Xalqımızın milli azadlıq və müstəqillik savaşı mədəniyyət və incəsənət xadimlərinin, yaradıcı şəxsiyyətlərin hər zaman müraciət etdiyi başlıca mövzulardandır. Çünki azadlığı uğrunda şəhidlər verən xalq yasa batsa da, təmkinini, qürurunu qoruyub, düşməndən aman diləməyib və mücadilənin sonunda həm müstəqillik qazanıb, həm də torpaqlarında suverenliyini tam bərpa edib.
“Qanlı yanvar”dan sonra unudulmaz Xalq şairimiz Cabir Novruzun yazdığı və Xalq artisti Əlabbas Qədirovun ifasında eşitdiyimiz bu misraların dillər əzbəri olduğunu xatırlayırıq:
Millət əzər, əzilər də,
Əyri qəddi düzələr də...
Düşməni qul etmək olar,
Min əsr yol getmək olar,
Dünyanı titrətmək olar,
Kaş millətdə ruh yaşasın…
Əsrlərdən bəri poeziyada, nəsrdə, musiqi və rəssamlıqda, ekran və səhnədə, arxitekturada azadlıq, istiqlal mücadiləmizə aid mübariz ruhlu çoxsaylı nümunələr yaradılıb. 34 il bundan əvvəl – 1990-cı il yanvarın 20-də təpədən-dırnağadək silahlanmış “xilaskar” sovet ordusunun Azərbaycan xalqının müstəqillik hərəkatını boğmaq məqsədi ilə törətdiyi şənbə faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyib və sənət adamlarımız bu faciəyə böyük maraq göstəriblər.
Bu gün həm qürur, həm də ürəkağrısı ilə qeyd etdiyimiz 20 Yanvar faciəsi zaman keçdikcə Azərbaycan ədəbiyyatında daha dolğun əksini tapıb. O qanlı şənbə gecəsində bu qırğına “fərman” verənlər, günahsız insanları qanına bələyənlər nifrətlə xatırlanır, şəhadətə yüksələn azadlıq arzulu insanlar isə böyük ehtiramla anılır. Çünki o müdhiş hadisələrdən imperiya qüvvələrinin vəhşiliyi də, azadlıq mücahidlərinin yenilməzliyi də boy göstərir, haqq səsimizin heç bir vəchlə batırıla bilməyəcəyinin şahidi oluruq. Tankla, topla silahlanaraq, xalqı əzməyə gələn sovet qoşunlarının qarşısına əliyalın çıxan insanların işıqlı obrazları gözlərimiz önündə canlanır.
Qırğının ədəbi salnaməsi
Yaddaşlara qanla yazılmış 20 Yanvar hadisələrinin reallıqları Bəxtiyar Vahabzadə, Məmməd Araz, Qabil, Anar, Nəbi Xəzri, Fikrət Qoca, Cabir Novruz, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Məmməd Aslan, Sabir Rüstəmxanlı, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Çingiz Abdullayev, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub, eləcə də digər vətənpərvər söz və qələm sahiblərinin elegiyalarında, etiraz ruhlu şeirlərində və publisistik əsərlərində öz əksini tapıb.
Hadisələrdən dərhal sonra şair və yazıçılarımız qələmə sarılaraq, xalqımızın fəryadını dünyaya car çəkdilər. Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Sabir Əhmədlinin “20 Yanvar” hekayələri, Arif Abdullazadənin “Qanlı yaddaş” romanı, Qabilin “Mərsiyə”si, Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri, Nəriman Həsənzadənin “Şəhidlər xiyabanı” şeirləri, Rafiq Səməndərin “Şəhidlər” kitabı, İsi Məlikzadənin “Qırmızı şeytan” povesti işıq üzü gördü. Ədiblərimiz 20 Yanvar faciəsindən dönə-dönə yazdılar ki, gələcək nəsillər bunu heç bir vaxt unutmasınlar.
O zaman Xalq şairi Bəxtiyar Vahabzadənin törədilən hərbi cinayətə görə AzTV-nin qarşısında rus generalı Ovçinnikovun üzünə tüpürməklə böyük cəsarət və şəxsi vətənpərvərlik nümunəsi göstərməsi dillərdə dastan olmuşdu. General şairi güllələtmədiyini sonra belə izah etmişdi ki, onu təhqir edən şəxs akademik, deputat, universitet müəllimi olan şairmiş. “Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım. Xoşbəxtəm ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək.Yəqin ki, bilirsiniz, Dantes Puşkinin, Martınov Lermontovun qatili olub”.
