Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 327 Bakı şəhəri, 14 sentyabr 2023-cü il
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı təqdim etdikləri layihələrin qrant məbləğinin müəyyən edilməsinə dair meyarlar və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 1.3-cü bəndində nəzərdə tutulan informasiya ehtiyatı fəaliyyətə başlayanadək həmin informasiya ehtiyatı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilir.
4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 sentyabr
tarixli 327 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin
keçirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.3-cü bəndinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra – Agentlik) tərəfindən qeyri-hökumət təşkilatlarının (bundan sonra – QHT) “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci hissəsinə uyğun tədbirlərinin (bundan sonra – layihə) maliyyələşdirilməsi üzrə qrant müsabiqələrinin (bundan sonra – müsabiqə) təşkili və keçirilməsi prosedurunu müəyyən edir.
1.2. Agentlik QHT-lərin irəli sürdükləri layihələrin maliyyələşdiril-məsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, bu Qaydaya və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirir.
1.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsi nəzərə alınmaqla müsabiqənin təşkili və keçirilməsi ilə bağlı QHT-nin fəaliyyəti Agentliyin qeyri-hökumət təşkilatlarına və onların iştirakı ilə keçirilən layihələrə dair informasiya ehtiyatı (bundan sonra – informasiya ehtiyatı) vasitəsilə əlaqələndirilir.
1.4. Layihələrə ayrılmış maliyyə vəsaiti Azərbaycan manatı ilə müsabiqənin qalibi olan müvafiq QHT-nin bank hesabına köçürülür.
1.5. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2. Layihələrin müsabiqə vasitəsilə maliyyələşdirilməsi meyarları
2.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verən QHT-lər müsabiqədə iştirak etmək hüququna malikdirlər.
2.2. Təqdim olunmuş layihələrin Agentlik tərəfindən maliyyələş-dirilməsi məqsədilə aşağıdakı müsabiqələr təşkil olunur:
2.2.1. kiçik qrant müsabiqəsi;
2.2.2. orta qrant müsabiqəsi;
2.2.3. böyük qrant müsabiqəsi;
2.2.4. səfər qrantı müsabiqəsi.
2.3. Agentlik tərəfindən eyni QHT-nin təqvim ili ərzində bu Qaydanın 2.2-ci bəndində qeyd edilmiş müsabiqələr üzrə yalnız 1 (bir) layihəsi (səfər qrantları istisna olmaqla) maliyyələşdirilə bilər.
2.4. Müsabiqə elanına uyğun olaraq QHT müsabiqəyə yalnız özü və ya digər tərəfdaş QHT və ya QHT-lər ilə birlikdə layihə təqdim edə bilər. Bu zaman həmin QHT-lər saziş imzalamaqla əsas ərizəçi təşkilatı müəyyən edir. Layihəni əsas ərizəçi təşkilat təqdim edir və qrant müqaviləsi həmin təşkilat ilə bağlanılır.
3. Kiçik qrant müsabiqəsi
3.1. Kiçik qrant müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə uyğun olmalıdır:
3.1.1. layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması;
3.1.2. layihənin icrası ilə bağlı QHT-nin işçi heyətinin layihə idarəetmə imkanlarına malik olması;
3.1.3. layihənin icra müddətinin 6 (altı) aydan artıq olmaması;
3.1.4. layihənin xərclər smetasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kiçik qrant məbləğinin yuxarı həddindən artıq olmaması.
4. Orta qrant müsabiqəsi
4.1. Orta qrant müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə cavab verməlidir:
4.1.1. layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması;
4.1.2. layihənin icrası ilə bağlı QHT-nin işçi heyətinin layihə idarəetmə imkanlarına malik olması;
4.1.3. layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlar qarşısında (olduğu halda) müqavilə şərtlərindən irəli gələn maliyyə öhdəliyinə əməl etməsi;
4.1.4. layihə təqdim edən QHT-nin son 3 (üç) il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 (on) informasiyanın media subyektlərində yayılması;
4.1.5. layihənin icra müddətinin 9 (doqquz) aydan artıq olmaması;
4.1.6. layihənin xərclər smetasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi orta qrant məbləğinin yuxarı həddindən artıq olmaması.
