Möhtəşəm diplomatik uğur

post-img

COP29 İqlim Dəyişikliyi və Yaşıl Ətraf Konfransının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi Azərbaycanın iqtisadi qüdrətini, siyasi sabitliyini və mədəni irs zənginliyini dünyaya göstərir, regionunun ən güclü və inkişaf etmiş ölkəsi olduğunu bir daha təsdiqləyir.

XQ-yə onlayn müsahibəsində Türkiyənin Qars Qafqaz Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müdiri, professor Elnur Həsən Mikail daha sonra dedi:

– Azərbaycan belə nəhəng və möhtəşəm bir toplantıya təşəbbüskarlıqla evsahibliyi etməklə dünyaya yeni örnək göstərir. Bu uğur Türk Dünyasında qürurla qarşılanır. Beynəlxalq mərasimdə açılış nitqi ilə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev konfransa dünyanın 196 ölkəsindən 72 minə yaxın iştirakçının gəldiyini bildirdi. Bu, əslində beynəlxalq konfransın miqyas və əhatə dairəsinin nə qədər böyük olduğunun göstəricisidir.

BMT çərçivəsində Bakıda keçirilən konfrans beynəlxalq münasibətlərdə və siyasi dairələrdə diqqət çəkən bir hadisədir. Tarixi Qarabağ zəfərindən sonra Bakı beynəlxalq diplomatiya və müzakirələr üçün mühüm bir məkana çevrilib. Azərbaycan dövləti ölkənin geosiyasi mövqeyini nəzərə alaraq, beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradır. Müstəqil dövlətin xarici siyasətinin əsas istiqamətlərindən biri, ölkənin regionda və beynəlxalq aləmdə nüfuzunu artırmaqdır. Belə məclislər ölkəyə beynəlxalq səviyyədə diqqət çəkmək və diplomatik əlaqələri gücləndirmək baxımından əhəmiyyətlidir.

Bu konfranslar, ümumiyyətlə, dünya miqyasında əhəmiyyətli məsələləri müzakirə etmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və ölkələr arasında fikir mübadiləsi aparmaq üçün təşkil edilir. Lakin bəzi ölkələrin COP29-u baykot ermək cəhdi siyasi səbəblərdən irəli gəlir. Buna baxmayaraq beynəlxalq konfransın baş tutması Azərbaycanın təşkilatçılıq bacarığının və diplomatik nüfuzunun göstəricisidir. Azərbaycan qərəz, böhtan və gərginliklərə üsrün gələrək məclisin keçirilməsini təmin etdi və bununla beynəlxalq mövqeyini daha da möhkəmləndirdi. COP29-un uğurla keçməsi Azərbaycanın müstəqil xarici siyasətinin düzgünlüyünün və beynəlxalq nüfuzunun göstəricisi oldu.

Bakı konfransı ölkənin beynəlxalq siyasətdəki rolunu nümayiş etdirən möhtəşəm təntənə kimi qiymətləndirilə bilər.

Namiq QƏDİMOĞLU
XQ

Ekologiya