Amma imperiyanın tutub cəzalandırdığı vətənpərvər oğulların arasında qələm sahibləri də vardı. Xəlil Rza Ulutürk həbs edilib Moskvanın Lefortovo zindanına atılan zaman Əşrəf Veysəlli hayqıraraq qəzəbini misralara töküb meydanlarda haqsızlığa, ədalətsizliyə həsr olunan şeirlər oxuyurdu:
Vətən başdan-başa qanlı yuxudur,
Yoxdurmu bu yurdun yuxuyozanı?
Vəhşi generallar kimi qorxudur
Zindana atmaqla Xəlil Rzanı?!
Hadisələr zamanı həyatını itirən qələm sahibləri də olub. 20 yaşlı Ülvi Bünyadzadənin ədəbi irsindən isə görünür ki, sağ qalsaydı, indi çox tanınan və sevilən şair olardı...
Bakıdakı “XI Qızıl Ordu meydanı”nın adının və oradakı işğalçı abidəsinin tezliklə aradan götürülməsində və ərazinin “20 Yanvar meydanı” adlandırılmasında, heç şübhəsiz, ziyalılarımızın, o cümlədən də sənət adamlarının da rolu olub. Yeri gəlmişkən xatırladaq ki, İsi Məlikzadənin “Qırmızı şeytan” povestində XI Qızıl Ordunun Azərbaycanın istilası ilə 20 Yanvar faciəsi arasında paralel müqayisələr aparılıb və ictimai-siyasi zorakılığın nələr törətdiyi canlandırılıb.
Faciənin miqyası, xalqın azadlıq arzusunu boğmaq istəyən imperiya amansızlığı milli ədəbiyyatımızda öz aktuallığını bu gün də qoruyub saxlayır. Bir çox bədii və təhlili yazılarda yanvar qırğınının mahiyyətindən bəhs olunur. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.
Ədəbiyyatşünas, tənqidçi Rüstəm Kamal yazır: “Ola bilsin ki, xalq tarixin bir çox konkret faktlarını və hadisələrini unutsun, ancaq həmin hadisələr, qəhrəmanlar, şəhidlər bədii mətndə əksini taparsa, millət öz tarixini o əsərlər əsasında bərpa edə bilər. Ona görə də 20 Yanvar faciəsinin ədəbiyyatda əks olunması çox vacibdir”.
Musiqi notlarında
Məhəbbət, qəhrəmanlıq və bəzən də faciələrimizlə bağlı duyğu və düşüncələrimizə təsir edən musiqi ruhumuzu kökdən düşməyə qoymayan bir məlhəmdir. Ümid artıran, inam yaradan musiqinin vasitəsilə daim ağrı-acılarımızdan güc alırıq. Millət olaraq başımıza gələn fəlakətlər, xüsusən 20 Yanvar faciəsi də musiqimizdə geniş ifadəsini tapıb. Qanlı Yanvar günlərində ustad musiqiçilərin – Kamil Cəlilovun qaboyunda, Habil Əliyevin kamanında inləyən musiqi sədalarının fəryada, naləyə döndüyü yaddan çıxmır. “Zəminxarə”, “Segah”, “Bayatı-şiraz”, “Çahargah”, “Humayun”... qaboyun, kamanın dili ilə necə haray çəkir, şəhidlərimizə həzin-həzin ağı deyirdi...
Ötən 34 ildə bəstəkarlarımız 20 Yanvar faciəsinə həsr olunmuş 100-dən çox əsər – həm simfonik poemalar, vokal instrumental əsərlər, kantatalar, mahnılar yazıblar. Cövdət Hacıyevin və Oqtay Kazıminin “Şəhidlər” simfoniyaları var. Azər Rzayevin eyni janrda əsəri isə “Bakı–90” adlanır. Ramiz Mustafayevin “Bu qan yerdə qalan deyil”, Mobil Babayevin kantatası, Aydın Əzim Kərimoğlunun orkestr üçün “Qətl günü”, Sərdar Fərəcovun simfonik poeması, Sevda İbrahimovanın bariton səs və orkestr üçün vokal simfonik “Vətən şəhidləri” əsəri, Arif Mirzəyevin orqan üçün “Yanvar mərsiyələri” bu qəbildəndir. Bəstəkar Faiq Nağıyev “Şəhidlərdən şəhidlərə” filminə təsirli musiqi yazıb. Cavanşir Quliyevin xor üçün “Şəhidlər”i qeyd olunmağa layiqdir.
