Bakıda Dünya kuboku yarışının gündəliyi

post-img

Gimnastlarımız 1 qızıl, 1 gümüş medal qazanıblar

Azərbaycanda daha bir nüfuzlu yarış – batut gimnastikası və tamblinq üzrə Dünya kuboku uğurla keçirildi. Milli Gimnastika Arenasında təşkil edilən və Paris Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan yarışda 32 ölkənin təmsilçiləri öz aralarında ən güclüləri müəyyən etmək üçün gərgin mübarizə apardılar. Yüksək rəqabət şəraitində keçən yarışda azarkeşlər 1 qızıl, 1 gümüş medal qazanan Azərbaycan idmançılarının uğurlarına bir daha şahidlik ediblər. 

Tamblinq üzrə yarışda Mixail Malki­nin bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanması idmançımızın güclü potensialını bir daha ortaya qoyub. İlk finalda daha çətin kombinasiya etmə­yi planlaşdıran təmsilçimizin çıxışı zəif olsa da, bu, ona ilk dördlüyə düşmək və qələbə uğrunda mübarizə aparmaq üçün kifayət edib. Mixail Malkin müsahi­bəsində bildirib ki, dünya çempionatında ona qələbə gətirən elementləri yarışda icra edəcəyini planlaşdırsa da, onların mürəkkəbliyi onu bir qədər düşündürüb: 

–Bu elementlər mürəkkəb olduğu üçün dəqiq icra edilməlidir. Həm də, iki ay yarım idi ki, onu etmirdim. Məşqçim Adil Hüseynzadə mənə proqramı səhv­siz yerinə yetirməyi məsləhət görmüşdü. Əvvəlcə onunla razılaşdım, lakin bir neçə dəqiqədən sonra onun yanına qayıtdım və dedim: “Gəlin, cəhd edək!” O, bir neçə saniyə düşündü və dedi: “Mişa, et! Mən tamblinq cığırının yanında dayanacağam və inanıram ki, sən bunu bacaracaqsan”. 

Şübhəsiz, belə nüfuzlu yarışlarda idmançıların çıxışları psixoloji cəhətdən də çətin olur. Bütün bunlara baxmayaraq Avropa və ikiqat dünya çempionu olan, Avropada 2023-cü ilin ən yaxşı gimnastı adını qazanan təmsilçimiz hamıdan güc­lü olduğunu bir daha sübuta yetirib. M.Malkinin indi əsas hədəfi bir aydan sonra Portuqaliyanın Gimarayeş şəhərində təş­kil olunacaq Avropa çempionatında da ölkəmizi layiqincə təmsil etməkdir. Gim­nast qitə çempionatında da qızıl medal uğrunda mübarizə aparacaq. 

Komandamızın digər üzvü Adil Hacı­zadə isə Dünya kubokunda gümüş me­dala sahib olmaqla böyüklər arasında ilk medalını qazanıb. Tamblinqçimiz yarışla bağlı təəssüratlarını bölüşərkən fəxri kür­süyə yüksəlmək üçün bütün gücünü sərf etdiyini deyib:

– Düşünürdüm ki, elə bir proqram icra edim ki, həm onu dəqiq yerinə ye­tirim, həm də yaxşı xal qazanım. Yarışın gedişində rəqiblərin çıxışını izləyərkən fikrim dəyişdi. Həlledici çıxışdan əvvəl elementləri çətinləşdirməyi qərara aldım. Sevinirəm ki, çıxışım uğurlu oldu. 

A.Hacızadə Dünya kubokunda azar­keşlərin dəstəyinin ona xüsusi güc və inam bəxş etdiyini deyib: 

–Doğma divarlar arasında ikiqat həyəcan və böyük məsuliyyət hiss edir­sən. Üstəlik, səni ürəkdən dəstəkləyən azarkeşləri sevindirmək gözəl duyğudur. Dünyanın güclü gimnastları arasında uğurla çıxış edib, ölkəmizi layiqincə təm­sil etdiyimə görə qürur hissi duyuram. 

Yarışda qalib və mükafatçılarla yana­şı, həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə olaraq batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy” kuboku ilə təltif ediliblər. 

Leyla QURBANOVA
XQ

İdman