5. Böyük qrant müsabiqəsi
5.1. Böyük qrant müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə uyğun olmalıdır:
5.1.1. layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması;
5.1.2. layihənin icrası ilə bağlı QHT-nin işçi heyətinin layihə idarəetmə imkanlarına malik olması;
5.1.3. layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlar qarşısında (olduğu halda) müqavilə şərtlərindən irəli gələn maliyyə öhdəliyinə əməl etməsi;
5.1.4. layihə təqdim edən QHT-nin son 5 (beş) il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 (iyirmi) informasiyanın media subyektlərində yayılması;
5.1.5. layihənin icra müddətinin 12 (on iki) aydan artıq olmaması;
5.1.6. layihənin xərclər smetasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi böyük qrant məbləğinin yuxarı həddindən artıq olmaması.
6. Səfər qrantı müsabiqəsi
6.1. Səfər qrantı müsabiqəsi QHT-nin Azərbaycan Respublika-sının hüdudlarından kənarda milli maraqların müdafiəsi, Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinin, təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə əlaqədar layihələrinin maliyyələşdirilməsi məqsədilə təşkil olunur.
6.2. Səfər qrantı müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə uyğun olmalıdır:
6.2.1. layihənin icra müddətinin 2 (iki) aydan çox olmaması;
6.2.2. layihənin xərclər smetasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi səfər qrantı müsabiqəsi məbləğinin yuxarı həddindən artıq olmaması.
7. Müsabiqənin elan edilməsi və müsabiqədə iştirak
7.1. Müsabiqə Agentlik tərəfindən şəffaflıq, obyektivlik, səmərəlilik, nəticəlilik və bərabərlik prinsiplərinə riayət olunmaqla keçirilir.
7.2. Müsabiqənin keçirilməsi haqqında elan müsabiqənin başlanılmasına azı 30 (otuz) gün qalmış Agentlik tərəfindən onun rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında və informasiya ehtiyatında yerləşdirilir, habelə bu barədə media vasitəsilə ictimaiyyətə məlumat verilir.
7.3. Müsabiqənin keçirilmə müddəti 6 (altı) aydan artıq ola bilməz.
7.4. Müsabiqənin keçirilməsi haqqında elanda aşağıdakılar qeyd edilir:
7.4.1. bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulan sənədlərin (məlumatların) siyahısı;
7.4.2. müsabiqənin mövzusu və şərtləri;
7.4.3. müsabiqənin başlanma və bitmə tarixi;
7.4.4. müsabiqəni təşkil edən qurumun adı, ünvanı və əlaqə vasitələri barədə məlumatlar.
7.5. QHT müsabiqədə iştirak etmək üçün Agentliyin rəsmi internet səhifəsi vasitəsilə elektron ərizə ilə müraciət edir. Elektron ərizəyə aşağıdakı sənədlər (məlumatlar) əlavə edilir:
7.5.1. layihə təklifi;
7.5.2. layihənin icra planı;
7.5.3. layihənin xərclər smetası;
7.5.4. layihənin büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə);
7.5.5. QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
7.5.6. QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
7.5.7. QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
7.5.8. qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
7.5.9. orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat;
7.5.10. orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 3 (üç) və ya 5 (beş) il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 10 (on) və ya 20 (iyirmi) informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.
7.6. Bu Qaydanın 7.5.1 – 7.5.4-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlərin nümunəvi formalarını Agentlik təsdiq edir və özünün rəsmi internet səhifəsində yerləşdirir.
7.7. Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
7.7.1. əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
7.7.2. məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və bu Qayda ilə ziddiyyət təşkil edən layihələr.
