İxtisas dəyişmək üçün həkim rezidentura keçməlidir
Azərbaycanda estetik cərrahiyyə və kosmetologiya sahəsində sirli düyünlər 2024-cü ilin sonunda açılmağa başladı. Aydın oldu ki, bu sferada fəaliyyət göstərənlərin bir çoxunun müvafiq təhsili və icazəsi yoxdur, bir çox estetik cərrahların sertifikatları ya saxtadır, ya da hansısa qaranlıq yolla əldə edilib. Sosial şəbəkələrdə doktor-bloger Günel Əzizovanın ixtisası olmadığı halda əməliyyatlar etməsi, plastik cərrah Ülviyyə İlyasovanın uğursuz əməliyyatları ilə bağlı qalmaqal baş verdiyi paylaşılıb. Bundan sonra saxta sertifikat alıb plastik və ginekoloji əməliyyatlar edən həkimlərlə bağlı araşdırmaların aparılması haqda çağırışlar olub.
Artıq aidiyyəti qurumlar saxta sertifikatlı həkimlər və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı işi nəzarətə götürüblər. Həmçinin həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində xeyli qanun pozuntularının üzə çıxdığı deyilir. O da bildirilir ki, yaxın vaxtlarda plastik cərrahiyyə sahəsində sertifikatlaşdırma qaydaları sərtləşdiriləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev televiziyada çıxışı zamanı diplomsuz plastik cərrahların fəaliyyətinə toxunub. Bildirib ki, dövlət bu məsələni diqqətdə saxlayır və qanunsuz fəaliyyətlə məşğul olan şəxslər barədə araşdırmalar aparılır.
Maraqlıdır, bu sahədə qanunsuzluğun baş alıb getməsinin səbəbləri nədir? İxtisasını dəyişib sonradan plastik cərraha çevrilən həkimlərin əlində bayraq etdikləri kurslardan verilən sənədlərin, sertifikatların hüquqi qüvvəsi varmı, onlar hansı əsaslarla verilir?
Bu suallarla bağlı sahəyə cavabdeh olan qurumlardan mövzu ilə bağlı açıqlamalar aldıq.
Öncə qeyd edək ki, test imtahanlarında 500–600-dən yuxarı bal toplayan, həkim olmaq istəyən abituriyentlər 6 il ATU-da tibbi biliklərə yiyələnirlər. Lakin bu, hələ onların tam ixtisas sahibi olması anlamına gəlmir. Eləcə də ATU-nu bitirməklə estetik cərrah kimi fəaliyyət göstərmək mümkün deyil.
İxtisas dəyişmək olar, amma bu, qanun çərçivəsində edilməlidir. Sovet dövründə Tibb İnstitutunu bitirənləri məcburi ixtisasa göndərmə qaydası vardı. Məzunlar dövlət xəstəxanalarında 6 illik təhsildən sonra seçilən ixtisas üzrə 1 il internaturada olurdular. Həm təcrübə keçir, həm ştatdankənar maaş alırdılar. Yəni ATU ümumi təbabət haqda bilik verir, diplomda praktiki həkim yazılır, ixtisas yazılmır.
İndi isə tələbə Tibb Universitetini bitirdikdən sonra rezidenturaya imtahan verib ixtisasdan asılı olaraq, 3 ildən 5 ilə kimi təhsil almalıdır. Ondan sonra o, ixtisaslı həkim – yəni Türkiyədə deyildiyi kimi, uzman olur. Bəzən yanlış olaraq düşünülür ki, uzman ancaq Türkiyədə olmaq mümkündür. ATU-nun rezidenturası məhz elə bu uzmanlıqdır. Sadəcə, bizdə başqa cür səslənir. Rezidentura təhsili almayan həkimlər yalnız poliklinikada, tibb məntəqəsində, məktəbdə və s. yerlərdə işləyə, sahə həkimi ola bilərlər. Plastik cərrahlarla bağlı məlum siyahıda adları çəkilən həkimlərin rezidentura bitirib-bitirməməsi, həqiqi ixtisası, hansı əsaslarla işləməsi dövlət qurumları tərəfindən yoxlanılmalıdır. Görünür, bu sahədə bir boşluq var. Belə “həkimlər” adətən, özəl klinikalarda sərbəst işləyə bilir, çünki arayıb-araşdıran yoxdur.
