№ 272 Bakı şəhəri, 18 sentyabr 2025-ci il
Bir sıra müəssisələrin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda və 2023-cü il 20 iyun tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.11-ci bəndinə və “Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanının 4.1.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2745 (Cild I); 2025, № 2, maddə 195) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.10.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və həmin bölməyə aşağıdakı məzmunda 1.11-ci bənd əlavə edilsin:
“1.11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi”nin tabeliyindəki qurumlar:
1.11.1. Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu;
1.11.2. Çaykənd Qızılbalıqartırma Zavodu;
1.11.3. Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı;
1.11.4. Tovuz Balıqartırma Təsərrüfatı;
1.11.5. “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti.”;
2.2. 3.3.1-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:
“3.4. “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 iyun tarixli 200 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 862 (Cild I); 2024, № 9, maddə 1091) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın 1.1.19-cu, 1.1.21-ci, 1.1.23-cü, 1.1.24-cü və 1.1.25-ci yarımbəndləri ləğv edilsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etsinlər.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri