Xocalını Yer üzündən kimlər və necə silmişdilər?

post-img

(Kəşfiyyat zabiti V.Savelyevin BMT-yə məxfi arayışı əsasında)

Xocalı soyqırımının hazırlanması və qəddarlıqla gerçəkləşdirilməsinə şahidlik edən, bu kütləvi insan qırğınının konkret təşkilatçılarını nişan verən qiymətli sənədlər içərisində Xankəndidə qulluq etmiş kəşfiyyat zabiti Vladimir Savelyevin xidməti arayışıdır. Hər il soyqırımının ildönümü günlərində bu təkzibedilməz sənəddə əksini tapan cinayətlər bir daha gündəmə gəlir.

Vladimir Savelyev sovet zamanında Dağlıq Qarabağda yerləşmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermə­nistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbə­sinin rəisi olmuşdu. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına Xocalıda baş verən hərbi cinayətlər barədə “Məxfi arayış”ını təq­dim etmişdir. O, son arayışlarını “Zabit Puqaçov” imzası ilə göndərmişdir. Həmin arayış və erməni mənbələrinin etirafları Xocalı soyqırımının bir sıra gizlinlərinə dünya miqyasında aydınlıq gətirmişdir.

Polkovnik erməni terror təşkilatları ilə sovet ordusundan qalma qoşun birləşmələ­rinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək fakt və sənədlərdə, “agentura” yolu ilə əldə etdiyi informasiya­larda bütün olub keçənlərin şərhini verərək etiraf etmişdir: 

– Mən bütün bunları yazmaya bil­mərəm. Hər şey gözlərim önündə baş ve­rib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də Müdafiə Na­zirliyinə, Baş Kəşfiyyat İdarəsinin general­larına göndərdim. Oxuyun! – dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi!

Mən Bakıdakı hadisələri də izləyirdim. Hiss olunurdu ki, Prezident Ayaz Niyazo­viçi aldadıb tora salıblar. O, kələfin ucunu itirmiş, hər şeyi nəzarətdən çıxarmış, qarşı­durmanın mərkəzində dayanmış, nüfuzunu itirmiş ali baş komandandır. Azərbaycan hərbi əks-kəşfiyyatına gəlincə belə bir qu­rum iflic olub. Aldığımız məlumata görə, bu qurumun əməkdaşları əsas məsələlərə girişə bilmirdilər. Prezident Xocalıda nəyin baş verməsini dərk etmirdi.

Azərbaycan ordusunun Baş Qərarga­hında da hamı özünü qərargah rəisi kimi aparırdı. Dördüncü ümumordu qoşun bir­ləşmələrində isə gərginlik genişlənirdi. Bu qoşun birləşmələrində hər şey Azərbaycan əleyhinə idi. Vəziyyət nəzarətdən çıxmışdı. Zabitlər başlarını itirmişdilər. Məlumat al­dıq ki, Azərbaycanda Prezident Aparatında və güc nazirliklərində ikitirəlik var. Məqsəd və fikirlər bir-birini tamamlamırdı. Hamı siyasi məqsədləri üçün “Müharibə kartın­dan” yapışmışdı. Bu kartı paylayanlara gəlincə, onların bir qismi Azərbaycanın ali baş komandanının, bir qismi də müxalifətin və nəyə xidmət etdiklərini anlamayan sava­dsız və küt generalların yanını kəsdirmiş­dilər”.

Kəşfiyyat polkovniki V.Savelyev tarixi arayışında daha sonra bildirmişdir : “Əslin­də, millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliy­yatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı”.

Polkovnik 1992-ci il aprel ayının 12-də Müdafiə Nazirliyinə göndərdiyi məktubun­da isə yazmışdır: “Öldürülmüş, məhv edil­miş adamların bir qisminin şəxsiyyətlərini təyin edən sənədlərdən 46-sını nömrələyib Azərbaycanın MN-nə, Prezident Aparatına göndərdim. Mənə cavab gəldi ki, biz həmin sənədləri araşdırırıq. Onda mən Tbilisidə idim və məktubu da oradan yola salmışdım. Amma dərk edə bilmirdim ki, Azərbaycan hərbi kəşfiyyatı nəyi araşdırır”.

