COP29-un Bakıdа keçirilməsi Azərbaycan üçün strateji bir uğurdur. Bu toplantı ölkənin iqlim dəyişiklikləri və dayanıqlı inkişaf sahəsindəki iradəsini dünyaya göstərmək imkanı yaradıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və yaşıl enerji layihələri üçün dəstək qazandıracaq.
Dünya Azərbaycanlıları Konqresinin sədri və Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçisi Asif Kurban XQ-yə açıqlamasının davamında dedi:
– BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini gücləndirir və yaşıl iqtisadiyyata keçid prosesində model ölkə olduğunu təsdiqləyir. Bu konfrans dünyanın iqlim dəyişikliyi ilə mübarizə səylərini birləşdirir və müxtəlif ölkələrin bu sahədəki mövqelərini yaxınlaşdırır.
– Bakı konfransının gedişini Türkiyədən necə görürsünüz?
– Türkiyənin iqlim dəyişikliyi məsələsindəki mövqeyi son illərdə qlobal müzakirələrdə fəallığı ilə seçilir. Türkiyə hərtərəfli iqtisadi inkişafını davam etdirir. İqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi Türkiyənin alternativ enerjidən davamlı şəkildə istifadəsi ilə müşayiət olunur.
COP29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı xüsusilə diqqət çəkir. Dövlət başcısı Türkiyənin 2053-cü ilə qədər "karbonsuz iqtisadiyyata keçid" hədəfini Bakıda təntənə ilə qeyd etdi. Türkiyə iqlim dəyişikliyi üzrə öhdəlikləri yerinə yetirmək üçün inkişaf etməkdə olan ölkələrə dəstək göstərilməsinin tərəfdarıdır. Bu, ölkənin BMT-nin qlobal iqlim müzakirələrində mövqeyini möhkəmləndirməyə çalışdığını göstərir.
Türkiyə Azərbaycanın evsahibliyi etdiyi COP29-a böyük çoğqu ilə qatılıb. Bunun həm də böyük siyasi mənası var: "Bir millət, iki dövlət” olaraq Türkiyə həmişə olduğu kimi, yenə Azərbaycanın yanındadır. Digər bir məsələnin də xüsusi əhəmiyyəti var: COP29-da Türkiyə pavilyonunun açılış mərasimi də keçirilib. Bakı konfransında Türkiyə öz layihələrini də təqdim edir. Ölkə qlobal iqlim dəyişiklikləri ilə mübarizədə öhdəliyini yerinə yetirməyə və bu sahədəki tələblərini dünyaya çatdırmağa çalışır. İnkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə daha ədalətli bir pay ayrılması konfransın müzakirə mövzularındandır. COP29 dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir araya gəldiyi ən vacib platformalardan biridir. Bakı müzakirələri Türkiyə üçün qlobal səviyyədəki mövqeyini gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
– Türkiyə mediasının COP29 haqqında fikirləri də maraqlıdır.
– COP29-un açılış mərasimi, panel müzakirələri siyasi və diplomatik önəmi baxımından media tərəfindən geniş işıqlandırılır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində prezident İlham Əliyevin çıxışı, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın qlobal müzakirələrdə iştirakı Türkiyə mediasında mərkəzi mövzulardan biridir. Türkiyədəki telekanalların, qəzetlərin və xəbər qaynaqlarının gündəmi məhz bu məsələlərə həsr olunub. Türk mediası COP29-un Türkiyənin ekoloji siyasətinə, eləcə də beynəlxalq əlaqələrinə təsirini geniş şəkildə şərh edir.
Türkiyənin telekanalları, qəzetləri və xəbər saytları konfransın ümumi gedişatını ətraflı şəkildə təhlil edir. Xəbər və analizlərdə belə beynəlxalq məclislərin Türkiyənin siyasi və diplomatik mövqeyinə necə təsir etdiyi, ölkənin iqlim dəyişikliyi sahəsindəki məqsədlərinə çatmaq üçün hansı strategiyaları həyata keçirəcəyi mövzusu aparıcı yer tutur. Ən önəmlisi, bu platformanın həm Türkiyə, həm də Azərbaycan üçün faydaları vurğulanır.
Mediyada eyni zamanda, dövlətlərimizin iqlim siyasətindəki prioritetlərinə də xüsusi diqqət yetirilir. Əksər xəbərlərdə, ətraf mühitin qorunması və enerji səmərəliliyinin artırılması məsələləri, hökumətlərin bu istiqamətdəki fəaliyyətləri və təşəbbüsləri ön plana çıxarılır.
Türk mediası iqlim dəyişikliyi məsələlərinə dair ölkənin konkret hədəflərini və bu sahədəki fəalliyyətlərini müzakirəyə çıxarır. Xüsusilə, ölkənin karbon emissiyalarının azaldılması, yenilənə bilən enerji mənbələrinə keçid və ekosistemlərin qorunması kimi məsələlərə diqqət yeririlir.
– Qlobal iqlim müzakirələri dünyaya nə verəcək?
– Türkiyənin iqlim dəyişiklikləri ilə mübarizədə fəal rol oynaması, həm ölkə daxilində, həm də beynəlxalq aləmdəki nüfuzunu artırmaqla yanaşı, qlobal ekoloji problemlərin həllindəki fəallığını göstərmək üçün də mühüm bir fürsət oldu. Bu müzakirələr hər bir ölkənin gələcəkdə daha yaşıl və davamlı bir iqtisadiyyat qurma niyyətini dünyaya bəyan etdi.
Nəhayət, Azərbaycanın bu məsələdəki uğurlarını xüsusi vurğulamaq yerinə düşər. Son illərdə Bakının mühüm beynəlxalq toplantılara evsahibliyi etməsi, ölkənin diplomatik nüfuzunu artırmış və regional lider kimi mövqeyini gücləndirmişdir. COP29 bu uğurun davamıdır. Azərbaycanın enerji transformasiyası və ətraf mühitə olan məsuliyyət sahəsində liderlik iddiası onun beynəlxalq nüfuzunu yüksəldir. İşğaldan azad edilmiş Qarabağ bölgəsi üçün yaşıl enerji layihələri və ətraf mühitə qayğıdan doğan təşəbbüslər COP29 çərçivəsində təqdim olunur. Beləliklə, bu bölgənin davamlı şəkildə yenidən qurulması və inkişafı üçün beynəlxalq əməkdaşlıq və investisiya imkanları genişlənir.
– Müsahibə üçün sağ olun.
XQ