7.8. Agentliyin maliyyələşdirdiyi icrası başa çatmayan layihələri həyata keçirən QHT, habelə layihələrlə bağlı qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə 2 (iki) ilədək müddətə müsabiqədə iştirak hüququndan məhrum edilən, eləcə də nizamnamə məqsədlərinə uyğun layihə təqdim etməyən QHT müsabiqəyə buraxılmır.
7.9. Müsabiqəyə təqdim olunan bütün layihələr təqdim edildiyi gün Agentlik tərəfindən qeydiyyata alınır və bu barədə müraciət edən QHT-yə elektron qaydada bildiriş göndərilir.
7.10. Elektron ərizədə və ona əlavə edilmiş sənədlərdə onların məzmun və mahiyyətini dəyişməyən və aradan qaldırılması mümkün olan müsabiqədə iştirak etmək üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, elektron ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, Agentlik onların aradan qaldırılması barədə bildirişi QHT-yə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda QHT-yə bildirilməlidir. QHT 3 (üç) iş günü müddətindən gec olmayaraq qeyd olunan çatışmazlıqları aradan qaldırmalı və Agentliyə göndərməlidir.
7.11. QHT elektron ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 7.10-cu bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Agentlik elektron ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə 5 (beş) iş günü müddətində QHT-yə bildiriş göndərir.
8. Layihələrin ekspertizası
8.1. Agentlik elektron ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar etmədikdə, təqdim olunan sənədlərin qiymətləndirilməsi məqsədilə onların ekspertizasını həyata keçirir.
8.2. Müsabiqəyə təqdim olunan layihələrin ekspertizasının əsas məqsədi layihələrin məzmununun və onların yerinə yetirilməsi imkanlarının qiymətləndirilməsindən və maliyyələşdirilməsinin məqsədəuyğunluğunun müəyyən edilməsindən ibarətdir.
8.3. Müsabiqəyə təqdim olunmuş layihələrin ekspertizası 3 (üç) mərhələdə aparılır:
8.3.1. layihələrin texniki ekspertizası;
8.3.2. layihələrin cəlb olunmuş müstəqil ekspert qrupu tərəfindən ekspertizası;
8.3.3. layihələrin qiymətləndirilməsi və aidiyyəti qərarların qəbul edilməsi.
8.4. Layihələrin texniki ekspertizası məqsədilə Agentlik aşağıdakı tədbirləri həyata keçirir:
8.4.1. QHT-nin bu Qaydanın 2.3-cü, 7.7-ci və 7.8-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır;
8.4.2. bu Qaydanın 7.5-ci bəndinə əsasən təqdim olunan sənədlərin (məlumatların) düzgünlüyünü yoxlayır;
8.4.3. təkrar təqdim olunan və ya digər layihələrlə oxşar layihələri müəyyən edir;
8.4.4. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən və QHT tərəfindən əvvəllər icra edilmiş layihələrin icra vəziyyətini araşdırır.
8.5. Texniki ekspertizanın nəticələri ilə bağlı hər bir layihəyə dair arayış hazırlanır. Layihənin texniki ekspertizası zamanı bu Qaydanın 8.4-cü bəndi ilə müəyyən edilmiş tələblərə cavab verməyən layihələr müəyyən olunduqda, bu məlumatlar arayışda qeyd olunur. Texniki ekspertizanın nəticələrinə əsasən bu Qaydanın tələblərinə cavab verən layihələr ekspertizanın növbəti mərhələsinin həyata keçirilməsi üçün müstəqil ekspertlərdən ibarət işçi qrupa (bundan sonra – işçi qrup) təqdim olunur.
8.6. İşçi qrup layihələrin ekspertizası zamanı aşağıdakı meyarları nəzərə almalıdır:
8.6.1. layihənin məqsədinin aydınlığı;
8.6.2. layihənin innovativliyi;
8.6.3. layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
8.6.4. layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;
8.6.5. QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;
8.6.6. layihə üzrə risklərin təhlili;
8.6.7. layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
8.6.8. layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;
8.6.9. QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;
8.6.10. layihədən gözlənilən nəticələr.
