Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kosmos Proqramının birinci mərhələsi olan “İnsanlı kosmik missiya” ilə əlaqədar yayımladığı videomüraciətdə Türkiyənin ortaq qürurunun zirvəyə çatdığı tarixi bir anın şahidi olduğunu bildirib. Məlumatı “Anadolu” verib.
Prezident Ərdoğan qeyd edib: “İnsanların ilk kosmosa uçuşu ilə cümhuriyyətimizin ikinci əsrinə, Türkiyənin yüzilliyinə qədəm qoyuruq. Elm tarixinə misilsiz töhfələr vermiş bir sivilizasiyanın varisləri olaraq biz öz tarixi missiyamızı bir daha yerinə yetirmək üçün çox dəyərli yeni bir səy göstəririk”.
Türkiyə Hərbi Hava Qüvvələrində uzun illər reaktiv pilot kimi qəhrəmancasına xidmət edən Alper Gezeravcının geniş hazırlıq və təlimdən sonra Beynəlxalq Kosmik Stansiyaya səyahətinə çıxdığını vurğulayan prezident Ərdoğan əlavə edib:
“Biz 2021-ci ildə elan edilən Milli Kosmik Proqram çərçivəsində məqsədlərimizdən birini həyata keçiririk. Beynəlxalq Kosmik Stansiyada 14 gün davam edəcək Milli Kosmos Proqramı missiyası çərçivəsində alimlərimizin hazırladığı 13 təcrübə həyata keçiriləcək. Astronomiya, tibb, genetika və materialşünaslıq kimi sahələrdə elmi araşdırmalar aparılacaq. Arzu edirəm ki, bu tədqiqatlar ölkəmizə və elmimizə xeyir versin”.
P.ƏMİRCANOV
XQ