biri ilə bu qədər yaxın münasibətləri olan iki ölkə və xalq tap­maq çətindir! Bu, olduqca böyük dəyər və səadətdir!

Məsaim ABDULLAYEV
XQ



Siyasət