Emin Sabitoğlunun Bəxtiyar Vahabzadənin sözlərinə “Şəhidlər ağısı” mükəmməl əsərdir və ilk ifaçısı Zeynəb Xanlarova olub. 1991-ci ildə Vasif Adıgözəlovun sözlərinə “Bir şərqi de” mahnısı, həmçinin “Qarabağ şikəstəsi”, “Qəm karvanı” oratoriyaları da 20 Yanvara aid dəyərli nümunədir. Faiq Sücəddinov fortepiano üçün xüsusi bir əsər yaradıb. O, həm də gözəl pianoçu kimi “Şəhidlər Xiyabanı” adlı əsərdə melodik duyğularını bənzərsiz ifadə edib. Ruhəngiz Qasımovanın “Şəhid oğullara” mahnısı da özünəməxsus alınıb, indi də ifa olunur. Mərhum bəstəkar Hacı Xanməmmədov mərhum yazıçı Əzizə Cəfərzadənin sözlərinə “Əlimdə sazım ağlar” adlı əsər yazıb.
Oqtay Rəcəbovun Məmməd İsmayılın sözlərinə "Qana dönən qərənfillər”, Mehriban Əhmədovanın Məmməd Arazın sözlərinə "Ana millət, ata millət, ağlama”, Nəriman Əzimovun Hikmət Mahmudun sözlərinə "Mənim şəhid bacım, şəhid qardaşım” mahnıları da təsirlidir. İlham Abdullayevin Dönməzin sözlərinə yazdığı "20 Yanvar” mahnısı da qeyd edilə bilər.
Sadalananlar 20 Yanvar mövzusuna həsr edilmiş musiqi əsərlərinin yalnız müəyyən bir qismini təşkil edir. Mərhum bəstəkar Vasif Adıgözəlov “Çanaqqala oratoriyası”nı məhz Azərbaycanın başına gələn faciələrdən təsirlənərək yazdığını deyirdi. Mahiyyətcə bəşəri faciələrin motivi birdir. Onun "Şuşam lay-lay" mahnısı da gözəl alınıb. Musiqi əsəri ruhun təlatümünün ifadəsi kimi yarandıqda ürəkləri riqqətə gətirir.
Həm ümumxalq kədəri, həm də haqq yolundan dönməzlik, mübarizlik, yenilməzlik rəmzi olan bu əsərlər musiqi kollektivlərinin, orkestrlərin ifasında xarici ölkələrin müxtəlif konsert salonlarında da səsləndirilir, 20 Yanvarda Azərbaycan xalqının başına gətirilən müsibətlər dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılır.
Faciə rəssamların gözü ilə
Rəssamlarımızın əsərləri tarixin anlarını rənglər dünyasında əbədiləşdirir, əcdadlarımızın mənəvi ruhu, qəhrəmanlığı haqqında çox şeylər danışır. Bütün dövrlərdə münaqişə, müharibə və digər fəlakətləri xalq necə yaşayıbsa, fırça ustaları da həmin hadisəni bədii ifadə vasitələri ilə yaddaşlara yazıblar. Elə 20 Yanvarın qanlı lövhələri kimi.
Xatırlayırıq ki, ulu öndər Heydər Əliyevin 1995-ci il yanvarın 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən “Qanlı Yanvar” rəssamlıq sərgisindəki çıxışından sonra bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təcəssüm etdirən obrazlar daha çox yaradılmağa başladı. Rəssamlıq sahəsində bu şərəfli tariximiz daha canlı, ifadəli və obrazlı təsvir edildi.
Xalq rəssamı Mikayıl Abdullayevin rənglərin harmoniyasından yoğrulmuş “Nakamların dəfni” əsərinə tamaşa etdikcə, həqiqətən öz xalqının qəhrəmanlığı ilə qürur duyursan. Bu əsərdə 20 Yanvar faciəsini yaşayan bir xalqın müqəddəs ruhu təsvir olunur. Eyni zamanda, bu faciəni törədən cəlladlara qarşı rəssamın hədsiz nifrəti aydın duyulur.