Estetik cərrahlarla bağlı qalmaqalda adı çəkilən qurumlardan biri Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutudur. Bu təhsil ocağı həkim hazırlığında ATU-dan sonra ikinci yer tutur və daha çox ixtisaslı həkimlər, alimlər yetişdirir. İnstitutun dosenti, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyevlə söhbətimizdə Azərbaycanda plastik cərrah olmaq üçün nələr tələb olunduğundan danışdıq.
– Doktor, kimlər plastik cərrah ola bilər?
– Bu ixtisası nə Səhiyyə Nazirliyi, nə TƏBİB, nə də Həkimləri Təkmilləşdirmə İnstitutu verir. Vaxtilə Təkmilləşdirmə İnstitutunda müəyyən kurslarla ixtisas dəyişmək olurdu, indi isə qanunla bu, mümkün deyil. Rezidentura keçəndən sonra öz ixtisası daxilində daha dar ixtisaslar üzrə təkmilləşmək mexanizmi bizdə hələ yoxdur. Türkiyədə buna yandal uzmanlıq deyilir. Məsələn, ümumi cərrah onu keçib plastik cərrah ola bilər, endokrinoloq əməliyyat edə bilər və s. Bu, daha üst səviyyədir. Azərbaycanda hələ bu tətbiq olunmur. SSRİ dövründə, eləcə də müstəqilliyin ilk vaxtlarında Tibb Universitetinin müalicə işi fakultəsini bitirən tələbələr 3 ixtisas qrupuna bölünürdülər. Bunlar terapevtlər, cərrahlar və ginekoloqlar idi. Cərrahlar 1 illik internatura keçirdilər. Bundan sonra müəyyən cərrahi ixtisaslar üzrə bölünürdülər. O dövrdə plastik cərrahiyyə yox idi. Ona görə də o tələbələr uroloq cərrah, ümumi cərrah, LOR cərrah olurdular.
Azərbaycan müstəqillik qazandıqdan sonra, 2000-ci ilə kimi məhz bu cərrahlar Həkimləri Təkmilləşdirmə İnstitutunda 3–6 aylıq kurs keçib, ixtisasını artırıb, plastik əməliyyat edə bilirdilər. Ona görə bir çox yaşlı cərrahlar var ki, onların belə bir sənədi, icazəsi var və işləmələri qanunidir.
2011-ci ildən, Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığına başlanılıb. Müvafiq qanuna əsasən, rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti 5 il müəyyən edilib.
Plastik cərrahiyyə ixtisası ilə məşğul olmaq hüququnu ali təhsilli həkim plastik cərrahlar əldə edirlər.
Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdən sonra praktik cərrahiyyə üzrə peşə fəaliyyətlərinə davam edə bilərlər. Həmçinin bu mütəxəssislər praktik tibb fəaliyyətlə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.
Nazirlər Kabineti 18 mart 2010-cu ildə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nı təsdiq etdikdən sonra hansısa həkimin kurs bitirməklə plastik cərrah olmasına rəsmən qadağa qoyulub. Hazırda ATU-nu bitirən tələbə yenidən imtahan verib rezidenturaya qəbul oluna və seçdiyi ixtisas üzrə daha 4–5 il oxuyub cərrah ola bilər. Yəni plastik cərrah dipliomu rezidenturanı uğurla bitirənlərə verirlər. 2011-ci ildən sonra heç bir həkim plastik cərrah diplomunu kurs bitirməklə ala bilmir.
– Nevroloq, endokrinoloq, terapevt hansı şərtlər daxilində estetik cərrah ola bilər?
