“BMT-nin Bakıda keçirilən iqlim dəyişikliyi konfransı - COP29 Cənubi Qafqaz və geniş mənada Avrasiya regionu üçün çox vacib bir platformadır. COP29 iqlim dəyişikliyi ilə mübarizədə region ölkələri arasında əməkdaşlığın inkişafına təkan verir və qlobal səviyyədə mövcud olan ekoloji problemləri birgə həll etməyə imkan yaradır”. Bu sözləri XQ-yə müsahibəsində Gürcüstanın tanınmış azərbaycanlı ziyalısı, professor Mahmud Kamaloğlu bildirdi:
O qeyd etdi ki, Bakı konfransı Gürcüstan mətbuatının da geniş diqqət ayırdığı mövzulardandır. Bu möhtəşəm toplantıda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı və məclisdəki açıqlamalarını içtimaiyyət izləyir.
İqlim dəyişiklikləri ilə bağlı ən böyük çağırışlardan biri qlobal ekololi fəlakətlətin qarşısının alınmasıdır. Bu, yalnız ətraf mühitin qorunması ilə deyil, həm də iqtisadiyyatın yaşıl inkişaf modelinə keçidi ilə mümkündür. Azərbaycan hökuməti, bu keçidi sürətləndirmək üçün uğurlu addımlar atır. Bu təşəbbüslər arasında bərpa olunan enerji mənbələrinin artırılması, karbon emissiyalarının azaldılması və ekoloji balansın bərpası istiqamətində konkret tədbirlərin zəruriliyi önəmli yer alır.
Gürcüstanın Baş naziri bu məsələyə dair son açıqlamasında, BMT-nin Bakıda keçirilən iqlim dəyişikliyi üzrə COP29 konfransının Cənubi Qafqaz regionu üçün əhəmiyyətini xüsusi olaraq qeyd etdi. Gürcüstan, iqlim böhranı ilə mübarizə mövzusunda öz öhdəliklərini və hədəflərini ciddi şəkildə yerinə yetirir. Bu istiqamətdə atılan addımlar yalnız ölkənin ekoloji balansının qorunması ilə məhdudlaşmır, eyni zamanda, dünya miqyasında iqlim dəyişikliyinin təsirlərinə qarşı birgə mübarizənin vacibliyini də əhatə edir.
Professor Mahmud Kamaloğlu onu da bildirdi ki, COP29-un yüksək səviyyədə təşkili soydaşlarımızı da ürəkdən sevindirir. Gürcüstan mətbuatında bildirilir ki, ölkə içtimaiyyəti bu konfransı əhəmiyyətli bir hadisə olaraq qiymətləndirir. Həqiqətən, COP29 Cənubi Qafqaz üçün yeni imkanlar yaradır və iqlim dəyişikliyi ilə bağlı ölkələrin birgə strategiyalarını yararmaq üçün mükəmməl bir fürsət təqdim edir. Gürcüstanın belə beynəlxalq tədbirlərdə fəal iştirak etməyi, iqlim dəyişikliyi ilə bağlı yerli və qlobal səviyyədə önəmli müzakirələrə qatılmağı burada yaşayan azərbaycanlıların da ürəyincədir. Biz bu fəaliyyəti ölkəmizin prioritet vəzifələrindən biri kimi dəyərləndiririk.
XQ