Görkəmli fırça ustalarından Rasim Babayevin “Təcavüz”, Kirman Abdinin plakat janrında işlədiyi və xüsusilə seçilən bir sıra silsilə əsərlərində, rəngkar Hacırza Fərzəliyevin “Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”, Həmzə Abdullayevin “Çərxi-fələk”, İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Qafar Seyfullayevin “Öncə Vətəndir...”, Asim Səmədovun “Ruhlar” və s. tablolarında qanlı şənbə gecəsinin ağrı-acılı yaşantıları öz bədii ifadəsini tapıb. O zaman Respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov faciəyə ilk münasibət bildirib. O, həmin mövzuya həsr etdiyi “Şəhidlər” rəsmini hadisələrin qaynar vaxtı, Bakı qan içində boğulanda yaradıb. Həmin əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir.
Qrafika ustası Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Əliyevin “Qara Yanvar” və Arif Ələsgərovun “20 Yanvar” əsərləri də xalqımızın imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, bizi düşmənə qarşı daim ayıq-sayıq olmağa səsləyir.
Qətliam kino lentlərində
Tariximizin qanlı 20 Yanvar səhifəsi Azərbaycan kino xadimlərinin daha çox müraciət etdiyi mövzulardandır. Elə hadisələrin baş verdiyi həmin gecə operatorlarımız həyatlarını təhlükəyə ataraq, bu qətliamın ən ağrılı anlarını ekranın yaddaşına köçürüblər.
Müxtəlif illərdə lentə alınan “Azadlığa gedən yollar”, “Qəsd”, “Matəm”, “Şəhidlərdən şəhidlərə”, “Bakıda insan ovu”, “Şəhidlər və qazilər”, “Şəhidlik zirvəsi”, “Cənubda Şimal küləyi” və digər sənədli film nümunələri 20 Yanvar faciəsinin ağrılarını yaşadan kino əsərləridir. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Salnamə” sənədli filmlər studiyasında çəkilən bu ekran əsərlərində o dövrün real mənzərəsini görmək və dəyərləndirmək mümkündür. “Salnamə”də, ümumiyyətlə, tarixi tale yaddaşımızın qanlı səhifələrinə həsr edilmiş kifayət qədər ekran əsəri istehsal olunub.
“Azadlığa gedən yollar”da süjet xəttinin əsasını konkret olaraq 20 Yanvar faciəsi təşkil edir. “Xatirələrdə yaşanan ömür”, “Vətən qeyrəti”, “Mən evə qayıdıram” filmləri də bu sıradandır. “Mən evə qayıdıram” bədii filmi ötən əsrin 90-cı illərinin real hadisələrini bütün cəhətləri ilə əks etdirir. Film Azərbaycanın hərbi təyyarəçilərinin qəhrəmanlıq hekayətindən bəhs edir.
Rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filmi də faciənin real hadisələri əsasında lentə alınıb. Filmdə Azərbaycan, ABŞ, İran, Rusiya və Türkiyənin tanınmış aktyorları çəkiliblər. Film dünyanın bir çox ölkələrinin ekranlarında göstərilib.
Qeyd edək ki, son illər “Salnamə” studiyasında vətənpərvərlik mövzusunda yeni filmlər ərsəyə gətirilib. Bu filmlərdə 1988-ci ildən bəri ölkəmizə qarşı həyata keçirilən düşmənçilik siyasəti, xalqımızın başına gətirilən faciələr fərqli rejissor yozumlarında xronoloji ardıcıllıqla kinolentin yaddaşına köçürülüb.
Bir məqamı da xüsusi vurğulamalıyıq ki, 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimləri də hər il “Salnamə” studiyası tərəfindən lentə alınır. Bütün bunlar gələcək nəsillərə ötürüləcək tarixi sənədlərin əsasını təşkil edir.
Teatr səhnəsində
Azərbaycan teatrlarında 20 Yanvar mövzusunda əsərlərin səhnələşdirilməsinə də daim böyük önəm verilib. Çünki bu, vətənpərvərlik ruhunu alovlandıran, tərbiyəvi motivli mövzudur. 20 Yanvar gerçəkliyini bütün dəhşəti ilə, inandırıcı boyalarla açmaq, mövzunu hər mənada yetkin bir sənət əsəri səviyyəsində tamaşaçıya təqdim etmək rejissor və aktyorlardan əsl sənətkarlıq qabiliyyəti tələb edir. İnamla demək olar ki, teatrlarımız bunun öhdəsindən layiqincə gələ biliblər.
