Geosiyasi risklər investorları ABŞ birjalarına yönəldir

post-img

Ötən həftə ABŞ fond fondları üçün yaxşı keçib. Belə ki, həftə ərzində beynəlxalq investorlar birjalara 12 milyard dollardan çox sərmayə qoyublar. İnvestorlar ABŞ-da iqtisadi vəziyyətin və Amerika şirkətlərinin maliyyə göstəricilərinin daha da yaxşılaşması ümidi ilə belə investisiyaların payını artırırlar. Daha yüksək geosiyasi risklər səbəbindən inkişaf etməkdə olan bazar fondlarına isə maraq azalır. Məsələn, ötən həftə Rusiyaya qarşı elan edilən yeni sanksiyalar paketləri Moskva Birjası indeksini aşağı salıb.

“Emerging Portfolio Fund Resear­ch” (EPFR) şirkətinin son məlumatları göstərir ki, beynəlxalq investorlar ABŞ fond bazarında investisiyalarını aktiv şəkildə artırmağa başlayıblar. Rusiyanın “Bank of America” hesabatlarına əsasla­naraq məlumat verilir ki, investorlar fev­ralın 21-də başa çatan həftə ərzində bu cür səhmlərə yönəlmiş fondlara 12 mil­yard dollar sərmayə qoyublar və bu da ötən ilin dekabr ayının sonundan bəri ən yaxşı nəticədir. Bu, bir həftə əvvəl qeydə alınan rəqəmdən üç dəfə çoxdur. Hələ fevralın 9-da S&P 500 indeksi tarixdə ilk dəfə 5000 bəndi keçərək 5026,61 punkta çatıb. S&P 500 indeksinin illik artımı, S&P Dow Jones İndekslərinə görə, fevralın 9-da 22,58 faiz təşkil edib. İqtisadçılar qeyd edirlər ki, beynəlxalq maliyyə sisteminin mövcud olduğu tarix­dən indiyədək fond bazarlarının dollarla ifadəsində kapitallaşmasında belə artım olmayıb. Hesablamalara görə, 2023-cü il oktyabrın 27-dən fevralın 7-dək ABŞ-ın bazar kapitallaşması 9 trilyon dollar artıb ki, bu da onun tarixində 103 təqvim günü ərzində ən güclü artım kimi tarixə düşüb. 

ABŞ iqtisadiyyatı ilə bağlı məlu­matlar investorların əhval-ruhiyyəsini yaxşılaşdırmağa kömək edir. Ötən ilin dördüncü rübündə ölkənin ÜDM-i 3,3 faiz (illiklə müqayisədə) artıb, analitiklər isə cəmi 2 faiz artım gözləyirdilər. Bütün ilin sonunda ABŞ iqtisadiyyatı 2,5 faiz artıb ki, bu da 2022-ci illə müqayisədə 0,6 faiz bəndi çoxdur. Davam edən he­sabat mövsümü investorlara nikbinlik əlavə edir. “FactSet”in məlumatına görə, artıq hesabat verən şirkətlərin 75 faizi analitiklərin səhm üzrə gəlir təxminlərini üstələməyi bacarıb.

Ancaq inkişaf etməkdə olan bazar fondlarına investor marağı ardıcıl ikinci həftədir azalır. Ötən həftə Çin fondları­nın müştəriləri 2,7 milyard dollar sər­mayə qoyublar ki, bu da bir həftə əvvəl­ki investisiyalardan 10 faiz və iki həftə əvvəlki investisiyalardan 8 dəfə azdır. İnkişaf etməkdə olan ölkələrdə səhm fondlarının bütün kateqoriyaları üzrə xa­lis cəlbedicilik də iki həftə ərzində səkkiz dəfə azalaraq 2,5 milyard dollar təşkil edib. Analitiklərin fikrincə, Çin səhmlə­rinə marağın azalması siyasi amillərlə bağlı ola bilər, çünki Donald Trampın prezident seçkilərində mümkün qələ­bəsinin ABŞ-Çin ticarət müharibələrinin intensivləşməsinə gətirib çıxaracağı eh­timalı böyükdür. 

Rusiya fond bazarının təcrid olun­masına baxmayaraq, ötən həftə Qərbin sanksiyalarının genişlənməsi ona güclü mənfi təsir göstərib. Fevralın 22-də ke­çirilən ticarətin sonunda Moskva birja­sının indeksi 3142,3 bənd təşkil edib ki, bu da əvvəlki cümə gününün bağlanış dəyərindən 3 faiz aşağıdır. Beləliklə, Moskva Birjası ilin əvvəlindən əldə etdiyi nailiyyətlərin əksəriyyətini itirib. Rusiyalı analitiklərin sözlərinə görə, menecerlər yaxın aylarda Rusiya fond bazarının perspektivlərinə ehtiyatla yanaşırlar. Belə bir proqnoz verilir ki, əmtəə baza­rında vəziyyətin nisbətən sabit olmasına baxmayaraq, xaricdən sanksiya təzyiqi­nin pisləşməsi fonunda əhəmiyyətli axı­nı gözləmək mümkün deyil. 

S.ELAY
XQ

Siyasət