Hərbi geyim formasının qanunla nəzərdə tutulmamış hallarda daşınmasına görə cərimələr artırılır.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yanvarın 23-də keçirilən iclasında müzakirəyə çıxarılmış İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Dəyişikliyə əsasən, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə - beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.