Əlbəttə, elə mövzular var ki, ədəbiyyata, teatra birdən-birə gətirmək olmur. 20 Yanvardan sonra Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslər baş verib. Bunların yaradıcı süzgəcdən keçirilməsi vaxt tələb edən nəsnədir. 20 Yanvar cinayətinin sovet rəhbərliyi tərəfindən əvvəl son dərəcə məxfi saxlanılmasına cəhd edilsə də, sonra bu, rejim əleyhinə çıxan “ekstremist” bir dəstənin özbaşınalığına qarşı, guya, kiçik bir əməliyyat kimi beynəlxalq ictimaiyyətə təqdim edilmişdi. Lakin düşmən yanılmışdı. Elə həmin gecə törədilmiş cinayətin mahiyyəti və qanlı miqyası beynəlxalq ictimaiyyətə çatdırıldı. Çox keçmədi ki, teatrlarımız da əsl həqiqətlərə işıq tutdular. Azərbaycan tarixində sağalmaz yara olan 20 yanvar mövzusuna müraciət etdilər.
Hələ 1991-ci ildə, 20 Yanvarın 1-ci ildönümündə Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması Gənc Tamaşaçılar Teatrında Xalq artisti Ağakişi Kazımovun quruluşunda səhnələşdirilib. Yazıçı Tamara Vəliyevanın bu teatrda həyata vəsiqə almış “Mənim ağ göyərçinim” pyesi qeyd edilməlidir. Tamaşanın süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.
Həmin səhnədə Xalq yazıçısı Anarın pyesi əsasında hazırlanmış “Şəhərin qış gecələri” tamaşası xüsusi maraq doğurub. Səhnə əsərinin quruluşçu rejissoru Bəhram Osmanov tamaşanı belə səciyyələndirib: “20 Yanvar faciəsindən illər keçib, bu dəhşətli faciə tarixdə silinməz izlər buraxıb və görünür, burada da bir məntiq var ki, məhz indi böyük yazıçımız Anar bu mövzuya müraciət edib. Bilirsiz ki, hələ ötən əsrin 80-ci illərində Anarın “Şəhərin yay günləri” əsəri çox məşhur idi, mərhum rejissor Tofiq Kazımov quruluş vermişdi o tamaşaya. Bu dəfə isə artıq həmin qəhrəmanlar soyuq bir yanvar axşamında bu faciəni yaşayırlar. Anarın özünəməxsus şəkildə yazdığı, daha doğrusu, özünə sadiq qalaraq bütöv millətin faciəsini bir ailənin timsalında göstərdiyi əsəri bədii şərtiliklə və müasir vizual vasitələrdən istifadə edərək yaradılıb”.
Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası tarixi səsləşmələri ilə uğurlu olub. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun bu teatrda “Xəcalət” və Sumqayıt Dövlət Dram Teatrında “Vicdanın hökmü”əsərləri uğurla oynanılıb. Gəncə teatrının “Alın yazısı”, Mingəçevir teatrının “Ağla, qərənfil, ağla” tamaşaları da bu mövzudadır. Sevinc Elsevərin “Arzu və Murad”, İftixarın “Qalx ayağa, Azərbaycan!” tamaşalarında bu faciədən doğan ağrı əksini tapıb.
Bakı Uşaq Teatrında Müdafiə Nazirliyi ilə birlikdə, əsasən, gənc hərbçilər üçün “Vətən” tamaşası oynanılıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası da mövzuya həsr olunan sənət nümunəsidir. Yuğ teatrında hazırlanan “YadDaş”ı, Lənkəran teatrının “Yeddi şam”ını, Şuşa Dövlət Musiqili Dram Teatrının “Güllələnmiş heykəllərin fəryadı” tamaşalarını da qeyd etmək lazımdır. Füzuli Dövlət Dram Teatrında isə 20 Yanvar faciəsinə həsr olunmuş “Şəhidlər ölməzdir” adlı poetik xalq faciəsi hazırlanıb. Faciədə şəhidlərin Vətən sevgisi, azadlıq mübarizəsi, məhəbbətlərinə sadiq olduğu nümayiş etdirilir. Həmçinin faciədə Larisa, İlqar, Fərizə və İlhamın simasında bütün 20 Yanvar şəhidləri yad edilir.