– Bu o halda mümkündür ki, həmin şəxs də yenidən rezidenturaya imtahan verir, 4–5 il oxuyub həmin ixtisas üzrə həkim olur. ATU-nu bitirən hər kəsin hüququ var ki, lap 50 yaşa kimi yenidən rezidentura təhsili alıb cərrah və ya başqa ixtisasda uzman olsun. Heç bir həkim, xüsusən də nevroloq, endokrinoloq Həkimlərin Təkmilləşdirmə İnstitutunda kurs keçib sertifikat almaqla estetik cərrah ola bilməz. Bu kurslar yalnız plastik cərrahlar üçündür, ora hər həkim də gələ bilməz. Bunlar qanunauyğun aparılır.
– Plastik cərrah olmağın qanuni yolları hansıdır?
– Həkimləri Təkmilləşdirmə İnstitutunda plastik cərrahlar üçün 10 günlük qısa kurslar təşkil edilir. Bu kurslarda yeniliklər çatdırılır, fikir mübadiləsi aparılır və onlar sertifikasiya imtahanlarına hazırlaşırlar. Həmin kurslarda qeyri-həkimlər iştirak edə bilməzlər. 2011-ci ildən sonra plastik cərrah olmaq üçün yeganə yol 5 illik rezidenturanı oxuyub imtahan verib sənəd almaqdır. Bu o deməkdir ki, ixtisa sahib olmaq üçün Azərbaycanda 11 il təhsil almaq lazımdır.
Yəni plastik cərrah olmaq üçün bizdə başqa heç bir kurs yoxdur. İxtisası 1 aya, 1 ilə dəyişmək mümkün deyil. Görünür, qanunda yenə də hansısa boşluqlar var ki, bundan sui-istifadə edirlər. Həmin “cərrahların”göstərdikləri sertifikatlara baxmaq lazımdır ki, orada nə yazılıb. Onu da qeyd edim ki, Azərbacyanda həkimlər 5 ildən bir sertifikasiya imtahanı verir və imtahandan keçərsə, növbəti 5 il üçün öz ixtisası üzrə işləyə bilər. Bu da onlara heç bir yeni ixtisas, hansısa üstünlük vermir. Endokrinoloqun, stomatoloqun əlində plastik cərrahiyyə ilə bağlı sənəd, sertifikat varsa, bilin ki, o sənəd saxtadır.
– Müxtəlif peşə sahiblərinin kosmetoloq həkim kimi fəaliyyət göstərməsinə münasibətiniz necədir?
– Kim olmasından asılı olmayaraq, kosmetoloq həkimin insan bədəninə müdaxiləsini qanunsuz hesab edirəm. Gördüyümüz kimi, plastik cərrahiyyə asan sahə deyil, ona yiyələnmək üçün 11 il vaxt lazımdır. O ki qaldı kosmetoloqlara, başqa universitetləri, kimya-biologiya fakültəsininı bitirənlər və ya tibb bacıları, hətta, bəzən tibb təhsili olmayanlar belə əlinə iynə alıb insanların bədəninə müdaxilə edirlər. Əlbəttə, bu yolverilməzdir.
Biz ümid edirik ki, dövlətimiz bu məsələləri araşdırıb hüquqi baza, müvafiq təhsil mexanizmi yaradacaq. Bunun üçün başqa qanunvericilik lazımdır. Əminik ki, kosmetologiya sahəsi də nəzarətə götürüləcək. Aydınlaşacaq ki, kimlər kosmetoloq ola bilər? Əlbəttə, yaxşı olar ki, o Tibb Universitetini bitirmiş həkim olsun. Çünki həkim insan anatomiyasını fənn olaraq da öyrənir, ixtisas olaraq da. Onun insan simasına, yaxud başqa əzalarına müdaxiləsi o qədər qorxulu deyil.
Plastik cərrahiyyə üzrə tibb xidməti “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na daxil olduğundan, bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır.
Bundan başqa, hər bir pasiyentin müraciət etdiyi həkimdən onun bu fəaliyyətlə məşğul olmağını təsdiq edən sertifikatını tələb etmək hüququ var.
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir.
Zərifə BƏŞİRQIZI
XQ