Qarabağ münaqişəsi başlayanda 2 xalqı qarşı-qarşıya qoymuş erməni “millət qəhrəmanları” indi Xocalıda soyqırımına birbaşa rəhbərlik edirdilər. Savelyevin tə­birincə desək onlar dərk etmirdilər ki, heç kəsin qanı yerdə qalmır. Edilən cinayətlər üçün, tökülən qanlar üçün cavabdehlik və məsuliyyət nə Vaşinqtonun, nə Londonun üstündə qalırdı. Bütün bu vəhşiliklərin ca­vabdehliyi İrəvanın üzərinə düşürdü. Bunu isə, sadəcə, dərk etmək lazım idi. V.Savel­yev isə bütün bunları görür və dərk edirdi.

Polkovnik V.Savelyev daha sonra yaz­mışdır: “Xocalının işğalında, ölüm və kütləvi qırğın hadisələrində azərbaycanlı zabitləri də günahlandırıb ittiham edirəm. Bu necə Vətəndir? Bu necə ordudur? Bütün bunları anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoşmaqla onları alçaltdılar, şərə­finə lənət damğasını vurdular. Mən on ad­dımlığımda güllə yarasından can verən sək­kiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram”.

Lənətlənmiş günlər isə bir-birini əvəz edirdi. Xocalı faciəsini “işıqlandırmaq” (ermənilər buna qəhrəmanlıq deyirlər) üçün Xankəndinə dünyanın 32 ölkəsindən 47 nəfər erməni jurnalisti gəlmişdi. Onla­rın bir qismi polkovnik Y.Zarviqarovun ayırdığı zirehli maşınların gözlüklərindən, qərargah mərkəzlərindən hadisələri izlə­yir, qeydlər götürür, bəziləri də operativ çəkilişlər aparırdı. Dağılmış, viranə qalmış yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər: guya, “Azərbaycanlılar gü­nahsız erməniləri qırırlar”.

Beləliklə, fevral ayının 25-dən 26-sına keçən gecə Xocalı yandırıldı, işğal edildi. Qoşun isə sakitləşmək bilmirdi. Polkovnik V.Savelyev “Məxfi arayış”ında bu barədə qeyd etmişdir: “Üçüncü batalyon Xoca­lı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərk etmədi. 366-cı alay isə ərazidən çıxarılmadı. Ordu tərksi­lah olundu. Zabitlər satqınlıq etdilər. Silah­lara gəlincə, işlənməmiş silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilər­dən bunun müqabilində pul və zinət şeyləri alınsın. “Böyük Ermənistan” adlı bədnam və rüsvayçı plan uğrunda vuruşanlara gə­lincə, bu, hələlik açıq qalmış bir məsələ­dir”.

Həmin ərəfədə rus kəşfiyyatçısı V.Sa­velyev Azərbaycan hakimiyyətini təsvir edərək yazırdı: Xocalının işğalından son­ra A.Mütəllibov hakimiyyəti öz yaşamaq hüququnu itirdi. Nazirlər isə Baş nazirin ət­rafında dövlət daxilində dövlət yaratmışdı­lar. Alayın çıxarılmasında, hərbi sursatların ermənilərə verilməsində bilavasitə iştirak edənlərə baxın: general-polkovnik Qromov, general-leytenant Qrekov, general-leyte­nant Ohanyan, polkovnik Y.Zarviqarov, polkovnik O.Kraule, deputat İ.Andronov Dördüncü Ordu 23-cü motoatıcı diviziya nümayəndələrinin Xocalı əməliyyatında iş­tirak etmələri üçün şərait yaratmışdı. 23-cü motoatıcı diviziyanın komandan müavini A.Babukov və K.Yermolayev isə erməni yaraqlılarına verilmiş hərbi texnikanın geri qaytarılmasını tələb etmişdi. Onları isə kim idi eşidən?!”.