İlmələrə hopan hüzn
Tanınmış rəssam Fəxrəddin Əli 20 Yanvarla bağlı xeyli əsərin müəllifidir. Həmin hadisələr onun yaradıcılığında bir dönüş mərhələsi olub. Rəssam 1991-ci ilin yanvarında, təxminən, 1 il çəkən gərgin zəhmətin nəticəsi olaraq, “Şəhidlər”i iri həcmdə araya-ərsəyə gətirib. Xalçaçılar Şəkər Ələsgərova və Ədibə Elbayevanın vurduğu ilmələr uğurlu alınıb. Əsərin ortasında 20 Yanvar faciəsini ruhən yaşayan ana obrazı, onun ətrafında isə şəhidlərin obrazları ifadəsini tapıb. Xalçada Araz çayı xalqımızı 2 yerə bölən simvol kimi, həmçinin Güney Azərbaycanda soydaşlarımızın dar ağacından asılması təsvir edilib. 20 Yanvar motivi Bakıdakı qırğının təsviri ilə yadda qalır. Bütün xalça boyunca qərənfil obrazı aparıcıdır. Həmin il 20 Yanvarda bu xalça-əsər ziyarətə gəlmiş on minlərlə soydaşımızın kədərini özündə yaşadan rəmz kimi xiyabanın girişindən asılıb. Bir neçə gün ərzində xalça orada qalıb, sonra Dövlət Tarix Muzeyinə təhvil verilib.
Əslən Cənubi Azərbaycandan olan rəssam Səməd Təbrizli hadisələrə biganə qalmayan yaradıcı bir azərbaycanlı kimi öz mənəvi borcunu yerinə yetirərək, “İlham və Fərizə” adlı xalçanı ərsəyə gətirib. Təbrizli xalçaçılar tərəfindən toxunmuş bu xalçanın müəllifinin sözlərinə görə, xalçada 800 min ilmə var. Onun toxunmasında 182 rəngdə yun ip boyansa da, qarışdırılan rənglərlə birgə “İlham – Fərizə” xalçasında 230-dan artıq rəng çalarından istifadə edilib. Onu da deyək ki, xalçanın ərişləri uzun illər qalsın deyə, ipək ipdən hazırlanıb...
Tünzalə Məmmədzadənin ipək üzərində çəkdiyi “Fəryad” əsərində bir neçə butanın ifadəli forması ilə faciənin yaşantıları şərti-rəmzi həllini tapıb. Adil Şıxəliyevin “Qara Yanvar” qobeleni, Rauf Əbdülhüseynoğlunun “Faciə gecəsi” mövzunun dekorativ-şərti ifadəsi baxımından diqqət çəkir.
Ağrının memarlıq ifadəsi
Heykəltaraşlıq sahəsində ilk nümunə elə faciənin baş verdiyi ildə Gəncə şəhərində yaradılıb. Onun müəllifi tanınmış tişə ustası Səid Rüstəmdir. Üçhissəli heykəltaraşlıq-memarlıq kompleksində süjetli relyef və yazıların sintezi ilə baş vermiş Qanlı hadisənin ittihamedici obrazlı-şərti həlli tapılmışdır. Faciədə həlak olanların xatirəsinə ucaldılmış ümumiləşdirilmiş abidə isə paytaxtın “20 Yanvar” meydanında yerləşir. Bu əsərdə şənbə gecəsi törədilən qanlı cinayətə qarşı dinc əhalinin etirazı yaddaqalan plastik tutumda ifadə olunub. Çoxfiqurlu tunc kompozisiyanın müəllifləri Azad Əliyev və Cavanşir Dadaşovdur.
Onu da qeyd edək ki, Əməkdar rəssam Arif Qazıyevin “Fəryad” və “Şəhid anası”, Xalq rəssamı Fuad Salayevin “Qıl körpüsü”, Məmməd Rəşidovun “Daşın göz yaşları” və digər heykəltaraşlıq nümunələrində də faciəyə tutulan plastik güzgü cəlbedici və yaddaqalandır.
Bəli, qeyrətimizin, qüdrətimizin timsalı olan ruhumuz bizi məhv olmağa qoymadı. Xalqımızın ən ağır sınaqlarla üz-üzə qaldığı vaxtlarda əsrlərdən-əsrlərə adlayan, nəsillərdən-nəsillərə yol gələn ədəbiyyatı, musiqisi, kino və teatrı mübarizlik ruhuna köklədi. Sənət əsərləri bizə faciələrimizdən dərs almağı, kədərə boyun əyməməyi aşıladı. 20 Yanvar faciəsinin sarsıntıları, hüznü, qüssəsi dəyərli bədii əsərlərə çevrildi. Amma bu əsərlər həm də bir xalqın ölməz ruhunun ifadəsi oldu.
Ə.DOSTƏLİ
XQ