8.7. İşçi qrup tərəfindən layihələrin ekspertizası ilə bağlı hər bir layihəyə dair 100 ballıq sistem üzrə qiymətləndirmə aparılır və rəy hazırlanır.
8.8. Bu Qaydanın 8.5-ci və 8.7-ci bəndlərində nəzərdə tutulan sənədlər əsasında müsabiqəyə təqdim olunmuş layihələrin ekspertiza-sının üçüncü mərhələsində Agentlik aşağıdakı tədbirləri görür:
8.8.1. layihələri müzakirə edir, onların səmərəliliyini, habelə nəticəlilik və davamlılıq amillərini bu Qaydanın 1.2-ci bəndində qeyd olunmuş normativ hüquqi aktların tələbləri rəhbər tutulmaqla qiymətləndirir;
8.8.2. layihələrin büdcəsinin qrant məbləğinə uyğunluğuna baxır;
8.8.3. qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı təqdim etdikləri layihələr üzrə qrant məbləğinin müəyyən edilmə-sinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara uyğun olaraq layihələrin qrant maliyyələşməsi ilə bağlı qrant məbləğlərini müəyyən edir;
8.8.4. hər bir layihə üzrə qrantın verilməsi və ya verilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edir.
8.9. Qrant verilməsi barədə qərarda qrant alan haqqında məlumat, qrant layihəsinin adı, qrant məbləği və layihənin icra müddəti qeyd edilir.
8.10. Agentlik aşağıdakı hallarda qrantın verilməsindən imtina edilməsi barədə qərar qəbul edir:
8.10.1. müsabiqəyə təqdim edilmiş layihə və ona əlavə olunmuş sənədlər bu Qaydanın 8.8.1-ci yarımbəndinə uyğun olaraq aparılan qiymətləndirmə nəticəsində məqbul hesab edilmədikdə;
8.10.2. müsabiqəyə təqdim edilmiş layihənin icrası layihənin xərclər smetası ilə uyğunluq təşkil etmədikdə, habelə bu Qaydanın 2.2.2-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş orta və böyük qrant müsabiqələri üzrə təqdim olunan layihənin büdcəsinin maliyyə əsaslandırılması məqbul hesab edilmədikdə.
8.11. Qrantın verilməsinə və ya qrantın verilməsindən imtinaya dair qərar barədə məlumat qərarın qəbul olunduğu gündən 7 (yeddi) iş günü müddətində Agentlik tərəfindən elektron qaydada QHT-yə göndərilir.
8.12. Qrantın verilməsindən imtina barədə qərarda imtinanın səbəbləri qeyd edilir.
8.13. QHT qrantın verilməsindən imtina barədə qərardan Agentliyin Apellyasiya Komissiyasına 10 (on) gün müddətində müraciət edə bilər. QHT qrantın verilməsindən imtina barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə müraciət etmək hüququna malikdir.
8.14. QHT müsabiqəyə təqdim etdiyi, lakin maliyyələşdirilməsinə dair imtina qərarı qəbul edilmiş layihəsini imtina səbəblərinə uyğun təkmilləşdirməklə, növbəti müsabiqələrə təqdim edə bilər.
9. Layihələrin maliyyələşdirilmə şərtləri
9.1. Qrantın verilməsi barədə qərar qəbul edildiyi halda Agentlik layihələri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi”ndə nəzərdə tutulmuş maliyyə mənbələri hesabına maliyyələşdirir.
9.2. Bu Qaydanın 7-ci və 8-ci hissələrinə uyğun olaraq keçirilən müsabiqənin nəticələri elan edildikdən sonra müsabiqənin qalibi olan QHT ilə Agentlik arasında qrantın verilməsi haqqında müqavilə (bundan sonra – müqavilə) bağlanılır.
9.3. Müqavilə eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə imzalanır, bir nüsxəsi Agentlikdə, bir nüsxəsi müsabiqənin qalibi olan QHT-də və bir nüsxəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq müvafiq qeydiyyat orqanına təqdim olunur.