V.Savelyev bu məsələləri şərh edərək daha sonra qeyd edir: “1992-ci ilin fevral ayının 23-də hərbi şəhərcik “Qrad” qurğu­larından atəşə tutulduqdan sonra polkov­nik Y.Zarviqarov alayın daimi dislokasiya məntəqəsindən ehtiyat bölgəyə keçirilməsi haqqında qərar verib. Qərar isə erməni si­lahlı dəstələrinin heç bir müqaviməti olma­dan həyata keçirilib. Dislokasiya yerinin dəyişdirilməsi heç də zərurətdən irəli gəl­məyib. Bu zaman bir sıra bölmələrin döyüş texnikaları çıxarılmayıb. Həmin günlərdə Xankəndi şəhərinə gələn general-leytenant İ.Ohanyan (mayor Ohanyanla qarışdır­mayın) təkid edib ki, artilleriya divizionu, zenit artilleriya divizionu, tank rotası tex­nikası saxlanılsın. Nəticədə, ermənilər heç bir maneə ilə rastlaşmadan 23 ədəd PDM, 3 ədəd ZSU-23- 4, 8 ədəd D-30 və xeyli digər döyüş texnikası ələ keçirdilər”.

Polkovnik V.Savelyev bütün bunlara toxunaraq yazmışır: “Birinci batalyon ehti­yat bölgəyə keçirilən zaman polkovnik İvan Moiseyev texnikanı və şəxsi heyəti dağlar arasındakı Çapar dərəsində saxlayıb, göz­ləmə mövqeyi tutub. Sonra onun batalyo­nu Çixani yaşayış məntəqəsinə daxil olub. Ermənilərin mühasirəsinə düşüb. Nəticədə batalyon könüllü surətdə öz döyüş texnika­sını ermənilər üçün qoyub. İvan Moiseyevə və şəxsi heyətə pul təklif edilərək, birlikdə vuruşmağa çağırılıblar”.

Xocalının ətraf yaşayış məntəqələrini də dağıdan, külünü göyə sovuran da elə İvan Moiseyevin batalyonu olub. Və bu ba­talyon da ermənilər arasında “İvanın vəhşi batalyonu” kimi tanınıb.Tədqiqat zamanı 02270 saylı hərbi hissənin əks-kəşfiyya­tının materiallarından aydın olur ki, 366-cı alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçmişdi. Üstəlik, Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronejilet, 11 ton konservləşdirilmiş yemək, 1200 cüt ayaqqabı, 146 ədəd tapança ermənilərin istifadəsinə verilmişdi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə paylanılmışdı.

Sıravi əsgər Qriqori Voroşilovun mə­lumatına görə, Xocalı ilə bağlı ermənilərin ruslarla əlaqələrinə dair sənədlərin bir qis­mi 1992-ci il mart ayının 1-də Zaqafqaziya Hərbi Dairəsinin aviasiya komandanı ge­neral-mayor S.Lukaşovun əmrilə yandırıl­mışdır.

Polkovnik V.Savelyev xatırladır: “Er­mənilər ruslara məxsus “02-19–MM” nöm­rəli “KamAZ”la ərazidəki azərbaycanlı meyitləri yığıb Xocalıda tonqal qurdular. İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim.

Mən sizə ermənilərə qoşularaq əsir alınmış azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm. O, 19 müxtəlif rütbəli erməni və rus zabitin adını yazıya əlavə edərək bildirir ki, əsas canilə­rin sırasında 41 nəfər milliyyətcə erməni olan kiçik rütbəli şəxslər də var idi.

V.Savelyevin — vicdanlı, səriştəli rus kəşfiyyatçısının “Məxfi arayışı” haqsızlıq­larla barışmayan bir zabitin acı etirafıdır. Bu arayış ermənilərin və onların havadarla­rının Xocalıda planlı, düşünülmüş hərbi ci­nayətlər--azərbaycanlı əhaliyə qarşı aman­sız soyqırımı törətdiklərini təkzibolunmaz faktlarla bir daha təsdiqləyir.

Hazırladı:
Tahir AYDINOĞLU
XQ



Qan yaddaşı