9.4. Agentlik tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına verilmiş qrant barədə məlumat qrant müqaviləsini qeydiyyata alan orqana Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.6-cı bəndinə uyğun olaraq təqdim olunur.
9.5. Maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş layihələr üzrə Agentlik tərəfindən ödənişlər 2 (iki) mərhələdə həyata keçirilir. Müqavilə bağlanıldıqdan sonra QHT-yə ödənilən ilkin vəsait müqavilə dəyərinin 70 (yetmiş) faizindən az ola bilməz.
9.6. Layihənin icra planında və xərclər smetasında dəyişikliklər layihə icraçısının əsaslandırılmış müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilir.
9.7. Layihə üzrə ayrılan vəsait tam xərclənmədikdə, qalıq məbləğ “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə edilir.
9.8. Agentliyin maliyyələşdirdiyi qrant hesabına QHT tərəfindən hazırlanan internet resursu, çap, audiovizual və digər materiallarda, keçirilən konfrans, seminar və digər tədbirlərdə layihənin maliyyələşmə mənbəyi haqqında məlumat verilməli, həmçinin Agentliyin və QHT-nin loqotipinin təsviri təmin olunmalıdır.
9.9. Layihə üçün ayrılmış maliyyə vəsaiti “Nağdsız hesablaş-malar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə olunur.
10. Yekun müddəa
Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan müsabiqələrlə bağlı məlumatlar müntəzəm yenilənməklə, Agentliyin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında və informasiya ehtiyatında yerləşdirilir.
__________________
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 sentyabr
tarixli 327 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı təqdim etdikləri layihələrin qrant məbləğinin müəyyən edilməsinə dair meyarlar və hər bir mövzu
üzrə qrant məbləğinin yuxarı həddi
1. Ümumi müddəalar
1.1. Bu Meyarlar “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.3-cü bəndinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra – Agentlik) tərəfindən qeyri-hökumət təşkilatlarının (bundan sonra – QHT) qrant maliyyələşməsi ilə bağlı təqdim etdikləri layihələr (bundan sonra – layihə) üzrə qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini müəyyən edir.
1.2. Bu Meyarlar QHT-lərin qrant müsabiqəsinə təqdim etdikləri layihələrin qrant maliyyələşməsi ilə bağlı Agentliyin maliyyə mənbə-lərindən səmərəli istifadə olunması, o cümlədən qrant məbləği müəyyən edilərkən həmin layihələrin icrası ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətin layihə büdcəsinə mütənasibliyinin müəyyən edilməsi məqsədilə hazırlanmışdır.
2. Qrant məbləğinin müəyyən edilməsi meyarları
2.1. Agentlik müsabiqəyə təqdim edilmiş layihələrə münasibətdə qrant məbləğlərini aşağıdakı meyarlar nəzərə alınmaqla müəyyən edir:
2.1.1. layihənin icra planında nəzərdə tutulmuş fəaliyyətin, o cümlədən layihənin işçi heyətinin saxlanılması üçün xərclərin layihənin icrası üçün nəzərdə tutulan xərclərə mütənasib olması;
2.1.2. QHT-nin kadr potensialı və layihənin idarə olunması mexanizmləri;
2.1.3. layihənin icrasında digər QHT-nin cəlb edilməsi;
2.1.4. layihə müddətinin müqavilə şərtlərinə uyğunluğu və qarşıya qoyulan məqsədlərin icrası üçün mütənasib olması;
2.1.5. layihənin məqsədinin, nəticələrinin aydın və konkret olması.
3. Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi
3.1. Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi aşağıdakı kimi müəyyən edilir:
3.1.1. “Kiçik qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 15000 (on beş min) manat;
3.1.2. “Orta qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 30000 (otuz min) manat;
3.1.3. “Böyük qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 50000 (əlli min) manat;
3.1.4. “Səfər qrantı müsabiqəsi” üzrə - 10000 (on min) manat.